Azərbaycanın qədim sənət beşiyi olan Qarabağ bölgəsi, xüsusilə onun mirvarisi sayılan Şuşa şəhəri milli mədəniyyətimizin inkişafına töhfələr bəxş edən məşhur simalar yetirib. Azərbaycanın ilk sənətşünas və etnoqraflarından hesab edilən, teatr təşkilatçısı, aktyor, rejissor, tərcüməçi, Əməkdar artist Cəlil bəy Bağdadbəyov da mədəniyyət salnaməmizdə iz qoyanlardan biridir.
Cəlil bəy Bayram bəy oğlu Bağdadbəyov 1887-ci ildə Şuşa şəhərində dünyaya göz açıb. Şəhərin zəngin mədəni mühiti onun dünyagörüşünə böyük təsir göstərib. O, xatirələrin də yazır: “Uşaq ikən bu yerlərdə gördüyüm əyləncələr, tamaşalar, ümumiyyətlə, ictimai yığıncaqlar yaxşı yadımdadır. Şəhərin görkəmli xanəndə və aşıqları Hacı Hüsü, Məşədi İsi, Çarıqçı Bahadır, Çəkməçi Məhəmməd, Keçəçi Məhəmməd, Qaryağdıoğlu Cabbarın keçirdiyi el şənlikləri hələ də gözümün önündədir...”.
Cəlil bəy ibtidai təhsilini Şuşada alır. Sonra Sankt-Peterburqda gimnaziyada oxuyur. Təhsilini başa vurub Azərbaycana qayıdır. Bakıda Teatr Texnikumuna daxil olur. Bir müddət sonra teatr təhsilini Moskvada davam etdirir. Burada Y.Vaxtanqovun tələbəsi olur, tanınmış teatrşünas K.Stanislavskinin bu sahədəki təcrübə və biliklərindən faydalanır. Bu arada ərəb, fars, fransız, habelə bəzi Orta Asiya xalqlarının dillərini də öyrənir.
Cəlil bəy Bağdadbəyov rejissor fəaliyyətinə 1920-ci ildə Bibiheybət və Balaxanı teatr klublarında başlayıb. Eyni zamanda Ağdaş, Lənkəran, Şəki, Şuşa teatrlarında quruluşçu rejissor kimi fəaliyyət göstərib.
Azərbaycan hökuməti Orta Asiya xalqlarının mədəni inkişafına yardım etmək, istedadlı gəncləri üzə çıxarmaq məqsədilə respublikanın görkəmli sənətkarlarından bir qrupunu Orta Asiyaya göndərir. Cəlil bəy 1929-cu ildə Türkmənistana gedir, Aşqabaddakı Musiqi Texnikumunda dram kurslarına rəhbərlik edir. Eyni zamanda türkmən dram truppasını yaradır. Aşqabad teatrı üçün “Aulda radio” pyesini yazır. Azərbaycan dramaturqlarının əsərlərini də türkmən dilinə ilk dəfə Cəlil bəy tərcümə edir. Aşqabad teatrının inkişaf edərək sonradan Dövlət Opera və Dram Teatrına çevrilməsində Azərbaycandan digər ziyalılar ilə yanaşı Cəlil bəy Bağdadbəyovun da xidmətləri olub. O, bu illər ərzində çox gərgin və məhsuldar işləyir, yeni tamaşalar hazırlayır, pyeslər yazırdı. Onun Düşənbə, Səmərqənd, Daşkənd, Kokand, Aşqabad və başqa şəhərlərin teatrlarında “Buxaranın əmiri”, “Parlayan ulduzlar” və s. pyesləri əsasında maraqlı tamaşalar hazırlanır.
Cəlil bəyin qızı Züleyxa Bağdadbəyova xatirələrində yazır: “Evimiz həmişə qonaq-qaralı olurdu. Orta Asiyanın sənət adamları, artistlər, rəssamlar tez-tez bizə gələrdi. Böyük masa arxasında əyləşər, çay içə-içə teatr və sənət haqqında söhbət edərdilər. Belə şən və mənalı keçən günlərin birində qapı döyüldü. Atam qapını açdı. Otağa dəri pencəkli və papaqlı adamlar soxuldular. Onlar atama nə isə deyib evdə axtarışa başladılar. Qısa zamanda döşəmə kitab, kağız və digər əşyalarla doldu... Çağırılmamış qonaqlar evi ələk-vələk etdikdən sonra kitab və kağızları, hətta fotoalbomu da kisələrə yığdılar. Onlar atamı apardılar...”.
Bu məhrumiyyət və əziyyətlər uzun sürür. Çox sonra məlum olur ki, Cəlil bəylə Orta Asiyaya ezam edilən Qaraqaşlı İranla sərhədi keçməyə cəhd göstərən zaman həbs olunub. İstintaq zamanı ona sual verilib ki, sənin bu istəyin haqqında xəbəri olan varmı? O da bir neçə yoldaşının və Bağdadbəyovun adını çəkib. Cəlil bəy də ona görə həbs olunub. Uzun sürən sürgün həyatı, nəhayət, başa çatır. Ona Daşkənddə qalıb işləmək təklif olunur. O isə Bakıya getmək istədiyini bildirir.
Vətənə qayıdan Cəlil bəy Bağdadbəyov Dövlət Teatr Texnikumunda müəllim kimi fəaliyyətə başlayır. Türkmənistan və Tacikistan teatrlarının bünövrəsini qoyan sənətkar doğma respublikada da rejissor, teatr təşkilatçısı, bədii rəhbər kimi xidmətlər göstərir. Quruluşçu rejissor olaraq müxtəlif teatrlarda çalışır. Bir müddət Respublika Konsert Birliyinə rəhbərlik edir. Azərbaycan mədəniyyətinin inkişafında göstərdiyi xidmətlərə görə “Əməkdar artist” fəxri adına layiq görülür.
Cəlil bəy Bağdadbəyov eyni zamanda tarixçi-yazar, folklorşünas kimi də tanınıb. Şuşada Cıdır yarışlarından, məhərrəmlik və şəbih tamaşalarından bəhs edən məqalələr, Qarabağı dolaşan dərviş, seyid və məşhur şəxsiyyətlər haqqında dolğun yazılar yazıb, nağıl, dastan və rəvayətləri qələmə alıb. Tanınmış mədəniyyət xadimi 21 aprel 1951-ci ildə vəfat edib.
Xalq yazıçısı Elçin görkəmli sənətkarın keşməkeşli taleyindən bəhs edərkən yazıb: “Düzdür, Cəlil bəy Bağdadbəyovu güllələmədilər, amma o da yüzlərlə həmin parlaq təhsilli, istedadlı, yazmaq, yaratmaq, eşqi və qabiliyyəti ilə yaşayan ziyalılardan biri idi ki, bütün ömrü boyu təqiblərə, sürgünlərə məruz qaldı. Uzun illər boyu hər gününü güllələnmək qorxusu ilə yola saldı və sonunda da onu əcəl aparmadı, onu cəllad da güllələmədi, onu - Sistem öldürdü. Burası da çox ağrılı-acılıdır ki, Sistem onu yalnız öldürməklə, məhv etməklə kifayətlənmədi onun irsini də itə-bata saldı və yazdıqlarından çox az miras qorunub qaldı”.
Savalan FƏRƏCOV