40 yaşlı ekran əsəri bu gün də tamaşaçılarına gülüş bəxş edir
Kinokomediyanın əsas məqsədi təsvir olunan ədəbi materialın məntiqi dəyərini üzə çıxarmaq, sosial əhəmiyyətli mövzuları təhlil etmək, prinsipial mövqedən çıxış edərək mənfi xarakterli personajları, həyat məsələlərinə mane olan xoşagəlməz nüansları incə gülüş fonunda tənqid hədəfinə çevirməkdir.
Kinorejissor, Əməkdar incəsənət xadimi Teymur Bəkirzadənin 1980-ci ildə quruluş verdiyi “Yol əhvalatı” filmində də iki gəncin səmimi hisslərinə, sevgisinə mane olan, ailə bağlarını qazanc mənbəyi bilən tamahkar, hiyləgər insanlar ifşa olunur, gülüş hədəfinə çevrilir. Əliəyri, müftəxor insanların zəif və komik əlamətləri fonunda cərəyan edən hadisələrdə maraqlı və baməzə xüsusiyyətləri ilə diqqətçəkən obrazlar filmin baxımlılığını, janrın koloritini artırır. Rejissorun yaradıcılığına əminliyi sayəsində isə məhəbbət üçbucağından, melodram janrından uzaqlaşdırılan hadisələrdə prinsipial həyat mövqeyi, ali məqsədi olmayan insanların səciyyəvi (qəribə və gülünc) cəhətləri, davranış qaydaları gülüş hədəfinə çevrilir.
Filmin baş qəhrəmanları olan Mustafa və Zümrüdün səmimi, sadə xarakterli olması ətrafdakıların onların həyatına asanlıqla müdaxilə etməsinə, pak mənəviyyatlarına, qarşılıqlı istəklərinə qəsd (onları ayırmasına) etməsinə, münasibətlərin (dərinliyinə varanda isə ciddi həyat münaqişələrinə səbəb ola biləcək cəhdlərin) vəziyyət komediyasına çevrilməsi nəticəsində hadisələrin xoş sonluqla bitməsinə imkan yaradır. İki həyat tərzini – sadə əmək adamlarının və etik davranış qaydalarını korlayan personajların komik məcraya yönələn münasibətləri sadəlövh sevgililərin xeyrinə müəyyənləşir. Komizmin mənbəyini xarakterdə, insan xislətində görən rejissor maraqlı üsullardan istifadə edərək gülüşün sirrini açmağa, qalibiyyətin yalnız və yalnız düzgünlükdə, insansevərlikdə olduğunu yumorla göstərməyə müvəffəq olub.
Realist yaradıcılıq üslubunda izlədiyimiz, inandırıcı və yaşarı ekran obrazlarını geniş tamaşaçı auditoriyasına sevdirən istedadlı aktyorlardan Siyavuş Aslan, Hacı İsmayılov, Yaşar Nuri, Həmidə Ömərova, Sofa Bəsirzadə, Ceyhun Mirzəyev, Eldəniz Zeynalov və başqaları filmin uğur qazanmasına imkan yaradıb.
***
“Yol əhvalatı” filminin geniş şəkildə sevilməsinin səbəbini yaradıcı heyətin peşəkarlığı ilə əlaqələndirən, filmdə rejissor assistenti kimi çalışan, həmçinin Fərid rolunu ifa edən Yusif Əlizadə deyir: “Filmin bu gün də maraqla baxılmasının səbəbini kinorejissor Teymur Bəkirzadənin peşəkarlığı, həmçinin insanlarla olan mehriban münasibəti ilə əlaqələndirirəm. Teymur gözəl insan, gözəl dost idi. Bəzi rejissorlar kimi aktyorlara əsəbiləşmirdi, əksinə, hamıya düzgün yol göstərirdi. Çox vaxt aktyorlara kamera qarşısında sərbəstlik verirdi”.
Yusif müəllim filmdə Fərid roluna çəkilməsi haqqında da danışdı: “Açığını deyim ki, Fərid roluna çəkilməyim ürəyimcə deyildi. Çünki texniki heyətdə çalışırdım və işlərim də çox idi. Bu rola müğənni, respublikanın Xalq artisti Elxan Əhədzadə çəkilməli idi. Bu barədə Elxanla razılığa da gəlmişdik. Çəkilişə başladığımızda ona zəng edib çəkilişə gəlməli olduğunu dedim. O isə cavabında Bakıda olmadığını, qastrol səfərinə getdiyini bildirdi. Mənsə, təbii ki, təəccüblənərək heç olmasa, bizə xəbər verməli olduğunu və incidiyimi ona söylədim. Elxanın çəkilişə gələ bilməyəcəyini rejissora deyəndə filmdə ikinci rejissor işləyən Rafiq Dadaşov bu rola mənim çəkilməyimi təkid etdi. Mən əvvəlcə bu təklifi həmkarlarımdan mənə olan zarafatyana bir cəza kimi qəbul etdim və razı olmadığımı bildirdim. Teymur Bəkirzadənin, Rafiq Dadaşovun israrından sonra razılaşmalı oldum. Rolun uğursuz alınacağından qorxmurdum. Çünki Teymur Bəkirzadə Mustafa obrazı üçün məni sınaq çəkilişlərində yoxlamışdı. Hətta sınaq çəkilişində Siyavuş Aslan da orda məni görən kimi “elə Yusifi çəkin baş rola” deyərək həmin rola məni uyğun görmüşdü. Amma Terymur Bəkirzadənin fikri başqa idi. Onun bir xasiyyəti vardı ki, bir aktyoru hansısa rola uyğun görəndə mütləq onu çəkirdi. Həmin vaxtlarda “Gürcüstanfilm” kinostudiyasının əməkdaşları Bakıda film çəkirdi. Teymur da Vaxtanq Pançulidzeni çəkilişlərdə görmüşdü və onu Mustafa roluna çəkməyi nəzərdə tutmuşdu. Ona görə də filmin çəkilişlərinə hazırlaşanda ssenarini mənə verib dedi ki, get Eldar Şengelayanın yanına, Vaxtanqı tapmaqda sənə kömək etsin. Həmin illərdə Eldar Şengelaya Gürcüstan Kinematoqrafçılar İttifaqının sədri vəzifəsini icra edirdi. Teymur Bəkirzadə də məsləhətləşmək üçün onu bədii rəhbər olaraq filmin yaradıcı heyətinə daxil etmişdi.
Gürcüstana gedib Vaxtanq Pançulidzeni filmə çəkmək istədiyimizi ona bildirdim. Şengelaya məni Pançulizdenin evinə gətirdi. Hətta yolda təəccübünü bildirdi ki, Bakıda sənin kimi elə bir oğlan yoxdurmu ki, ordan bura aktyor aparmağa gəlirsən... Biz Vaxtanqın evinə çatdığımızda o, hələ də yatırdı. Bizi qarşıladığında Teymur Bəkirzadənin fikirlərini ona çatdırdım və ssenarini verib Bakıda onu gözləyəcəyimizi bildirdim”.
Çəkiliş prosesində gürcü aktyoru ilə işləmək o qədər də rahat olmur. Həmsöhbətim bu barədə deyir: “Çəkilişlər başladıqdan sonra bir neçə dəfə Vaxtanqın kaprizləri ilə qarşılaşsaq da, Teymur Bəkirzadə onu filmə səbirlə çəkirdi. Mizanları doğru başa salır, istədiyini ondan rahatlıqla alırdı. Vaxtanqı Həmidə Ömərova ilə bir yerdə çəkəndə bir az çətinliyimiz olurdu. Vaxtanqın boyu balaca olduğuna görə hər dəfə onu Həmidə ilə birlikdə çəkəndə ayağının altına daş qoyurduq ki, uyğunluq olsun. Həmidə də hey gülürdü. Teymur naəlac qalıb deyirdi ki, qoy Həmidə gülüb qurtarsın, sonra çəkilişə başlayarıq. Sınaq çəkilişlərində Mustafa roluna alternativ mən idim. Zümrüd rolu üçünsə Həmidə Ömərova”.
***
“Teymur Bəkirzadə bədii kinoda ilk işini niyə məhz kinokomediyadan başladı” sualını Yusif müəllim belə cavablandırdı: “Teymur Moskvada ali rejissorluq kursunu bitirdikdən sonra lirik səpkidə sənədli filmlər və “Ömrün səhifələri” kinoalmanaxındakı “Rəqiblər” novellasını çəkmişdi. Onun yaradıcılıq ruhunda komedioqraflıq vardı. “Yol əhvalatı” filminin ssenarisi Asim Cəlilova məxsusdur. Asim həmin illərdə kinostudiyada baş redaktor işləyirdi. Ssenarini rus dilində yazmışdı. Onu təqdim edəndə Teymur böyük məmnuniyyətlə götürdü. Filmin musiqilərini yazmağı Polad Bülbüloğluna həvalə etdi. Polad müəllim çox istedadlı sənətkardır və hadisələri musiqi dili ilə çatdırmağı çox gözəl bacarır. Musiqilər Moskvada yazıldı, hadisələrlə sintezi də uğurlu alındı. Biz filmin uğur qazanacağına əmin idik. Çünki Teymur istedadlı rejissor idi, aktyor seçimini düz edirdi, rollar da uğurlu alınırdı. Film ekranlara çıxdıqdan sonra bir neçə dəfə “baş rola niyə yadelli aktyor çəkmisiniz” deyə sual verirdilər. Amma sonralar hamıdan müsbət rəy eşidirdim.
Filmə 300 min rubla yaxın vəsait ayrılmışdı. 11 aya başa gələn filmi təhvil verəndə kinostudiyanın bədii şurasında ekran əsərinin bədii rəhbəri Eldar Şengelaya da iştirak etdi, yaradıcı heyəti haqlı olaraq dəstəklədi, filmi bəyəndiyini söylədi. Filmi Moskva Kinematoqrafiya Komitəsinə təhvil verəndə birinci kateqoriyada qəbul edildi”.
Dinamik kadrların çox olduğu ekran əsərində iki operatorun (Şərif Şərifov, Ələsgər Ələkbərov) çalışma səbəbini isə Yusif Əlizadə səhnələrin daha çox natura çəkilişlərindən ibarət olması ilə əlaqələndirdi: “Filmdə əsasən kran, rels və əl çəkilişlərindən istifadə edilirdi. Yol çəkilişlərini isə operatorlar maşınla həyata keçirirdilər. Çəkilişlərin məsuliyyəti əsasən Şərif Şərifovun üzərinə düşürdü. Müxtəlif rakursların peşəkar təsviri bizi qane edirdi. Şərif müəllim Azərbaycan kinooperatorluq sənətinin ənənələrini yaşadan görkəmli sənətkarlarımızdandır. Teymur Bəkirzadə işində çox dəqiq idi. Çəkiliş vaxtı bütün fikri obyektə cəmlənirdi. Ssenari çox dəqiqliklə yazılmışdı. Biz demək olar ki, ssenaridən kənara çıxmırdıq. Əgər müdaxilə etsəydik, əlaqə qırıla bilərdi və əlavələrimizin digər kadra bağlılığı olmazdı. İmprovizələr hərdən zarafatla dördlük adlandırdığımız (Makintoş-Yaşar Nuri, Mürşüd-Hacı İsmayılov, Qurban-Siyavuş Aslan, Paşa-Kamil Məhərrəmov) aktyorlar arasında olurdu. Teymur Bəkirzadə mətnə uyğun gördüyü ifadələri saxlayırdı. O, filmin ümumi kompozisiyasını tam olaraq duyub gördüyünə görə saxladığı bəzi ifadələr filmə kolorit gətirdi, həmin ironik replikalar sonralar münasibəti yumşaldan zərb-məsəl kimi işlədildi”.
***
Mükəmməl dublyaj işi ekran əsərinin uğurunda mühüm rol oynayıb. Bu işdə peşəkar dublyaj rejissoru Novruz Axundovun xüsusi zəhməti olub. Müsahibim bu barədə deyir:
“Rolumu səsləndirmək üçün mənə mətn təqdim ediləndə çaşıb qalmışdım. Rolu ifa edəndə başqa sözlər demişdim. Mətndə isə tamamilə başqa ifadələr yazılmışdı. Mən heç vaxt dublyajla məşğul olmamışdım. Mətni oxumağa başlayanda baxırdım ki, təsvir ötüb keçdi. Heç cürə mətnlə təsviri uyğunlaşdıra, artikulyasiyaya əməl edə bilmirdim. Filmin “ukladçik”i (ütüləyicisi) görkəmli sənətkar Həsənağa Turabov idi. Bir-iki dəfə yoxladıqdan sonra mənə məsləhət gördü ki, aktyor çağırım, oynadığım obrazı səsləndirsin. Studiyadan çıxıb Şahmar Ələkbərova zəng etdim. Həmin vaxtlar Şahmar kinostudiyanın yaxınlığındakı binada yaşayırdı. Şahmar gəlib, mətni ustalıqla səsləndirdi”.
Filmin çəkilişləri əsasən Xaçmazda, Bakıda – Azneftdə, Zabrat aeroportunda aparılıb. Zümrüdün çalışdığı xalçaçılıq fabrikinin daxili hissələri Hacıqabulda, bəzi hissələri isə Bakıda dəmiryolu binasının qarşısında yerləşən xalça fabrikində lentə alınıb. Yusif müəllim çəkiliş məkanlarını çox yaxşı xatırlayır: “Kamil Məhərrəmlinin Mustafa ilə maşında dalaşma səhnəsini Bakıda Hökumət evinin qarşısından Azneft ərazisinə qədər olan məsafədə çəkdik. Zümrüdün dəniz kənarında qaldığı məkan isə Nardaran mayakının binasıdır. Sevindirici haldır ki, tamaşaçılar filmi biz gözlədiyimizdən də çox bəyəndilər. Günü bu gün də “Yol əhvalatı”nda olanlar maraq doğurur, sevgiylə izlənilir”.
Şəhla ƏMİRLİ
kinoşünas