Rejissor Akif Rüstəmov: “Bu günlərdə önəmli olan yubiley deyil, Vətən müharibəsində qələbə qazanmağımızdır”
Onu əbəs yerə “Bir nömrəli ikinci” adlandırmırlar. Azərbaycan kinosunda belə sənətkarlara az-az rast gəlmək olar. Akif Rüstəmov öz səmimiliyi, uşaq dünyasından gələn saflığı, sənətə, insanlara sevgisi ilə seçilən kino adamıdır. Adı gələndə gözlərdə təbəssüm, xoş duyğular yaranır...
50 ildən çoxdur həyatını kino sənətinə həsr edən bu təvazökar insan ilk müsahibəsini də bizim qəzetə vermişdi. Düz 7 il əvvəl. İnsan yarım əsr korifey sənətkarlarla birgə çalışsın, Azərbaycan kinosunun qızıl səhifələrini təşkil edən filmlərin ikinci rejissoru olsun, amma heç vaxt özü haqqında bir kəlmə belə danışmaq istəməsin.
75 yaşı tamam olan Əməkdar mədəniyyət işçisi deyir: “Hərdən “kino qurtardı daha” deyirəm. Hər dəfə film üzərində çalışanda düşünürəm ki, daha bəsdir, axırıncı filmdir, bundan sonra işləməyəcəyəm. Güclə ayağa durub gəlirəm işə. Elə ki, “20 Yanvar” metro stansiyasından çıxıb üzü kinostudiyaya yol aldım, oluram başqa adam. Kinostudiyanın havasımı deyim, tanış simalarmı deyim, məni yenidən ağuşuna alır. Bu ab-hava məni dəyişir. Kino mənim taleyimə yazılıb”.
Həyat yolunu müəyyən edən film
Akif Rüstəmov 1945-ci il oktyabrın 27-də Bakıda anadan olub. Gözünü açanda müharibə görməsə də, onun ağrı-acılarının şahidi olub. Atası neftçi, anası evdar qadın olan Akif uşaqlıqdan kinoya bağlanıb.
Bir gün kinoteatrda baxdığı “Onlar əsgərlərin ardınca gedirdilər” adlı italyan filmi, sözün əsl mənasında, onun qəlbini ovsunlayıb və gələcək sənət yolunu müəyyənləşdirib. 1968-ci ildə kinostudiyada rejissor assistenti kimi işə başlayıb. Görkəmli kinorejissor Arif Babayevin “Uşaqlığın son gecəsi” filmində adı ilk dəfə titrlərə yazılıb. Onun filmoqrafiyasında ikinci rejissor kimi Azərbaycan kinosunun ən çox sevilən nümunələri yer alır. “Dədə Qorqud”, “Uşaqlığın son gecəsi”, “Nəsimi”, “Gün keçdi”, “Dərviş Parisi partladır” və onlarla yaddaşlara yazılan film. Ərsəyə gələn hər bir ekran əsərinin uğuruna o da sevinib, kino tarixinə yeni səhifənin yazılmasına ürəkdən şad olub. Qəlbini, bütün arzularını, düşüncələrinin ən mükəmməlini rejissoru olduğu filmlərə verib. Bəzən görkəmli rejissorlar Akif Rüstəmov digər filmdə çalışdığı üçün çəkəcəkləri filmlərin vaxtını dəyişməli olublar.
Kino-adam
İkinci rejissor. Kimdir bu sirli adam? İkinci rejissor sənəti çəkiliş meydançasında iş mexanizmini quran və bütün boşluqları idarə edən, hər bir incə detalı diqqətdə saxlayandır. Bəzən kino həvəskarları belə bu sirli adamın kinoda xidmətlərindən xəbərsiz olurlar. Daha dəqiq desək, kinoda quruluşçu rejissorun sahəsinə ekran əsərinin dramaturji hissəsi aiddirsə, ikinci rejissora isə bu sahənin bütünlüklə çəkiliş prosesi məxsusdur. Ssenari təsdiq olunan kimi birbaşa bütün işlər ikinci rejissora həvalə edilir. Ədəbi mətnin rejissor mətninə çevrilməsi, hər bir səhnənin lokasiyası, aktyorların seçimi, rekvizit, texniki heyətin təyin edilməsi və s. Bu insan çəkiliş meydançasında bütün sualların cavabını bilir və bütün mənfi hallarda vəziyyəti müsbətə çevirmək üçün onun “sehrli düymə”si var.
Çəkiliş meydançasında Akif müəllimi izləyərkən onun işinə necə ürəklə və hansı tərzdə yanaşdığının şahidi olmuşuq və rejissor bizə kinonun, həqiqətən də, ağıl, ürək və düşüncə sənəti olduğunu sübut edir. Belə bir fikir də var ki, peşəsini tam mənimsəyən insan onun mürəkkəbliyini, sirrini aça bilir. Akif Rüstəmov da rejissor kimi çalışdığı bütün filmlərdə peşəkarlığın məğzini anlatmağı bacarıb.
O, başdan-ayağa kino-adamdır. Gənc rejissorlar onu “kinostudiyanın əfsanəsi” adlandırırlar. Olduğu yerdə pozitiv enerji var. O enerji ki, yaradıcılığa da müsbət təsirsiz ötüşmür. Akif Rüstəmov kino sənətimizin qocaman, müsbət qəhrəmanıdır.
Akif müəllim ikinci rejissorun məsuliyyətindən danışarkən “aktyor gəlmədi, təqsir ikinci rejissordadır. Rəssamlar, operatorlar, aktyorlar, assistentlər, kostyum işçiləri – hamının təşkilatçısı odur və hətta çəkiliş zamanı yağış yağsa belə, yenə təqsirkar ikinci rejissordur” deyir zarafatla. O həm də filmin sevilməsi üçün əlindən gələni əsirgəməyən rejissordur. Bu sənətə gələn gənclərin istedadına inanan Akif Rüstəmov milli kinomuzun sabahını dünənindən də işıqlı gördüyünü deyir. Kinomuzun çətin dövrlərində – ötən əsrin 90-cı illərində o, başqa sahəyə üz tutmadı, sevdiyi sənətə sadiq qaldı.
Yubileyi münasibətilə təbriklərimizi çatdırdıq. Sonsuz minnətdarlığını bildirən rejissor dedi: “Bu günlərdə önəmli olan yubiley deyil, Vətən müharibəsində qələbə qazanmağımızdır. Təki cansağlığı olsun, torpaqlarımız geri alınsın, ölkəmizdə sülh olsun və o zaman ürəkdən sevinib yubileyləri qeyd edək”.
***
Yazının sonunda bir məqamı da qeyd etməyi vacib bilirik. Çünki üzərindən 5-6 il keçsə belə, hər il Milli Kino Günündə Nizami Kino Mərkəzinə yığışan kino işçiləri həmin məqamı yada salır, böyük sevgi ilə xatırlayırlar. Əlamətdar gün münasibətilə kino xadimlərinə mükafatlar verilirdi. Akif müəllimin adı çəkiləndə bütün zaldan elə gurultulu və sevgi dolu alqış səsləndi ki... Yəqin ki, bu günə kimi elə gurultulu alqış eşidilməmişdi o zalda.
Bu gün Akif Rüstəmov Azərbaycan kinosunda səmimiyyətin, sevginin və peşəkarlığın simvolu hesab edilir...
LALƏ