Azərbaycan Aşıqlar Birliyinin (AAB) hazırladığı “Ustad nəfəsli saz-söz ərməğanı” adlı antologiya çap olunub. AAB-nin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, nəşrdə aşıq ədəbiyyatının janr tərkibində mühüm yer tutan ustadnamə ənənəsinin qaynaqları – ozan soylamaları, eləcə də ötən yüzilliklərdə yaşamış saz-söz sənətkarlarının yaratdıqları öyüdləmə örnəkləri yer alıb.
Dədə Qorqud zamanından XX yüzilliyə qədər uzanan dövrdə yer alan, ustad məclislərində, el yığıncaqlarında dillər əzbərinə çevrilən dərin məzmunlu, fəlsəfi yüklü qoşmalar, gəraylılar, təcnislər, divanilər əsrlərin sərt sınağından keçə-keçə bu günümüzə gəlib çataraq əvəzsiz söz sərvətimizə çevrilib.
Antologiyada yüzə yaxın ustad saz-söz sənətkarının yaradıcılıq nümunələri toplanıb. Antologiyanın hazırlanmasında məqsəd klassik saz-söz ustadlarının yaratdıqları ustadnamə-öyüdləmə sərvətini qoruyub gələcək nəsillərə çatdırmaqla yanaşı, bu sənətə yeni gələn yeniyetmə və gənclərin repertuar imkanlarını genişləndirməkdir.
Kitabı nəşrə hazırlayanlar AAB-nin sədri, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı (nəşrin elmi məsləhətçisi) və filologiya elmləri doktoru, professor Mahmud Allahmanlı, redaktorları filologiya elmləri doktoru, professor İsmayıl Məmmədli və filologiya üzrə fəlsəfə doktoru, dosent Altay Məmmədlidir.