Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, AMEA Hüquq və İnsan Haqları İnstitutu və UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının birgə əməkdaşlığı çərçivəsində “Azərbaycanın işğal olunmuş ərazilərindəki tarix və mədəniyyət abidələrinə vurulan zərər” adlı layihə çərçivəsində eyniadlı kitab və fotoşəkillərdən ibarət kataloq işıq üzü görüb.
Kitabda Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, Dağlıq Qarabağ və ətrafındakı yeddi rayonun işğalı nəticəsində məhv edilən abidələrin taleyi ilə bağlı faktlar, Azərbaycana dəymiş maddi və mənəvi zərərin həcmi barədə məlumatlar yer alıb. Kataloqda isə Qarabağ və ətrafındakı ərazilərdə vandalizmə məruz qalmış milli mədəni abidələrin dağıntıdan öncəki və sonrakı fotoşəkilləri öz əksini tapıb.
Tədqiqatçı alim Faiq İsmayılovun müəllifi olduğu nəşrlərə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva və AMEA Hüquq və İnsan Haqları İnstitutunun direktoru, hüquq üzrə elmlər doktoru Aytən Mustafazadə ön söz yazıb.
Layihə bu gün Cənubi Qafqazda təhlükəsizliyə və sabitliyə ciddi mane olan erməni təcavüzkarlığını, Dağlıq Qarabağ münaqişəsi zəminində baş verən vandalizm siyasətini oxuculara çatdırmaq və dünya birliyinin bu problemə münasibətdə ədalətli mövqe tutması məqsədi daşıyır. Nəşrlərdə yer alan tarixi faktlar Azərbaycan, rus, ingilis və fransız dillərində oxucuya təqdim olunur.