Aprelin 25-də Bakıda Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Turizm İnstitutunun (ATİ) təşkilatçılığı ilə “Azərbaycanda ekoloji turizmin inkişaf perspektivləri” adlı beynəlxalq konfrans keçirildi. Ekoturizm və bu sahədə son inkişaf istiqamətləri haqqında ümumi məlumat vermək, Azərbaycanda ekoturizmə təsir edən faktorlar, bununla bağlı mövcud problemləri, Azərbaycanın təbiət abidələri, ölkəmizdə kənd, su və ovçuluq turizmi kimi növlərin inkişafına yol açan imkanları araşdırmaq, eyni zamanda tələbələrin elmi-praktik biliklərini inkişaf etdirmək, onlarda tədqiqatçı vərdişləri və elmi-praktik konfranslarda çıxış etmək qabiliyyətini formalaşdırmaq məqsədilə təşkil edilən konfransa Azərbaycan Respublikası Mədəniyyət və Turizm, Təhsil, Ekologiya və Təbii Sərvətlər, Rabitə və İnformasiya Texnologiyaları, Gənclər və İdman nazirlikləinin, Dövlət Neft Şirkətinin və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının məsul şəxsləri, səfirlər, millət vəkilləri, ali məktəb rəhbərləri, beynəlxalq və yerli təşkilatların, səyahət agentliklərinin, hotellərin nümayəndələri də qatılmışdı.
   
   Azərbaycan Turizm İnstitutunun rektoru Cəfər Cəfərov öz çıxışında əsasən ekoturizmin çox əhəmiyyətli və vacib bir sahə olmasına önəm verdi: «Turizm XXI əsrdə aparıcı sahələrdən biri olmaqla, ölkə iqtisadiyyatının inkişafına, ölkələr arasında əlaqələrin genişlənməsinə müsbət təsir edir: «Təkcə onu qeyd etmək yetər ki, dünyada 2007-ci il ərzində 908 milyon, 2008-ci ildə 924 milyon insan turist kimi səfər edib. Ümumdinya Turizm Təşkilatının proqnozlarına əsasən 2020-ci ildə turistlərin sayı 1.5 milyard nəfər olacaq».
   Rektor bildirdi ki, turizmin aparıcı növlərindən biri də ekoturizmdir: «Bu anlayış 1980-ci illərdən etibarən geniş yayılmağa başlayıb. Turist düşüncəsindəki dəyişikliklər, təbiəti öyrənmək həvəsi, ətraf mühit haqqında məlumatlılığın artması ekoturizmin məşhurlaşmasına səbəb oldu. Ekoturizm elə bir turizm növüdür ki, o, həm ətraf mühiti qoruyur, həm ora gələnləri bilgiləndirir, həm də yerli iqtisadiyyatı və yerli əhalini mənfəətləndirir. Bu anlayış flora, fauna və mədəni irsin bir yerdə olduğu ərazilərə edilən səyahətləri əhatə edir. Bir çox ölkələr üçün ekoturizm təkcə ətraf mühitin qorunması demək deyil, o, milli iqtisadiyyatın ən önəmli sənaye sahəsidir. Turizmin bu növü Ekvador, Nepal, Kenya və Madaqaskar kimi ölkələrin milli iqtisadiyyatının aparıcı elementidir».
   XX əsrin ortalarından başlayaraq ekosistemləri hədələyən faktorların sayı artıb. Bu baxımdan ekoturizm eksistemlərin qorunmasında faydalı ola bilər. 2002-ci il Dünya Ekoturizm Sammitinin yekun bəyannaməsində ekoturizm üzrə siyasət və inkişaf strategiyalarının hazırlanması tövsiyə edilib. Kvebek bəyannaməsində təbiəti qorumaq, ondan davamlı istifadə etmək, yerli və özünəməxsus mədəniyyətlə tanış olmaq, onların ekoturizmlə əlaqələri haqqında uşaqları və gənclər məlumatlandırmaq üçün təhsil proqramlarının inkişaf etdirilməsi də qeyd edilib.
   Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirdi ki, ekoloji turizm Azərbaycanda ən perspektivli və eyni zamanda maraqlı turizm növlərindən biridir: «Bu gün Azərbaycanın təbii sərvətlərinin qorunması, ölkədə ekoloji vəziyyətin yaxşılaşdırılması mövzusu çox böyük əhəmiyyət kəsb edir. Məlumdur ki, prezident İlham Əliyev də Nazirlər Kabinetinin bugünlərdə keçirilən iclasında bu məsələyə xüsusi diqqət yetirdi. Burada insanların təmiz su ilə təminatından tutmuş, ölkə ərazisində ağacların qırılmasına qədər bütün məsələlər problem olaraq qaldırıldı. Amma bu konfrans Azərbaycanın təbiətinin və onun imkanlarının turizm məktəbləri üçün nə qədər düzgün təbliğ olunması, hansı xüsusiyyətlərin xaricdən gələn turistlər üçün daha cəlbedici ola bilməsi kimi sualların cavablandırılmasına həsr edilib. Bu tədbirdə iştirak edən səfirliklərinin nümayəndələri, digər ali məktəblərin tələbələri bu mövzu ətrafında kifayət qədər təkliflər irəli sürə bilərlər. Biz də bunları nəzərə alaraq müəyyən tədbirlərin görülməsinə çalışacağıq».
   Nazir maraqlı bir açıqlama da verdi ki, ümumiyyətlə, belə konfranslarda irəli sürülən təkliflərə nazirliyin məsul şəxsləri tərəfindən baxılır.
   Ə.Qarayev onu da bildirdi ki, davamlı turizm davamlı inkişafın əsas komponentlərindəndir. Hazırda qeyri-neft sektorunun bir qolu kimi, adıçəkilən sahə artıq Azərbaycanda da iqtisadiyyatın aparıcı istiqamətlərindən birinə çevrilib.
   Sonra BMT-nin Azərbaycandakı rezident-koordinatoru Bruno Pouezata, ATİ və digər ali təhsil müəssisələrindən olan ekspert və tələbələrin ekoturizmlə bağlı məruzələri dinlənildi.
   Qeyd edək ki, konfrans ingilis dilində keçirildi.   

   F.ABDULLAYEVA







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar