Qarabağda verəcəyimiz konserti səbirsizliklə gözləyirəm. Azərbaycan musiqisinin Qarabağın hər guşəsində səslənəcəyi günlər çox yaxındadır. Bu sevinci bizə yaşatdığı üçün başda Ali Baş Komandanımız İlham Əliyev olmaqla Azərbaycan Ordusuna sonsuz təşəkkürlərimi bildirirəm.
Bu sözləri Türkiyədə fəaliyyət göstərən “Xəzər” Azərbaycan xalq rəqsləri qrupunun rəhbəri Gülçöhrə Sarısu Sanqu deyib.
Sənətçi bildirib ki, ən böyük arzum möhtəşəm bir proqramla Azərbaycan musiqisinin beşiyi olan Şuşaya səfər etməkdir: “O torpaqlar bizim üçün, Azərbaycan musiqisi, Azərbaycan mədəniyyəti üçün çox darıxıb. Bu həsrətin sona çatdığını iliklərimə qədər hiss edirəm. Qəlbim ifadə edə bilmədiyim hisslərlə doludur. Bu sevincin həddi-hüdudu yoxdur”.
30 ildən çoxdur Azərbaycan xalq rəqslərini, musiqisini və mədəniyyətini türk gənclərinə tanıtdığını bildirən Gülçöhrə xanım deyib: “Gənclər Azərbaycan mədəniyyətinə çox böyük maraq göstərirlər. İki qardaş ölkə gənclərinin hər yerdə olduğu kimi, bu sahədə də həmrəyliyini dünyaya nümayiş etdiririk. Mədəniyyətimizi gənc nəsillərə çatdırmaq bu sahənin təmsilçiləri olaraq hər birimizin borcudur. Bunun üçün əlimdən gələni edirəm. Mən azərbaycanlıyam və bununla da hər zaman qürur duymuşam. Səkkiz yaşımdan etibarən Vətənimin musiqisinə, rəqslərinə aşiq olmuşam və rəqs etməyə başlamışam. Xalqımın mədəniyyətini dünyada tanıtdığım üçün daim fəxr etmişəm”.