Əbülfəs Qarayev: «İqtisadi böhran nəticəsində daxili turizm inkişaf edir»
   
   Sözügedən konfrans və ümumiyyətlə turizmin mövcud vəziyyəti, bu sahədə gələcək planlar barədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev mətbuat nümayəndələrinin suallarını cavablandırdı.
   
   - Cənab nazir, turizm sahəsində hazırda görülən işlər, məsələn, adalarda aparılan rekonstruksiya işləri inkişafın neçə faiz artmasını ehtimal yaradır?
   - Dünyanı əhatə edən iqtisadi böhran səbəbindən dolayı turizmin geniş inkişafı barədə danışmaq çox təəssüf ki, bir qədər çətindir. Ən azından yaxın bir-iki il ərzində.
   Dünya Turizm Təşkilatının proqnozuna əsasən turizm sahəsində artım hər il 1-2 faiz civarında olacaq. Təbii ki, bu proqnoz yaxın bir-iki ili əhatə edir. Sonrakı illərdə artıq bu sahədə sıçrayış gözlənilir. Lakin Azərbaycanda gözləntilərimiz bir qədər yüksəkdir.
   Ötən ilə nisbətən bu il turist axınında təxminən 15 faiz artım olacağını gözləyirik. Və buna nail olmaq üçün şübhəsiz ki, infrasturuktur daha da genişləndirilməlidir. Biz bir dövlət olaraq bu gün yolların, müasir standartlara cavab verən hotellərin tikilməsinə xüsusi əhəmiyyət veririk. Hazırda Azərbaycanda 35 yeni hotel tikilməkdədir. Lakin regional turizm proqramlarının həyata keçirilməsi çox böyük investisiya tələb edir. Hələlik yalnız bir layihə - Qusarda inşa olunan «Şahdağ» qış-yay turizm və istirahət kompleksi ətrafında gücümüzü cəmləşdirə bilmişik. Bu uzunmüddətli bir prosesdir. Kompleks, 3-4 il sonra təxminən 1000-1500 nəfərə qədər turisti qəbul edə biləcək. Son məqsəd insanların rahat istirahəti üçün 5 minə qədər yataq yerlərinin təşkilidir. Eyni zamanda Azərbaycanın Xəzər dənizi sahilində yerləşən 7 turizm zonasında - Bakı, Naxçıvan, cənub zonası, şimal zonası, şimal-qərb zonası, Göygöl ətrafı, Dağlıq Qarabağda bu imkanların genişləndiriməsi nəzərdə tutulub. Dağlıq Qarabağı da 7-ci zona sayırıq, planlarımızda əks etdiririk, sərgilərdə nümayiş etdiririk. Əfsuslar olsun ki, oranın turizmilə bağlı işlər real görməyə hələlik əlimiz çatmır. Sözsüz ki, bunların hamısına böyük investisiya cəlb olunur. Bildiyiniz kimi, turizm, tamamilə özəl bir sektordur. Biz bir dövlət olaraq bu sektoru yalnız stimullaşdıra, infrastrukturunun genişləndirilməsi üçün şərait yarada bilərik. İndiki zamanda hazır infrastrukturlara daha çox sərmayə qoyanların marağı cəlb olunur. Siyasət bundan ibarətdir.
   - Mövcud iqtisadi böhran ən güclü ölkələrin belə turizm siyasətində mənfi dəyişikliklərə gətirib çıxarıb. Ancaq buna rəğmən Siz, Azərbaycan turizminin inkişafı haqda çox nikbin danışdınız. Bir dövlət olaraq konkret antiböhran proqramları düşünülübmü, yoxsa?
   - Ümumi mənzərə belədir. Krizis, bildiyiniz kimi, Azərbaycana o qədər böyük təsir göstərməyib, yəni digər ölkələrə nisbətən dünya iqtisadi böhrandan daha az əziyyət çəkən ölkə Azərbaycandır. Nikbinliyimzə səbəb nədir? Sabit, normal inkişaf edən, yəni bu iqtisadi böhranın, təlatümün içində yaşamayan ölkəyə istər-istəməz xaricdən diqqət də artır. Yəni, böhrandan az əziyyət çəkilirsə, deməli, orda sabitlik var və ora getmək sərfəlidir. Və təbii ki, həmin ölkənin bu nəticələri necə əldə etməsilə maraqlanılır. Bu da bizim üçün kifayət qədər cəlbedici imkan olduğu üçün ondan səmərəli istifadə etməliyik.
   Digər tərəfdən Dünya Turizm Təşkilatının tədqiqatları sübut edir ki, istənilən böhrana rəğmən insanlar istirahətə meyillidir. İşin olub-olmaması belə insanların gərgin həyat arasında öz istirahətlərinə vaxt ayırmalarına mane olmur. Dəyişən yalnız məsafə etibarilə səyahət istiqamətləridir. Əgər bir zamanlar Amerikadan və Avropadan böyük vəsait yatırıb uzaq Şərq ölkələrinə gəzməyə, istirahətə gedirdilərsə, indi bu vəsait bir qədər məhdudlaşdırılır. Dolayısı yolla nəticədə daxili turizm də inkişafa doğru gedir. Bir neçə gün öncə Avstriya vilayətinin bir qubernatoru ilə görüşümüzdə bunu müzakirə etdik. Cənab qubernator da öz sözündə bu fikri təsdiqlədi ki, mövcud böhran nəticəsində Avstriyanın daxili turizmi uddu. Yəni, insanlar xaricə ölkələrə az gedirlər, daha çox öz ölkələrinə səyahət edir, istirahət məkanlarında olurlar, bu da daxili turizmin inkişafı deməkdir.
   Biz də gözləyirik ki, həm Azərbaycan əhalisi arasında, həm də regionumuz yaxın qonşu ölkələrdən istirahət üçün uzaq məsafəyə deyil, yaxın Azərbaycana və yaxud da yaxın istiqamətlərə gələcəklər. Bu baxımdan bir dövlət olaraq Azərbaycanın Gürcüstan, Rusiya, Türkiyə, İran, Türkmənistan ölkələri arasında birgə turizm layihələrinə əhəmiyyət veririk. Hətta turizm şirkətlərinə də bu istiqamətdə bəzi tövsiyələrimiz olur, məsələn, bir həftəlik səfər zamanı hər iki ölkəni gəzmək imkanı olsun, üç gün bir ölkədə, üç gün digər ölkədə. Buna bənzər istiqamətlər Azərbaycana turist axınını stabilləşdirə və inkişaf etdirə bilər.
   Ölkəmizə turist marağını artıran digər səbəblərindən biri də paytaxtımızda və digər ölkələrdə keçirilən beynəlxalq tədbirlərdir. Forum turizmi, Konqres turizmi adlandırılan istiqamətlər də Azərbaycan turizminin inkişafı üçün çox vacibdir. Ölkəmizdə beynəlxalq yarışlar, tədbirlər, müsabiqələr keçirilir. Nəticədə, Azərbaycana diqqət artır. İxtisaslaşdırılmış turizmin gəlişini biz, özəlliklə Mədəniyyət ili çərçivəsində duyuruq, hiss edirik.
   
   Sevda Babayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar