Aprelin 7-də Şimali Kipr Türk Cümhuriyyətinin Doğu Akdeniz Universitetinin rektoru, professor-doktor xanım Ufuk Tanerinin başçılığı ilə bir qrup müəllim Azərbaycan Turizm İnstitutuna gəlib. ATİ-nin rektoru Cəfər Cəfərovla görüşən qonaqlar ona təmsil etdikləri universitetin fəaliyyəti, turizm ixtisası üzrə görülən tədbirlər, tələbələrin ixtisaslı kadr kimi yetişməsi üçün həyata keçirdikləri layihələr barədə məlumat veriblər.   

    Azərbaycan Turizm İnstitutundan aldığımız məlumata görə, Doğu Akdeniz Universitetinin rektoru xanım Ufuk Taneri rəhbərlik etdiyi universitet barədə məlumat verərkən bildirib ki, 1979-cu ildən fəaliyyət göstərən universitet 2005-ci ildən TEDQUAL-ın diplomunu alıb.
   Öz növbəsində C.Cəfərov da 2006-cı ildə yaradılan ATİ-nin fəaliyyəti, institutda keçilən ixtisaslar, tətbiq edilən yeni metodlar barədə qonağa geniş məlumat verib. Söhbət əsnasında rektor bildirib ki, institutun tədrisində tətbiq etdiyi bəzi qaydalar Azərbaycanın təhsil sistemində ilk dəfədir həyata keçirilir və effekti də böyük olur. Eyni zamanda rektor bildirib ki, ATİ ölkəmizdə ikili diplom verən ilk institutdur. Burada təhsil alan tələbələr təcrübə mübadiləsi məqsədilə müxtəlif xarici ölkələrə göndərilirlər. Bu ildən daha bir yeni üsul tətbiq edilib. 3-cü kurs tələbələri 22 həftə müddətinə Azərbaycanda fəaliyyət göstərən hotel və istirahət mərkəzlərinə praktikaya göndəriliblər. Bu müddət bitdikdən sonra onlar yığdıqları təcrübəyə müvafiq olaraq imtahan verəcəklər.
   ATİ-nin Təlim Mərkəzinin müdiri Fatoş Özalpay institutda təhsil alan tələbələrin xaricdə təlim keçdiyini, ilk dəfə olaraq, ATİ-də SPA turizmi üzrə işlərin görüldüyünü qeyd edib. Sonda tərəflər qarşılıqlı əməkdaşlıq, birgə konfransların, simpoziumların təşkil edilməsi ilə bağlı Anlaşma Memorandumu imzalayıblar. Sənədə uyğun olaraq ötən il olduğu kimi, bu il də ATİ-nin tələbələri Şimali Kipr universitetinə bir neçə aylıq təcrübəyə göndəriləcəklər.
   Qeyd edək ki, görüş Şimali Kipr Türk Cümhuriyyətinin Azərbaycandakı səfirliyinin təşəbbüsü və Doğu Akdeniz Universitetinin rəhbərliyinin istəyi ilə baş tutub.

   Mehparə