Düşmənin insanlıq əleyhinə cinayətləri haqqında sənədli film
Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərinə ballistik raket hücumlarından bəhs edən “Mən Gəncəyəm” adlı sənədli film çəkilib.
Filmdə ilk dəfə Gəncəyə gedən aktyorun qeydləri və orada yaşananlar real şəkildə öz əksini tapıb. Ermənistanın dinc əhaliyə qarşı vandalizm aktlarını daha böyük auditoriyaya çatdırmaq məqsədilə filmdə ingilis dilində titrlər də yerləşdirilib.
Filmin rejissoru Ramil Ağasıyev bildirib ki, bu hadisə media vasitəsilə dünyaya çatdırılsa da, biz olayları ekran əsəri şəklində təqdim etmək istədik: “Dinc sakinlərin hədəfə alınması düşmənin sağlam təfəkkürünün olmamasından xəbər verir. Filmdə aktyor Ziya Ağa ilk dəfə Gəncəyə gedir və bu hadisələri öz gündəliyində qeyd edir. Əslində, bu, bir insanlıq faciəsidir”.
Rejissor Azərbaycan Ordusunun şanlı tarix yazdığını, bu günlərdə hər bir vətəndaşın öz cəbhəsində döyüşdüyünü vurğulayıb.
Qeyd edək ki, filmin quruluşçu operatoru Fahir Səmədoğlu, icraçı prodüseri Zamiq Əlövsətoğludur. Montaj işi Rasim Ramazanova məxsusdur. Filmdə yaşanan hadisələr gənc aktyor Ziya Ağanın qeydləri ilə təsvir edilib.
L.AZƏRİ