Qədim Roma alimi Mark Terensi Varronun “Latın dili haqqında” kitabının I cildi Azərbaycan dilində çapdan çıxıb. Kitabı dilimizə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Qədim dillər və mədəniyyətlər şöbəsinin elmi işçisi Aysel Əhmədova ingiliscədən tərcümə edib.

Qədim Romanın ən görkəmli alimi hesab olunan Varron (e.ə. 116-27), demək olar ki, bütün elm sahələrinə aid əsərlər yazıb: ədəbiyyat, tarix, fəlsəfə, coğrafiya, hüquq, kənd təsərrüfatı və s.

Bildirək ki, “Latın dili haqqında” (“De lingua latina”) adlı əsər 25 kitabdan ibarət olmaqla bu dilin bütün xüsusiyyətlərini əks etdirmək məqsədilə yazılıb. Ancaq əsərdən yalnız 6 kitab (V-X kitablar) dövrümüzə qədər gəlib çatıb. Bu cildə daxil edilən V-VII kitablar latın dilindəki sözlərin etimologiyasına həsr olunub. Müəllifin fikrincə, bu sözlərin böyük hissəsi latın kökənli olsa da, burada qədim yunan, etrusk və sabin dilindən alınmış çoxlu sözə də rast gəlmək olur. Əsərin ən maraqlı cəhətlərindən biri burada bir çox qədim Roma müəllifinin yaradıcılığından nümunələrin verilməsidir.

Kitab qədim Romada latın dilinə həsr olunmuş əsas əsər olmaqla, bu dilin öyrənilməsi və araşdırılması üçün mühüm qaynaqdır. Əsər qədim Roma tarixi, mədəniyyəti, dini, etnoqrafiyası və ədəbiyyatı barədə məlumatlarla da zəngindir.

S.QALİBOĞLU