Bu gün bütün dünya dövlətləri Azərbaycanın ərazi bütövlüyünü tanıyır, münaqişənin beynəlxalq hüquq çərçivəsində, baza prinsipləri əsasında həllini dəstəkləyir. Gəncədə yaşayış massivini raket atəşinə tutması ilə Ermənistan özü haqqında yaratdığı mifi elə özü dağıtdı.
Gəncə hadisələri münaqişənin əsl mahiyyəti və tərəflər barədə aydın mesaj oldu. Bu hadisələr mətbuat sahəsində də qərəzliliyə son qoydu. Gəncədə mülki yaşayış binalarının raket atəşinə tutulması, dinc insanların, uşaqların qətlə yetirilməsi Ermənistan rəhbərliyinin tutduğu mövqeni açıq-aydın əks etdirir.
Bu fikirləri Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində fransız jurnalistlər üçün təşkil edilmiş mətbuat konfransında ölkəmizin Fransadakı səfiri Rəhman Mustafayev deyib.
Səfir bildirib ki, oktyabrın 17-də Ermənistanın növbəti dəfə Gəncənin yaşayış massivini raketlə atəşə tutması qarşı tərəfin münaqişənin danışıqlar yolu ilə həllində maraqlı olmadığını sübut edir. Diplomat 4 həftədir davam edən müharibə, düşmənin mülki əhali və infrastrukturu hədəfə alması, dinc əhali arasında itkilər, döyüş meydanlarındakı vəziyyətlə bağlı ətraflı məlumat verib, Azərbaycanın öz torpaqlarını azad etdiyini bildirib.
Dağlıq Qarabağ ermənilərinin təhlükəsizliyinə gəldikdə isə bildirilib ki, bu gün Azərbaycanın böyük şəhərlərində 30 minə yaxın erməni 27 ildir dinc şəraitdə yaşayır. Azərbaycan multikultural və çoxkonfessiyalı ölkədir. Ölkədə irqindən, dinindən asılı olmayaraq, bütün etnik qruplar birgə mehriban yaşayırlar.