Gənc rejissorun filmi ABŞ-da keçirilən festivalın finalında

Gənc rejissor Masər Həsənovun “Yada sal məni” adlı qısametrajlı filmi ABŞ-da təşkil olunan XII Beynəlxalq Müstəqil Müəllif Filmləri İnternet Festivalının finalına vəsiqə qazanıb. Festivalın şərtlərinə əsasən, qaliblər tamaşaçılar və münsiflərin səsverməsi ilə seçilir.

Film həyat yoldaşını itirəndən sonra özünə qapanmış tənha insanı diqqət mərkəzinə gətirir. Bir gün gecəyarısı onun qapısını balaca bir qız döyür. Filmin qəhrəmanı onun içəri daxil olmasına bir şərtlə icazə verir – yağış bitən kimi çıxıb getməlidir. Kişi xəbərsizdir ki, qapını döyən qonaq özü də kimsəsizdir və getməyə yeri yoxdur...

Filmdə Əməkdar artist Elşən Rüstəmov, Nuridə Musabəyli və Nigar Qasımova rol alıb.

Qeyd edək ki, “Yada sal məni” bu günlərdə İngiltərədə keçirilən “First-Time Filmmaker Sessions-2020” festivalında ikinci mərhələyə vəsiqə qazanıb.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini rejissorluq ixtisası üzrə bitirən Masər Həsənov magistr pilləsində Xalq artisti Eldar Quliyevin kursunda təhsil alıb. O, fiziki məhdudiyyəti olmasına baxmayaraq, müxtəlif layihələrdə fəallığı ilə seçilir, sənədli və bədii filmlərin, sosial çarxların müəllifidir. Gənc rejissorun “Dejavü” filmi Türkiyə, Rusiya və Rumıniyada festivallarda iştirak edib, “Sevgi naminə” qısametrajlı bədii filmi IX Beynəlxalq Müstəqil Müəllif Filmləri İnternet Festivalının mükafatını qazanıb.

O, həmçinin 2017-ci ildə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının Rasim Ocaqov adına təqaüdünə layiq görülüb. 2019-cu ildə gənclər üçün Prezident mükafatçısı olub.

L.AZƏRİ