Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi 80 illik yubileyini qeyd etməyə hazırlaşır. Prezident İlham Əliyevin bu münasibətlə imzaladığı sərəncama uyğun olaraq muzeydə 80 illik şərəfli yolun bütün mərhələlərini əks etdirən yubiley sərgisinin hazırlıq işləri başa çatıb.
Bununla bağlı muzeyin direktoru, akademik Rafael Hüseynov bildirib: “Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi xalqımızın 3 min ildən artıq dövrü əhatə edən ədəbiyyatı, mədəniyyəti və tarixi haqqında kompleks bilikləri təqdim edən mədəniyyət ocağı olaraq dünya muzeyləri ailəsində xüsusi yer tutur. Bu gün Nizami muzeyi dünyanın 5 qitəsindəki 200-dən çox muzey və mədəniyyət mərkəzi ilə əlaqələr qurub. 1940-cı illərdə dahi Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 800 illiyi münasibətilə şairin xatirəsinə həsr edilən memorial muzey kimi yaransa da, tədricən bu muzey əhatə dairəsini genişləndirib, Azərbaycan ədəbiyyatının bütün dövrlərini və əksər görkəmli simalarını əks etdirən əsl söz məbədinə çevrilib”.
Direktor qeyd edib ki, 80 illik yol həm də muzeyin fədakar əməkdaşlarının yorulmaz əməyi, səmərəli fəaliyyəti deməkdir: “Yeni hazırlanmış sərgidə məhz həm yaşanmış onillərin ən maraqlı ədəbi-mədəni hadisələri, həm də bu müddət boyunca muzeyin nüfuzunun ildən-ilə artması, şöhrətlənməsi üçün çalışmış əməkdaşların fəaliyyətləri əksini tapıb. Yeni sərgi muzeyin 80 yaşına uyğun olaraq 80 lövhədən ibarətdir. Xüsusi vurğulamaq istərdim ki, indiyədək bu miqyasda və əhatədə sərgi hazırlanmayıb. Qiymətli arxiv materialları, fotosənədlər və illüstrasiyalarla bəzənmiş sərgi muzeyin tərcümeyi-halını ayrıntıları ilə təsvir edən bir salnamə sayıla bilər”.
Muzey pandemiya böhranının yaratdığı məhdudiyyətlərə baxmayaraq şəraitə uyğun işini davam etdirir. Muzeyə istər yerli, istər əcnəbi tamaşaçıların virtual səyahət edə bilməsi üçün 5 dildə ekskursiyaları müntəzəm olaraq internet vasitəsilə izləmək mümkündür. Yeni yubiley sərgisinin də ayrıca elektron versiyası hazırlanıb ki, onu da ədəbiyyat həvəskarları və Nizami muzeyinin etibarlı tamaşaçıları həm muzeyin saytından, həm də “YouTube” kanalından izləyə biləcəklər.