Azərbaycan təsviri sənətində, dəzgah heykəltəraşlığında Əməkdar incəsənət xadimi Həyat Abdullayevanın məxsusi imzası var. Heykəl portretlərin, monumentlərin və kiçik formalı plastik əsərlərin müəllifi kimi tanınan sənətkar geniş təxəyyülü və texniki ustalığı sayəsində bədii ideyanın gerçəkliyini dolğun şəkildə verməyə nail olub.

Həyat Həmdulla qızı Abdullayeva 14 oktyabr 1912-ci ildə Dərbənd şəhərində dünyaya göz açıb. Erkən çağlardan təsviri sənətə maraq göstərib. İstedadını görən Bakı şəhərində balıq sənayeçisi kimi tanınan atası onun təlim-tərbiyəsi ilə ciddi məşğul olur. Ancaq ruzigarın acı yelləri vaxtsız əsir. Həyat çox gənc ikən ailəyə bədbəxtlik üz verir. Atası Stalin repressiyasına məruz qalır və güllələnir. Özü isə 1930-cu ildə anası ilə birlikdə Qazaxıstana sürgün olunur.

Həyat Abdullayeva vətəndən çox-çox uzaqlarda köməksiz-arxasız, məhrumiyyətlərlə dolu bir gənclik yaşasa da, ruhdan düşmür. Öz üzərində davamlı olaraq çalışır. Arzularının arxasınca 1942-ci ildə Leninqrada (indiki Sankt-Peterburq) gedir. İ.Repin adına Rəssamlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutuna qəbul olunur. Hələ tələbə ikən “Tutu xanım”, “Həsən bəy Zərdabi” adlı əsərlərini yaradır. Təhsilini uğurla başa vurur, dəzgah heykəltəraşlığı sahəsində ilk alitəhsilli azərbaycanlı qadın kimi Bakıya gəlir. Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda işə düzəlir. Bu sənət məbədində neçə-neçə gəncin sənətin sirlərinə yiyələnməsinə vəsilə olur.

Yaradıcılığını davam etdirən Həyat Abdullayeva Bakıya döndükdən sonra ərsəyə gətirdiyi ilk işi “Gənc oğlan” portreti olur. İstedadlı sənətkar 1950-ci ildən “Ana”, “Yeddi gözəl” heykəlcikləri, “Həcər”, “Gənclik”, “Layla” heykəl-kompozisiyaları, “Molla Pənah Vaqifin abidəsi”, “İki qız”, “Vəcihə Səmədovanın portreti”, “Sənsiz”, “Şah İsmayıl”, “Natəvan” və s. yaddaqalan əsərlər yaradır. Onun naturadan işlədiyi ilk əsəri “Layla” kompozisiyasıdır. Sənətsevərlər tərəfindən maraqla qarşılanan bu əsərdə  körpəsinə ayaqları üstündə layla çalan gənc qadın-ana təsvir olunub. Yüksək sənətkarlığı ilə seçilən bu əsər təsviri sənətimizin “qızıl fond”una daxil edilib.

Sənətkarın tətbiqi sənət sahəsində bir-birindən maraqlı və baxımlı işləri arasında  dahi şair və mütəfəkkir Nizami Gəncəvinin “Yeddi gözəl” poemasının motivləri əsasında yaratdığı kiçik kompozisiyalı heykəllər silsiləsi xüsusi yer tutur. Bu işlər müəllifin qadın portretində rəngarəngliyə, psixoloji tamlığa cəhdini göstərir. Əsərlərdə xalqın xarakteri, geyimi, düşüncə tərzi rəngarəng çalarlarla verilib.

Həyat Abdullayevanın yaradıcılığında uşaq dünyasının ayrıca yeri var. Onun uşaqlara həsr etdiyi məzmunlu kompozisiyaları diqqətçəkəndir. Müəllif bu kompozisiyalar vasitəsilə tamaşaçılarda uşaq mənəviyyatının təsvirinə və xarakteristikasına dərin maraq yaratmağa nail olub.

Tişə ustasının yaratdığı uğurlu əsərləri arasında vaxtilə Azərbaycanın muğam-sənət beşiyi Şuşada ucaldılan, qədim şəhərimizin işğalından sonra Bakıya gətirilən və hazırda Azərbaycan Milli İncəsənət Muzeyinin həyətində nümayiş olunan Xurşudbanu Natəvanın tuncdan hazırlanmış büstüdür. Rus-sovet ədəbiyyatının görkəmli nümayəndəsi Maksim Qorkinin hazırda M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının fasadında yer alan heykəli də Həyat Abdullayevanın diqqətəlayiq əl işlərindəndir.

Sənətkarın Azərbaycan təsviri sənətinin inkişafına verdiyi töhfələr yüksək qiymətləndirilib, 1964-cü ildə “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb. Əsərləri bu gün də maraqla qarşılanın heykəltəraş 21 aprel 2006-cı ildə Bakıda vəfat edib.

Həyat Abdullayevanın anadan olmasının 100 illiyi münasibətilə Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə rejissor Yavər Rzayev tərəfindən “Azanfilm” studiyasında “Gözümün işığı və ya qəribə heykəltəraş ömrü” sənədli filmi çəkilib.

Savalan FƏRƏCOV