Azərbaycan ədəbiyyatşünaslıq elminin inkişafına dəyərli töhfələr verən alimlərimizdən biri də professor Mirzəağa Quluzadə olub. Qədim və Orta əsrlər ədəbiyyatımızın tədqiqatçısı kimi tanınan görkəmli alimin kitab və monoqrafiyaları, məqalələri klassik ədəbi irslə bağlı əhəmiyyətli mənbələr hesab edilir.
Mirzəağa Yüzbaşı oğlu Quluzadə 24 oktyabr 1907-ci ildə Salyan şəhərində anadan olub. Orta məktəbi başa vurduqdan sonra 1923-cü ildə Azərbaycan Dövlət Pedaqoji Texnikumuna qəbul olunur. Təhsilini bitirdikdən sonra beş il Salyan şəhər orta məktəbində müəllim işləyir.
Mirzəağa Quluzadə 1932-1936-cı illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) Dil və ədəbiyyat fakültəsində təhsil alır. Təyinatla Qazaxda Pedaqoji Məktəbdə əmək fəaliyyətini davam etdirir. Daha sonra Azərbaycan Xalq Maarif Komissarlığında Metodiki kabinetin müdiri, eyni zamanda Azərbaycan Dövlət Pedaqoji İnstitutunda müəllim işləyir.
II Dünya müharibəsi illərində Zaqafqaziya Hərbi dairəsində siyasi idarədə xidmət edən Mirzəağa Quluzadə müharibə başa çatdıqdan sonra SSRİ Elmlər Akademiyası Azərbaycan filialının aspiranturasında oxuyur. 1948-ci ildə “İmadəddin Nəsiminin yaradıcılığı” mövzusunda namizədlik (fəlsəfə doktoru) dissertasiyası müdafiə edir. O, araşdırmasında göstərib ki, İ.Nəsiminin poeziyası özündən sonrakı Azərbaycan poeziyasına çox böyük təsir göstərib, Azərbaycan və Şərq poeziyasının görkəmli nümayəndələri Əmir Xosrov Dəhləvi, Əlişir Nəvai, Məhəmməd Füzuli, Şah İsmayıl Xətai və başqaları Nəsimi şeirinin ecazkarlığından bəhrələniblər...
Filologiya elmləri doktoru, professor Məmməd Əliyev görkəmli alimlə bağlı araşdırmasında yazır ki, Mirzəağa Quluzadə Nəsimi poeziyasındakı rəmz və məcazları məharətlə açıb göstərib. İnandırıcı şəkildə təsdiq edir ki, Nəsimidəki “eşq” təkcə məcazi mənada yox, həm də real insanın sevgi hissləri “axirət eşqi”ndən üstün tutulur. Nəsiminin humanizmi, onun məhəbbət konsepsiyası real həyatdan qaynaqlanıb. Şairin ilahi məhəbbəti dünyəvi məhəbbətlə birləşir və vəhdət təşkil edir. Burada panteizm real məhəbbətə qarşı deyil, onun mənbəyi, əsasıdır.
Mirzəağa Quluzadə 1965-ci ildə “Məhəmməd Füzulinin lirikası” mövzusunda doktorluq dissertasiyası müdafiə edir. Alim bu araşdırmasında Füzuli yaradıcılığına konseptual yanaşma nümayiş etdirib və bu qənaətə gəlib ki, dahi şairin lirikası əsl məhəbbət və həyat poeziyasıdır. O, Füzuli poeziyasına sufizm mövqeyindən yanaşan Y.E.Bertels, M.F.Köprülüzadənin sufi-mistik səciyyə daşıyan “Allah sevgisi”, “Allaha qovuşmaq” kimi görüşlərinin əksinə olaraq şairin tərənnümlərini insan qəlbinin sevgi duyğuları olduğunu göstərib.
Ədəbiyyatşünas alim klassik ədəbiyyatımızın Zülfüqar Şirvani, Arif Ərdəbili, Əssar Təbrizi, Fəzlullah Nəimi, Qazı Bürhanəddin kimi məşhur nümayəndələrinin yaradıcılığı ilə bağlı araşdırmalar aparıb, sanballı məqalələr yazıb. O, Səməd Vurğunun “Aygün” poeması, Mirzə İbrahimovun “Kəndçi qızı” kimi çağdaş əsərləri də elmi təhlil süzgəcindən keçirib.
Alimin “Nizami Gəncəvi”, “Füzulinin lirikası”, “Böyük ideallar şairi” adlı monoqrafiyaları elmi ictimaiyyət tərəfindən rəğbətlə qarşılanıb.
Araşdırmalarda qeyd olunur ki, professor Mirzəağa Quluzadə gənc elmi kadrlara daim etimad və hər cür köməklik göstərib, “bizi siz əvəz edəcəksiniz” deyib. Azərbaycan EA-nın Nizami adına Ədəbiyyat İnstitutuna rəhbərlik etdiyi (1952-1957, 1969-1979) dövrdə elm ocağının inkişafı üçün böyük səy göstərib, onlarla istedadlı gəncin araşdırmalara cəlb edilməsinə nail olub.
Mirzəağa Quluzadə 12 dekabr 1979-cu ildə, 72 yaşında vəfat edib. Tanınmış ədəbiyyatşünas, professor Abbas Zamanov M.Quluzadənin vəfatı münasibətilə qələmə aldığı “Əlvida, əziz dost” məqaləsində yazırdı ki, Mirzəağa Quluzadə Azərbaycan sovet ədəbiyyatşünaslığında öz dəst-xəttini qoyub gedir. Tariximizin dərinliklərində yaranmış ədəbiyyatımızın Nizami, Nəsimi, Füzuli kimi nəhənglərinin yaradıcılığının öyrənilməsi və əsərlərinin nəşri professor Mirzəağa Quluzadənin adı ilə bağlıdır.
Savalan FƏRƏCOV