Şirkət rəhbərlərinin quruma ümidləri böyükdür
  
   Turizm sahəsində inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, Ümumdünya Turizm Təşkilatının apardığı təhlillərin nəticəsinə uyğun ölkənin turizm bazarının inkişafı, turizm məhsullarının müxtəlifliyi, həmçinin ölkənin turizm bazarının dünya turizm bazarına inteqrasiyası, rəqabətə davamlı turizm bazarının yaradılması və bu sahə üzrə mövcud potensialın təbliği prosesində turist şirkətlərinin rolu əvəzedilməzdir.
  
   Yüksək turizm potensialına malik olan və adıçəkilən sahənin inkişafında yeni-yeni uğurlar atan Azərbaycanda artıq 250-yə qədər turist şirkəti lisenziya ilə fəaliyyət göstərir. Bu səbəbdən də ötən ilin dekabrında 160-a yaxın turist şirkəti toplantı keçirərək fəaliyyətlərinin inkişaf etdirilməsi, onların işində mövcud olan problemlərin aradan qaldırılması və mənafelərinin qorunması, vahid şəkildə yerli və beynəlxalq tədbirlərdə iştirak etmək məqsədilə vahid bir qurumun - Azərbaycan Turizm Şirkətləri Assosiasiyasının (ASTA) yaradılması haqqında yekdil qərara gəldilər. Həmin tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də belə bir qurumun yaradılmasına ehtiyac duyulduğunu bildirmişdi. Bununla belə, nazir assosiasiyanın təsis edilməsinə hər bir turizm şirkətinin müstəqil münasibət bildirməsini istəmiş və tövsiyə etmişdi ki, şirkətlərin özləri qurumun hansı formada yaradılacağı və fəaliyyətini necə quracağı ilə bağlı razılığa gəlsinlər.
   Həmin vaxt bir nəfər Turizm-İnformasiya Mərkəzinin, bir nəfər Azərbaycan Turizm İnstitutunun və bir nəfər də turizm şirkətlərindən birinin nümayəndəsindən ibarət təşəbbüs qrupu yaradılmış və onlara 2-3 ay müddətində qurumun necə yaradılması, hansı istiqamətdə fəaliyyət göstərməsi ilə bağlı təklifləri ümumiləşdirib paket halında təqdim etmək tapşırılmışdı.
   Bir neçə gün əvvəl qurum yaradıldı və İdarə Heyəti seçildi. Maraqlıdır, turizm şirkətlərinin ASTA-nın təsis edilməsinə münasibəti necədir və ümumiyyətlə, onlar bu qurumdan nə gözləyirlər?  

   Turizm şirkətləri qurumdan çox şey gözləyir
  
   «R&R Travel» turizm şirkətinin rəhbəri Ruslan Əhmədov bildirdi ki, bu vaxta qədər turizm şirkətlərinin fəaliyyətində bir pərakəndəlik vardı: «Həmçinin Azərbaycan turizmində həll edilməsi vacib olan bir çox problemlər də var ki, onlar da turizm şirkətlərinin vahid bir qurumda birləşməsini diqtə edirdi. Düzdür, yeni yaradılan bir təşkilat kimi, Azərbaycan Turizm Şirkətləri Assosiasiyasının bu problemlərin həllinə təsiri az olsa da, düşünürəm ki, ümumi yığıncaqlarda birgə verilən qərarlarla nəyəsə nail olmaq olar».
   «Bakı-Tur» turist şirkətinin rəhbəri Fayis Məmmədovun məsələyə münasibəti çox maraqlıdır: «Azərbaycan Turizm Şirkətləri Assosiasiyası ictimai qurum olub, eyni sahədə çalışan şirkətləri birləşdirir. Belə bir qurum hələ 90-cı illərin əvvəllərində yaradılmışdı. Çox təəssüf ki, bir çox problemlərin yaranması, eyni zamanda turizm şirkətlərinə hər hansı bir çətinliyini həll etməkdə kömək göstərə bilməməsi səbəbindən həmin qurum fəaliyyətini dayandırdı. Dünyanın bütün ölkələrində turizm şirkətlərini birləşdirən assosiasiyalar mövcuddur və onlar həmin olkələrin müvafiq şirkətlərinin problemlərini dövlət qarşısında qaldırmaqla müəyyən qədər həllinə nail olurlar. Bundan əlavə, bu qurumlar müxtəlif ölkələrin eyniadlı şirkətləri ilə əməkdaşlıq, ölkənin turizm şirkətlərinin beynəlxalq sərgilərdə iştirakı və s. kimi məsələlərdə də öz üzvlərinə yardım edir. Sözsüz ki, Azərbaycanda da bu boşluq görünürdü. Bu səbəbdən də biz toplaşıb Azərbaycan Turizm Şirkətləri Assosiasiyasının (ASTA) təsis edilməsi ilə bağlı qərar verdik».
   F.Məmmədov bildirdi ki, yeni yaradılan qurum kimi ASTA-ya dəstək lazımdır ki, sonra da qurumun üzvləri ondan nəsə uma bilsinlər: «Biz assosiasiyanın idarə heyətinin sədrini və üzvlərini seçdik. Amma toplantıda belə bir məsələ də qoyuldu ki, əgər qurum öz sözünü deyə bilməsə, ilkin mərhələdə üzvlərinin sayı azaldılacaq. Sözsüz ki, ASTA tək heç nəyə nail ola bilməz. Çünki burada kollektiv idarəçilik sistemidir. Qurumun qabağa getməsində yerli təşkilatların da böyük rolu var. Üstəlik, assosiasiyanın normal fəaliyyət göstərməsi üçün onun maliyyə mənbəyi olmalıdır. Bu da quruma üzv olan şirkətlərin ödədiyi üzvlük haqqından asılıdır. Biz bu məsələdə də razılığa gəldik».
   Şirkət rəhbəri assosiasiya ilə bağlı böyük ümidlərinin olduğunu da dedi: «İstərdik bu qurum uzunömürlü olsun, əvvəlki assosiasiya kimi zəif fəaliyyət göstərməsin. Assosiasiya turizm şirkətlərinin problemlərinin həllinə çalışmalı, turizmə aid olan qanunların dəyişdirilməsində öz töhfəsini verməlidir. Hesab edirəm ki, ASTA qarşıya qoyulan məsələlərin həllinə nail olacaq və tezliklə bizim də maraqlarımıza cavab verən bir quruma çevriləcək».
  
   ASTA üzvlərinin problemlərinin həllinə çalışacaq
  
   ASTA-nın İdarə Heyətinin sədri, “Xəzər Travel” turizm şirkətinin rəhbəri Nahid Bağırovun dediyinə görə, qurumun yaranmasının turizm şirkətləri tərəfindən belə maraqla qarşılanacağını gözləmirmiş: «Təbii ki, burada onların da öz maraqları var. Bu mənada ki, müəyyən problemlərini assosiasiyanın köməkliyi ilə həll edəcəklər. Bu qurum bir növ onların danışan dili olacaq. Əslində bu elə belə də olmalıdır. Yarandığımız bir həftə müddətində artıq 30-dan çox şirkət bizə üzv olmaq üçün müraciət edib. Bunların içərisində «İmprotex Travel», «Paşa Travel», «Caspian Travel» kimi turizm bazarında öz sözünü deyən şirkətlər də var».
   İnkişaf etmiş xarici ölkələrdə oxşar qurumlar mövcuddur və onlar bütün dünyada tanınır. Bəs ASTA rəhbərliyi onların təcrübəsindən yararlanmaq istəyirmi? N.Bağırov artıq bu məqsədlə bir müddət Türkiyənin müvafiq təşkilatında olduğunu bildirdi : «Təbii ki, yeni olduğumuz üçün xarici ölkələrin təcrübəsinə mütləq istinad etməliyik. Türkiyədə Türkiyə Səyahət Agentlikləri Birliyi (TÜRKSAB) adlı bir qurum var. O təşkilatın üzvü olmayan hər hansı bir turizm firması bu sahə ilə məşğul ola bilməz. Yəni şirkət əvvəlcə o assosiasiyanın üzvü olmalıdır. Lisenziyanı da bu qurum verir, özü də elə-belə yox. Onlar öz markalarını gözləyirlər. Lisenziya ilə bağlı qurumun öz şərtləri və parametrləri var. TÜRKSAB-ın icazəsi olmadan heç bir firma reklam işləri ilə məşğul ola bilməz. Mən artıq bir neçə müddət idi ki, Türkiyədə həmin qurumun iş prinsipi ilə tanış olurdum».
   N.Bağırov onlara ilk dəstək olub güvənən üzvlərinin etimadını doğrultmağa çalışacaqlarını, ilk növbədə onların ən çox qarşılaşdıqları problemləri həll edəcəklərini dedi: «Qonşu Gürcüstanda turizm şirkətləri 18 faiz ƏDV-dən azaddır. Bu, dövlət tərəfindən həmin şirkətlərə verilən dəstəkdir. Biz də belə bir güzəştin əldə olunmasına çalışacağıq. Problemlər çoxdur, bizim məqsədimiz isə öncə Azərbaycanda turizm sahəsinin inkişafına nail olmaqdır».
  
   Fəxriyyə ABDULLAYEVA







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar