Xalq olaraq qürurlu tarixi günlər yaşayırıq. Bəlkə emosional qatda bunun fərqində deyilik. Amma hamımız bir gerçəyi yaxşı ayırd edirik: biz haqq uğrunda döyüşürük və qalib gələcəyik. Böyük zəfərdən sonra oturub öz-özümüzə “Nə baş verdi” sualını verəcəyik və məmnunluqla sonrakı nəsillər üçün qəhrəmanlıq təranələri düzüb-qoşacağıq...
Yaylağımız qışlaq olsun...
Kim istəməz ki? Təki Vətən azad və bütöv olsun. Zatən bizim üçün aran da yaylaq olar. Bunu qubadlılar adından yazırıq. Oktyabrın 25-də gecəyarısı Azərbaycan Prezidenti, Ali Baş Komandan tərəfindən ilk sorağı verilən, ertəsi gün dövlət başçısının xalqa müraciətində təfərrüatı ilə bəyan edilən zəfər xəbərindən sonra 27 illik yaddaşlarını təzələyən soydaşlarımız adından...
Qubadlı rayonu 1933-cü ildə yaradılıb. 1963-cü ildə ləğv edilərək ərazisi Zəngilan rayonu ilə birləşdirilmiş, bir il sonra yenidən ayrıca rayon olmuşdu. 802 kvadrat kilometr ərazisi olan bu rayon Qarabağ yaylasının cənub-şərqində, Həkəri və Bərgüşad çayları hövzəsində yerləşir. Azərbaycanın qədim yaşayış məskənlərindən olan Qubadlı 31 avqust 1993-cü ildə Ermənistan tərəfindən işğal edildikdən sonra rayon sakinlərinin ev-eşiyi, mal-mülkü ilə bərabər onlarla tarixi-mədəni, dini abidəmiz dağıdılıb, talan olunub.
Qubadlı qədim qalaları, türbələri və bu kimi tarixi tikililəri ilə məşhur idi. Gavur dərəsində IV əsrə aid ibadətgah-mağara, Muradxanlı kəndindəki V əsrə aid Qalalı qalası, Əliquluuşağı kəndindəki Göy qala, Yazı düzündəki Cavanşir türbəsi (XIV əsr), Dəmirçilər kəndində iki türbə, Gürcülü kəndində XVII əsrə aid türbə, Xocamsaxlı kəndindəki XVIII əsrə aid türbə bu nümunələrdəndir.
Dəmirçilər kəndindəki türbələr
Dəmirçilər kəndindəki türbələrin Qubadlının tarixi-mədəni memarlıq irsində xüsusi yeri var. Memarlıq baxımından unikal quruluşa malik bu iki qülləvarı türbənin birincisi Ağaçayın sağ sahilində yerləşirdi. Planda səkkizbucaqlı formada olan türbənin (bir tərəfi 1,9 m) içərisində qapı gözü qarşısındakı üzdə kiçik mehrab taxçası quraşdırılıb, iç divarlar yaxşı yonulmuş daşlarla üzlənib. İç hündürlüyü 4,5 metr olan türbənin bütün xarici üzləri Elxanilər dövrünün Arazboyu türbələri üçün səciyyəvi olan çiyinli dayaz tağlar şəklində işlənib. Şərq və qərb taxçalarının ortasında kiçik pəncərə gözləri qoyulub. Qapı gözü yer səviyyəsindən 1,2 metr yüksəklikdədir.
Ağaçayın sağ sahil yamacının yanında, Dəmirçilər və Dondarlı kəndləri arasında yerləşən ikinci türbənin də planı səkkizbucaqlı formadadır (bir tərəfi xaricdə 2,03 metr, daxildə 1,4 metr). Tikinti materialı, inşaat texnikası və memarlıq həllinə görə, bu abidə birinci türbə ilə eynidir. Yalnız ikinci türbənin ölçüləri bir qədər iri (üst kameranın iç ölçüsü 6,2 metr, korpusun yerdən hündürlüyü 6,9 metr), xarici üzlərindəki çiyinli dayaz taxçaların forması isə bir qədər fərqlidir. Türbələrin hər ikisi XIII-XIV əsrlərin yadigarı hesab edilir.
Laləzar və Hacı Bədəl körpüləri
Əliquluuşağı kəndində yerləşən və maraqlı arxitekturaya malik Laləzar körpüsü Bərgüşad çayının üzərində altı oval, üstü isə düz bir formada salınıb. Hər iki dayağı hündür qayalara söykənən tikili 1867-ci ildə inşa olunub. Bəzi tədqiqatçılar körpünü XVIII əsrə aid edirlər. Eni 2,8 metr, hündürlüyü 4,5 metrdir.
Hacı Bədəl körpüsü XIX əsrdə Dəmirçilər kəndinin sakini Hacı Bədəl tərəfindən Ağaçay üzərində tikdirilib. Körpünün inşasında put daşdan (xüsusi bəzək vurmaqla), əhəng və yumurta sarısının qarışığından istifadə olunub. Körpü Qubadlının 15 kəndinin rayon mərkəzi ilə əlaqəsini təmin edirdi. Bu körpünün də maraqlı arxitekturası var. Tağbənd formasında tikilmiş körpünün ortasında dayaqlar qoyulmayıb. Kükrəyib daşan dağ çayının maneəsiz axını məqsədilə sütun nəzərdə tutulmamışdı.
Məmər məscidi
Qubadlı rayonunun Məmər kəndində yerləşən məscid ХVIII əsrdə inşa edilib. Sovet hakimiyyəti dövründə anbar binası kimi istifadə olunan tikili ölkəmiz müstəqillik əldə etdikdən sоnra yenidən ibadətgah kimi sakinlərin ixtiyarına verilmişdi. Təəssüf ki, işğal zamanı bu məscid də erməni vəhşiliyinin qurbanı olub.
Qubadlının daş yaddaşı
Memarlıq abidələri, qoç heykəlləri, fərqli tarixi dövrləri özündə ifadə edən daş kitabələri ilə məşhur rayon ərazisində ölkə və yerli əhəmiyyətli olmaqla xeyli sayda tarix yadigarı var idi. Rayonun Başarat və Məzrə kəndlərindəki alban kilsələri də xüsusi əhəmiyyətli memarlıq incilərindən sayılırdı.
XV əsrə aid daş qoyun fiquru (Mahmudlu kəndi), IX-X əsrlərə məxsus daş sandıq (Məmər kəndi) və çoxlu sayda qoç heykəlləri bu yurd yerimizin tarixi-mədəni zənginliyindən soraq verir. Təəssüf ki, bu maddi mədəniyyət nümunələrinin əksəriyyəti erməni vandalizminin qurbanına çevrilib, talan edilərək Ermənistana və başqa ölkələrə daşınıb.
Tarix-diyarşünaslıq muzeyi
Qubadlı Rayon Tarix-Diyarşünaslıq Muzeyi 1980-ci ildə fəaliyyətə başlamışdı. Muzeydə 1993-cü ilə qədər 5 mindən artıq eksponat qorunub saxlanılırdı. Bunların sırasında qədim dövrlərə aid qılınc, xəncər, mis əşyalar, saxsı qablar, fauna və floraya aid nadir nümunələr, II Dünya müharibəsi iştirakçılarına aid əşyalar vardı. Muzeydə həmçinin görkəmli yazıçılar, elm, mədəniyyət və incəsənət xadimlərinə aid guşə fəaliyyət göstərirdi. Bu guşədə həmin şəxslərə aid əsərlər, şəxsi əşyalarından nümunələr sərgilənirdi.
Burada xalq qəhrəmanları Qaçaq Nəbi və Həcərə aid əşyalar, onların qəhrəmanlıqlarını əks etdirən rəsm əsərləri də qorunub saxlanılırdı. Bu muzey də işğal zamanı bədnam ermənilər tərəfindən məhv edilib, zəngin ekspozisiyası mənimsənilib.
27 illik işğaldan qurtulan bu Vətən torpağının da yeni növrağı, o cümlədən dağıdılıb talan edilmiş mirasının bərpa edilməsi dövrü irəlidədir.
Hazırladı: Həmidə NİZAMİQIZI