Mədəniyyət Nazirliyi tərəfindən internet məkanda həyata keçirilən “Qarabağ – mədəniyyətimizin beşiyi” layihəsi davam edir.

Layihə çərçivəsində uzun illər işğal altında qalan və bu günlər müzəffər Ordumuzun azad etdiyi torpaqlardakı tarixi abidələrimiz, düşmənin dağıdıb talan etdiyi mədəniyyət ocaqları, memarlıq nümunəsi olan tikililər, ermənilər tərəfindən saxtalaşdırmaya və mənimsənilməyə məruz qalan zəngin mədəni irsimizlə bağlı həqiqətlər sosial şəbəkə səhifələrində, müxtəlif sayt və elektron resurslarda yayılır.

Bu silsilədən daha bir neçə materialı təqdim edirik.

 

Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi (Şuşa)

 

1982-ci ilin yanvar ayında məşhur Azərbaycan şairi və ictimai-siyasi xadimi Molla Pənah Vaqifin Şuşada yerləşən muzey-məqbərə kompleksinin açılışı olmuşdu. Mərasimdə respublikanın rəhbəri, Azərbaycan KP MK-nın Birinci katibi Heydər Əliyev iştirak etmişdi.

Kompleks Şuşa şəhərinin ən səfalı yeri olan Cıdır düzünə yaxın bir ərazidə - dahi şairin məzarı üzərində inşa edilmişdi. Burada M.P.Vaqifin Şuşa həyatını əks etdirən dövrlərə aid olan 80-ə yaxın eksponat da nümayiş etdirilirdi.

1992-ci ilin may ayında Ermənistan silahlı qüvvələri tərəfindən Şuşa şəhərinin işğal edilməsi nəticəsində kompleksin binası və burada sərgilənən onlarla eksponat məhv edilmiş, daşınması mümkün olan eksponatlar isə Ermənistana aparılmışdı.

 

Saatlı məscidi (Şuşa)

 

Şuşa şəhərinin “Saatlı” məhəlləsində yerləşən tarixi məscid 1883-cü ildə memar Kərbəlayı Səfixan Qarabaği tərəfindən inşa edilib.

Məscidin inşa edildiyi yerdə əvvəl böyük Azərbaycan şairi Molla Pənah Vaqifin dərs keçdiyi bir-birinə bitişik mədrəsə və məscid binaları olub.

1992-ci il mayın 8-də Şuşa şəhəri Ermənistan tərəfindən işğal olunduqdan sonra məscid xarabalığa çevrilib, onun zəngin interyeri tamamilə, minarəsi isə qismən dağıdılıb.

 

Hacı Bədəl körpüsü (Qubadlı)

 

Hacı Bədəl körpüsü Qubadlı rayonunun Dəmirçilər kəndində yerləşir. Tağsız körpü XIX əsrdə Hacı Bədəl tərəfindən Ağa çayı üzərində tikilib.

15 kəndin rayon mərkəzi ilə əlaqəsini təmin etmiş bu tarixi abidənin vəziyyəti 1993-cü ilin avqustunda Qubadlı rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalından sonra qeyri-müəyyən olaraq qalıb.  

 

Həmzə Soltan sarayı (Laçın)

 

Həmzə Soltan sarayı Laçın rayonunun Hüsülü kəndində yerləşir. 1761-ci ildə tikilməsi ehtimal edilən sarayın inşasında Şərq memarlıq ənənələrindən geniş istifadə edilib.

Laçın rayonunun 1992-ci ilin mayında Ermənistan silahlı qüvvələri tərəfindən işğalından sonra kəndin adı dəyişdirilib, Həmzə Sultan sarayı isə işğalçılar tərəfindən qonaq evi kimi istifadə olunub.

 

Gəncəsər monastır kompleksi (Kəlbəcər)

 

Elmi ədəbiyyatda Xəznədağ məbədi adı ilə tanınan Gəncəsər monastır kompleksinin əsas tikililəri XIII əsrdə inşa edilib. Keçmiş Ağdərə rayonunun (indiki Kəlbəcər rayonu ərazisi) Vəngli kəndində, Xaçınçayın sol sahilində yerləşən xristian alban monastırıdır. Orta əsrlərdə monastır Alban kilsəsinin mərkəzi iqamətgahı olub.

1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən Kəlbəcər rayonu işğal edildikdən sonra Gəncəsər monastırı “Qanzasar” erməni monastır kompleksi kimi dünyaya təqdim edilib.