Ali təhsil sahəsində əməkdaşlığı özündə əks etdirən Avropa Birliyinin “Erasmus Mundus” Proqramı çərçivəsində 6 aylıq tədqiqat aparmaq üçün 2009-cu il aprel ayının 1-də Bolqarıstanın Ruse şəhərindəki Angel Kınçev adına universitetə gəldik. Yeri gəlmişkən, Erasmus Mundus “Xarici Əməkdaşlıq Təşəbbüsü” ali təhsil sahəsində Erasmus Mundus, Erasmus, Tempus, Asiya-Link, ALFA, Alban və Edu-link kimi digər təşəbbüsləri tamamlayan yeni əməkdaşlıq və mobillik proqramıdır. Bu proqram tələbə və professor-müəllim heyətinə ünvanlanmış əməkdaşlıq və mobillik proqramı vasitəsilə Avropa İttifaqı və üçüncü ölkələr arasında ali təhsil sahəsində əməkdaşlığın inkişafını sürətləndirmək məqsədilə işlənib hazırlanıb.

   Ruse Universiteti Avropanın bir sıra qabaqcıl ali məktəbləri sırasında bu proqramın tərəfdaşıdır. 1954-cü ildən fəaliyyətə başlayan universitet bu gun Boloniya prosesinə və ümumən Avropa təhsil məkanına tam inteqrasiya olunub. Universitet haqqında sonrakı yazılarımızda ətraflı məlumat verməyi düşünürük. Bu gün isə dəyərli oxucularımıza Ruse şəhəri haqqında məlumat vermək istəyirəm.
   Bolqar dilində qədim adı Ruşuk, türk dilində Ruscuq olan Ruse Bolqarıstanın beşinci böyük şəhəridir. Əhalinin sayı 178 min nəfərdir. Şəhər Dunay çayının sahilində yerləşir və demək olar ki, bu çay da Bolqarıstanın ən böyük limanıdır. Tarixi mənbələrə görə, müasir Rusenin ərazisində 5000 il bundan əvvəl insanlar məskunlaşmağa başlayıblar. Bizim eranın birinci əsrində İmperator Vespasian burada qala və Seksaqinta Prista(60 gəmi) limanı inşa etdirir. Qala Belqraddan (Sinqidum) Dunayın deltasına və Qara dənizə gedən əsas yolun üzərində idi. 250-ci ildə qot tayfaları qalanı dağıtsalar da, əsrin sonunda romalılar onu yenidən bərpa edirlər. Dördüncü əsrdə qala şimaldan gələn barbar tayfaları tərəfindən yenidən dağıdılır. IX-X əsrlərdə bolqarlar qalanı yenidən bərpa edərək onu gənc döyüşçülərin himayədarı şərəfinə Ruse adlandırdılar. XIX-XX illərdə avropalılar şəhəri “Parçalanmış Dunayın Vyanası” adlandırmağa başladılar, çünki şəhər binalarının arxitekturası Qərbi Avropa dövlətlərinin paytaxtlarını xatırladırdı.
   Rusenin coğrafi mövqeyi ölkənin iqtisadi və siyasi həyatında tərəqqiyə səbəb olur və o, Osmanlı imperiyası dövrünün ən inkişaf etmiş şəhərinə çevrilir, beləliklə də Dunayda strateji baza roluna malik olur. Şəhər XV əsrin sonlarında İspaniyadan qovulmuş böyük yəhudi icmasını qəbul edir. Osmanlı İmperiyası Balkanları tərk etdikdən sonra Ruse Bolqarıstanın şimalında sərhədyanı şəhər və liman olaraq qalır. Məhz həmin illərdə şəhərdə çoxlu sayda gözəl binalar inşa edilir ki, onların çoxu bu günə qədər saxlanıb.
   Bu gün təpələrdə yerləşən şəhər, ilk növbədə Bolqarıstanın ən iri liman şəhərlərindən biridir. Dunay çayı üzərindəki nəhəng körpü Rumıniya ilə əlaqəni təmin edir və iki ölkə arasındakı sərhəd bu körpüdən keçir. Rusede yaşayan əhalinin milli tərkibi də çox rəngarəngdir: burada qaraçıların sayı Bolqarıstanın digər şəhərlərinə nisbətən xeyli çoxdur. Rusenin inzibati, tarixi və memarlıq mərkəzi şəhərin Baş meydanı və ümumən canlı, müasir, gözəl memarlıq qurğularına malik şəhər mərkəzi hesab edilir. Eyni zamanda şəhər daxilində çoxlu tarixi abidələr yerləşir.
   Bunların içərisində şəhərin Tarix Muzeyi əzəmətli görkəmi ilə adamı valeh edir. Muzey Bolqar çarı Birinci Aleksandrın sarayı olmuş binada yerləşir. Baş meydanda Azadlıq abidəsi yerləşir. Bu abidə italiyalı memar Arnoldo Tsokinin ən uğurlu işi hesab edilir. Şəhər mərkəzindən şərqdə yerləşən qızılı günbəzli “Panteon” binasında bolqar xalqının əsl qəhrəman hesab etdiyi şəxslərin hamısı: Lyüben Karavelov, Zaxari Stoyanov, Baba Tonka, Angel Kınçev, Stefan Qaraca, Panoyt Xitov dəfn olunublar.
   Gənclər parkında, müqəddəs Boqoroditsı kilsəsindən 50 metr aralıda 1837-ci ildə Sultan Mahmudun şəhərə gəlişi şərəfinə ucaldılmış mərmər sütun, “Çar daşı” heyrət doğurur.
   
   (Davamı var)
 
  
   Bahadur Bilalov,
   ATİ-nin turizm biznesinin təşkili və texnologiyası
   kafedrasının müdiri, tarix elmləri namizədi, dosent