Qazaxıstanın Almatı şəhərində “TESSA” VI Beynəlxalq Musiqi Müsabiqəsi keçirilib. Müsabiqədə Azərbaycan, Rusiya və Qazaxıstan ifaçıları iştirak edib.

Ölkəmizi təmsil edən Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) doktorantı Rüfət Piriyev (tenor) Qrin-pri mükafatını qazanıb.

Rüfət Piriyev vokal ixtisası üzrə BMA-nın dosenti Svetlana Mirzəyevanın, opera-səhnə sənəti üzrə Dövlət mükafatları laureatı, Xalq artisti Gülcahan Güləhmədova-Martınovanın sinfini bitirib. O, tələbəlik illərindən dövlət tədbirlərində vokal kompozisiyalarla çıxış edib, musiqisevərlərin rəğbətini qazanıb. Vokalçının ifasında bir çox vətənpərvərlik mahnıları da səslənib. O, şanlı Ordumuzun zəfərlərinə şahid olduğumuz bu günlərdə də yeni ifaları ilə igid oğullarımızı qələbələrə ruhlandırır.

Rüfət Piriyev həmçinin elmi-pedaqoji fəaliyyətlə də məşğul olur, hazırda dissertasiya üzərində işləyir.

A.İBRAHİMOVA