Poebe Katsouris: «Azərbaycanlı turistləri ölkəmizdə görməyi çox istərdik»
Bugünlərdə Bakıda keçirilən Ümumdünya Turizm Təşkilatının Avropa üzrə Komissiyasının 49-cu iclasında iştirak etmək məqsədilə Azərbaycana gələn BMÜTT-nin sədri xanım Poebe Katsouris eyni zamanda Kipr Turizm Təşkilatının direktorudur. Məlum olduğu kimi, Kipr Respublikası turizm sahəsindən külli miqdarda gəlir götürən ölkələr sırasındadır. Bu baxımdan xanım Katsourislə görüşüb, Kipr turizminin inkişaf perspektivləri, hazırkı iqtisadi böhranın bu ölkəyə təsirinin azaldılması ilə bağlı görülən tədbirlər haqda suallarımıza cavab aldıq. Söhbət əsnasında eyni zamanda xanım Katsouris Azərbaycan haqqında təəssüratlarını da bizimlə bölüşdü.
- Büdcəsinin böyük faizi turizm sahəsindən əldə edilən gəlir hesabına formalaşan dövlət kimi, böhrandan daha az ziyanla çıxmaq üçün hansı tədbirləri görürsünüz?
- Kipr Aralıq dənizi sahilində kiçik bir adadır. Lakin orada çox böyük turizm potensialı var. Ən böyük turist axını Avropa ölkələrindəndir. Doğrudur, ötən il iqtisadi böhrana və Birləşmiş Krallıqdakı bəzi iqtisadi dəyişikliklərə görə problemlərlə üzləşdik. Bu dəyişikliklərdən xilas olmaq üçün müəyyən qərarlar qəbul etmək məcburiyyətində qaldıq. İlk növbədə müxtəlif ölkələrlə, o cümlədən Almaniya və Birləşmiş Krallıqla əməkdaşlığı genişləndirdik. Həmçinin biz Kiprdə Ukrayna, Rusiya, Azərbaycan, ərəb ölkələri üçün yeni bazarlar açırıq. Bu gün bizim üçün turizm baxımından Skandinaviya ölkələri daha maraqlıdır. Ölkənin turizm bazarını daha rəngarəng etməyə çalışırıq. Bilirsiniz, bu gün böhranın davam etdiyi bir vaxtda uzunmüddətli qərarların qəbul edilməsi çox vacibdir. Bununla sənayeyə, hotellərə və başqa xidmət növlərinə kömək etməyə çalışırıq. Rəqabətə davamlılığı artırmaq, daha yüksək keyfiyyətli və geniş həcmli xidmət təklif etmək lazımdır.
- Ölkədə turizm sahəsinin davamlı inkişafına nail olmaq və çoxlu gəlir əldə etmək üçün hansı layihələrin həyata keçirilməsini nəzərdə tutursunuz? Ümumiyyətlə, ölkənizdə turizmin daha çox hansı sahəsini gəlirli hesab edirsiniz?
- Cənubi Kipr ailə turizmi üçün əsl təyinat yeridir. Kiprin olduqca gözəl iqlimi var, insanları qonaqpərvər və mehribandır. Yüksək keyfiyyətli xidmət və əlverişli hava şəraiti ailələr, xüsusilə də yaşlı insanlar üçün çox sərfəlidir. Biz başqa vasitələri yaratmaq üçün də əlimizdən gələni edirik. Proyektlərimizi zənginləşdirmək üçün daha geniş imkanlara malik istirahət mərkəzləri yaratmışıq. Bu mərkəzləri daha da inkişaf etdirməyə hazırlaşırıq. İki yaxtamız var, daha 4-nü almağa hazırlaşırıq. Aralıq dənizi yaxtaları həm də gənclər və fanatik turistlər üçün də təyinat yeridir, dəbdəbəli, təntənəli. Bundan başqa, mədəniyyətimizi inkişaf etdiririk. Bildiyiniz kimi, Kipr çox qədim sivilizasiyaya malikdir. Mifologiyası çox uzaq tarixə gedib çıxır. Kipr öz gözəlliyi ilə də dünyada məşhurdur. Bizim mədəni köklərimiz var. Zeytun ağacları, üzüm bağları, dinimiz, mədəni irsimiz, yaşıllıqlarımız, meşələrimiz var. Bütün bunlara əsaslanaraq təbiət turizmini də inkişaf etdiririk. Öz növbəsində bu da turizmin müxtəlif istiqamətlərdə inkişafına kömək edir. Bütün bunlar isə turizmin təkcə yayda deyil, ilin bütün fəsillərində inkişafına və ölkəyə turist cəlbinə yardım edir.
- Dünyada baş verən qlobal böhran bir çox ölkələrin iqtisadiyyatını demək olar ki, çökdürdü. Sizdə vəziyyət necədir və daha çox ziyan çəkən hansı sahələr oldu?
- Kipr iqtisadi böhrandan o qədər də əziyyət çəkmir. Hələ ki banklar öz normal fəaliyyətlərini davam etdirirlər, iqtisadi sistem çox möhkəm və davamlıdır. Bizdə bütün işlər pozitiv yolla gedir. Dayanıqlı iqtisadiyyatı olan bütün ölkələrdə bu belədir. Kiprdə əsasən iki sistem ziyan çəkib, tikinti və turizm. Çünki bizim əsas bazarımız turizmdir. Lakin kreditlərin yönəldilməsi ilə bağlı verdiyimiz qərarlarla bu iki gəlirli sahəni xilas etməyə çalışırıq.
- Azərbaycanın turizm potensialı haqqında fikirlərinizi bilmək maraqlı olardı... Ümumiyyətlə, Bakı sizdə hansı təəssüratları yaratdı?
- Mən Bakıdan çox təsirləndim. Zəngin və qədim mədəniyyətə malik şəhərdir. Çox qonaqpərvərsiniz. Bunu Avropadan gələnlər də görür. Bu, mənim Bakıya birinci səfərimdir. Amma sizin tarixi abidələriniz haqqında məndə geniş məlumatlar var idi. Görürəm ki, turistləri cəlb etmək üçün çox işlər görülüb. Yüksək standartlara uyğun hotelləriniz var. Tarixi yerləriniz, ən çox da İçərişəhər haqqında gözəl təəssüratlarım yarandı.
- Azərbaycanla Kipr arasında turizm sahəsində əməkdaşlıqla bağlı birgə layihələrin həyata keçirilməsi gözlənilirmi?
- Turizmin inkişafı baxımından yüksək təcrübə əldə etmişik və bu bilgiləri sizinlə məmnuniyyətlə bölüşməyə hazırıq. Hələlik konkret layihələr hazırlamamışıq. Amma mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə ikitərəfli görüşümüz zamanı da gələcəkdə əməkdaşlıqla bağlı müəyyən layihələrin həyata keçirilməsi barədə söhbətimiz oldu. Azərbaycanlı turistləri ölkəmizdə görməyi çox istərdik.
Fəxriyyə ABDULLAYEVA