Aydın İsmiyev: «Bu, Azərbaycan turizminə olan marağın nəticəsidir»
   
   
   Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər və 3-cü Qafqaz Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar sərgilərinin açılışına həsr edilmiş mətbuat konfransı keçirildi. Tədbiri giriş sözü ilə sərginin təşkilatçısı «İteca Caspian» şirkətinin reklam üzrə meneceri Mehriban Baxşıyeva açaraq sözü Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Turizm Şöbəsinin müdiri Aydın İsmiyevə verdi.    

   AİTF Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisinin 2001-ci ildən fəaliyyət göstərdiyini deyən idarə rəhbəri bildirdi ki, ildən-ilə sərginin iştirakçıları da, əhatə dairəsi də artır: «Aldığımız məlumata görə, bu il sərgidə iştirak edən lövhələrin sayı 35 faiz artıb. Hazırkı iqtisadi böhran şəraitində belə yüksək səviyyəli sərginin təşkili Azərbaycan üçün uğur deməkdir».
   Sərginin iştirakçıları haqqında danışan A.İsmiyevin dediyinə görə, 2009-cu ildə Bakı İslam mədəniyyətinin paytaxtı olduğu üçün budəfəki sərgidə İslam Konfransı Təşkilatına üzv ölkələr də iştirak edir: «İndoneziya, İordaniya, İran İslam Respublikası, İraqdan nümayəndələr gəlib. Müxtəlif ölkələrdən, o cümlədən Mərakeş və Almaniyadan turoperatorlardan və kütləvi informasiya vasitələrindən ibarət nümayəndə heyəti Azərbaycanda bir həftəyə yaxın səfərdə olacaq, ölkəmizin turizm potensialı ilə tanış olacaq, yerli turizm şirkətləri ilə görüşlər keçirəcəklər. Almaniya Bundestaqının senatoru və turizm üzrə komissarı, İraqın turizm naziri artıq Bakıdadır». Sərgi çərçivəsində bir sıra təqdimatların da olacağını deyən A.İsmiyev maraqlı bir məlumatı da mətbuat nümayəndələrinin nəzərinə çatdırdı ki, bugünlərdə Finlandiyada istifadəyə verilən qış kurortunun təqdimatı da adısəkilən sərginin davam etdiyi günlərdə keçiriləcək.
   İdarə rəhbəri bütün bunları Azərbaycanda yeni inkişaf etməkdə olan turizm sahəsinin uğurları adlandırdı.
   Budəfəki sərgidə regionlardakı turizm potensialımız da nümayiş etdiriləcək. Nabran, Qəbələ, Quba, Xaçmaz, Abşeron yarımadasında yerləşən hotellər və yerli turizm şirkətləri sərginin iştirakçıları sırasındadır.
   «İteca Caspian» şirkətinin direktoru Fərid Məmmədov bildirdi ki, builki sərginin 35 faiz iştirakçısı yeni şirkətlərdir: «Çox maraqlıdır ki, iqtisadi böhranla əlaqədar bütün beynəlxalq sərgilərdə iştirakçı baxımından azalma müşahidə olunsa da bizdə tam əksinədir. Ötən illə müqayisədə 30 faiz artım var. Bu da onun göstəricisidir ki, beynəlxalq turizm şirkətlərinin Azərbaycana marağı artır».

   Fəxriyyə ABDULLAYEVA