Azərbaycanının qədim şeir, sənət beşiyi olan Qarabağ bölgəsi ədib və mütəfəkkirləri, mədəniyyət, musiqi xadimləri ilə tanınıb. XVIII əsrin ikinci yarısında bu bölgədə ədəbi mühitin inkişafına töhfələr bəxş edən istedadlı şairlərdən biri də Baba bəy Şakir olub.
Baba bəy Məhəmmədəli bəy oğlu Şakir Qarqar çayının sahilində, qədim Mehriban kəndində dünyaya göz açıb. Araşdırmalarda, xüsusilə də Mir Möhsün Nəvvabın təzkirələrində, Firidun bəy Köçərlinin əsərlərində o, “Mehribanlı Baba bəy” kimi təqdim edilir. Dövrünün tanınmış şairinin şəxsiyyəti və yaradıcılığı ilə bağlı məlumat olduqca azdır. Mənbələrdə onun təvəllüd tarixi fərqli şəkildə göstərilib. Bəzi mənbələrdə onun 1780-ci ildə dünyaya göz açdığı bildirilir. Akademik Feyzulla Qasımzadə şairin 1769-cu ildə anadan olduğunu qeyd edir. Rus tədqiqatçıları isə onun təvəllüd tarixini qeyri-müəyyən tarixlə yazıblar. F.Köçərli də onu müasirləri ilə müqayisə edərək 1772-ci ildə anadan olduğunu göstərib. Şairin mənşəcə Pənah xanın nəslindən – Sarıcalılardan olduğu bildirilir. Baba bəy Pənahəli xanın böyük qardaşı Fəzləli bəyin nəvəsidir. O özü şeirlərinin birində şəcərəsi ilə bağlı belə yazıb:
Mən özüm övladi Pənah aliyəm,
Keçən qəziyyədən yeksər haliyəm.
Tamam aləm bilir Sarıcalıyam,
Mən türkəm, nə kürdəm, nə ləzgi, nə tat.
Baba bəy Şakir xan nəslinə mənsub olmasına baxmayaraq, çox çətin güzəran keçirib. Ancaq taleyindən heç vaxt şikayət etməyib. Yalnız Mehdiqulu xandan incikliyini dilə gətirib. Dostu və yaxın qohumu, şair Qasım bəy Zakirə yazdığı bir mənzum məktubunda bu münasibətlə deyib:
Külli - Qarabağa olub mehriban
Götürdükcə dövlət elədi ehsan.
Bizlərə düşəndə xani-alişan,
İşıqlı dünyanı elədi zülmət.
Qasım bəy Zakir həmişə Baba bəyi özünə müəllim hesab edib. Poetik ləqəbini də Baba bəy Şakirin təxəllüsünə uyğun götürüb. Onun istedadının səsi-sorağı Qarabağın hüdudlarını aşaraq İrəvandan, Ordubaddan, Gəncədən eşidilib. Görkəmli tədqiqatçı alim Salman Mümtaz araşdırmasında yazır: “Baba bəy Şakir o vaxtkı ədəbiyyatımızı gözəlləşdirən, məzlumların imdadına çatan cəsur bir şair olub”. Tədqiqatçı daha sonra qeyd edir ki, XIX əsr Azərbaycan satirik şeirinin geniş intişar tapmasında Baba bəyin böyük xidmətləri olub. O, poeziyanın ictimai mübarizə silahına çevrilməsində çox zəhmətlər çəkib. Şairin yaradıcılığında “Ay mədəd” və “Yetmədi” rədifli qoşmaları, “Gəlməz” gəraylısı diqqət çəkir.
Mürği-ruhum təndə durmaz, dövr edər,
Yenə canan düşdü yada, ay mədəd!
Qərib ölkə, baş yastıqda, göz yolda,
Kimim var ki, yetə dada, ay mədəd!
Araşdırmalarda göstərilir ki, Qasım bəy Zakir Baba bəy Şakirin “Ay mədəd” qoşmasından çox təsirlənib. Çünki şairin yaradıcılığında həcv və tənqid xüsusi yer tutur. Onun bu janra xüsusi diqqət yetirməsi ilə bağlı F.Köçərli yazır: “Şair müasirlərinin əxlaqını həcv və tənqidlə düzəltmək istəyib”. Ədəbiyyatşünas ona da təəssüflənib ki, Baba bəy Şakir incə ruhlu, istedadlı şair olsa da, ömrünü əsasən həcvlər yazmağa həsr edib. Şair saatlarla bədahətən qoşma, gəraylı söyləyib. O, dövrünün haqsızlıqlarını, yadellilərin doğma vətəndə at oynatmasını qəbul etməyib. Şair dostu Qasım bəy Zakirə yazdığı bir məktubunda bu barədə deyir:
Vilayətdə urus olub ixtiyar,
Eyləyib bir bina yoxdu görən kar.
Tamam işlər olub cahilə bazar,
Heyf bu vilayət, heyhatü heyhat!
Baba bəy çox qürurlu və üsyankar şair kimi tanınıb, dövrün ictimai haqsızlıqları ilə barışmayıb. Xüsusilə rus istilasından sonra Qarabağın dağıntılara məruz qalması Baba bəyi çox pərişan edib. Xalqın minillik adət-ənənələrinə qarşı yürüdülən siyasətə qarşı çıxan müəllif əsərlərində işğala olan nifrətini, qəzəbini gizlətmir. Şair divanbəyinə ünvanladığı məktubda yazır:
...Ya bizləri tamam tutsun naçalnik,
Ya eləsin dərdə çarə, ərz elə...
Nə oğru, nə xain, nə hiyləgərik,
Habelə vətənin tərkin edərik.
Elliklə baş götürüb gedərik,
Hər birimiz bir diyara, ərz elə.
Baba bəy Şakirin əksər şeirlərində dövrün eybəcərlikləri çox aydın şəkildə ifadə olunub. Şair baş verən hadisələrə diqqətlə yanaşaraq problemin səbəblərini aydınlaşdırmağa çalışıb. Müəllif qeyd edir ki, “quberniya bina olandan bəri” Qarabağ əhalisinin başına çox bəlalar gəldi. Çox qəribə zamandır, haqqını tələb edə, həqiqəti bildirə bilmirsən. Çünki “olmaz urusluqda eyləmək isbat”. Haqqın tapdalandığı bir zamanda isə fəryadın həddi bilinməz. İnsanların min bir zəhmət hesabına əldə etdiyi mal-mülkün müstəmləkəçilər tərəfindən yağmalanmasını şair belə təsvir edir:
Var idi on atım, iyirmi malım,
Qərəz, bir tövr ilə keçirdi halım.
Yığıb bir hal ilə apardı zalım,
Qapımız sovrulmuş xırmana dönüb.
Baba bəy Şakir lirik şeirlər də qələmə alıb, məhəbbətin və həsrətin dil açdığı poetik lövhələr yaradıb:
Nə müddətdi o biilqar
Mənimlə göz-gözə gəlməz.
Boş, bihudə sözdən ötrü
Yar yarınnan sözə gəlməz.
Mənbələrdə o da göstərilir ki, Baba bəyin qoşma və gəraylıları dillərdə dolaşaraq insanların ruhunu oxşayıb.
Dövrün haqsızlıqlarına qələmi ilə güzgü tutan Baba bəy Şakir 1844-cü ildə vəfat edib.
Şairin şeirləri ilk dəfə Salman Mümtaz tərəfindən toplanıb, ərəb əlifbası ilə nəşr olunub. Lakin ötən əsrin 20-ci illərinin sonunda ölkəmizdə latın qrafikalı əlifbaya keçilməsi ilə əlaqədar kitab geniş oxucu kütləsinə çatmayıb. Şairin “Seçilmiş əsərlər”i 1985-ci ildə Fərhad Yəhyayevin tərtibatında nəşr edilib.
Savalan FƏRƏCOV