Keçənlərdə izlədiyim bir filmdə təxmini belə bir ifadə var idi: Həqiqəti başqasının gözündən görəndə daha çox inanırsan. Təzadlı fikirdir. Amma həqiqət gücü çoxdur. Bunu vətənpərvərlik, milli bəlalar, məruz qaldığımız terror və dünya səhnəsində ona baxış rakursuna gətirəndə istər-istəməz dodağını dişləyirsən: bu vədəyəcən niyə özümüz ağlayıb, özümüz də kirimişik? Zatən nə dərdimizə yanan oldu, nə pərişanlığımızı soran...
Bu gün isə haqlı olduğumuzu düşmənin, haqsız olanın “başına döyə-döyə” başa salmaqla bunu dünyaya bəyan edirik. Bax indi, yuxarıda dediyimiz fikrə gəlib, bizim həqiqətimizi başqa gözlə görürlər. Daha doğrusu, buna məcbur olurlar. Zülm və istibdadın illərdir inlətdiyi bir xalqın intiqam hissini zəfər yürüşü ilə tamamlaması tamaşasını izləyə-izləyə...
Tamaşa dedim, yadıma teatr, daha doğrusu, özünü hələ də karantinə alan səhnələrimiz düşdü. Vətən müharibəmizin ikinci ayındayıq. Ön cəbhədə qan tökdük, can verdik, “Sən olasan gülüstan, Sənə hər an can qurban” deyib səngərdən-səngərə qoşan qəhrəman əsgərlərimiz yağı düşməni torpaqlarımızdan, murdarladıqları müqəddəs yurd yerlərimizdən qovur. Bu, ön cəbhədə və xalqın cəbhəsində olanlardır ki, ən yaxşı halda şücaət tamaşasının bütün baş və başqa oyunçuları qalibdir, qəhrəmandır, bənzərsizdir.
Bəs sənət cəbhəsinin əsgər və zabitləri haradadırlar? Təxminən eyni cavabları eşidirik: “Karantindir, teatrlar bağlıdır, efirə hər saat çıxa bilmirik, Operativ Qərargahın qayda-qanunlarına ciddi əməl edirik və sair”. Əlbəttə, qaydalar çərçivəsində yaşamaq yaxşıdır. Bəs mövzu Vətəndirsə və əlinizdə söz demək imkanı, sosial şəbəkələrdə aktiv profilləriniz, telekanallarda efir şəraitiniz varsa. O zaman heç bir bəhanə keçərli deyil...
Nə isə, mətləbdən uzaqlaşmayaq. Görək karantin günlərində və müharibə şəraitində teatrlarımız, onların təmsilçiləri fərdi və kollektiv formada (karantin qaydaları nəzərə alınmaqla) nə kimi layihələr reallaşdırırlar.
Məsələn, Akademik Opera və Balet Teatrının təmsilçiləri müəyyən qruplar şəklində cəbhə bölgələrinə səfər etdiklərini deyirlər. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, bu günlər, ölkənin bütün vətəndaşları kimi, Azərbaycanın incəsənət xadimlərinin qabaqcıl dəstəsini təmsil edən bu kollektiv də Vətən müharibəsinə öz dəstəyini əsirgəmir. Teatrın solistlərindən Xalq artisti Mənsum İbrahimov, Əməkdar artistlər Təyyar Bayramov, İlkin Əhmədov, Elnur Zeynalov cəbhə bölgələrində olub, şanlı Ordumuzun əsgərləri ilə görüşüblər. Teatrın bəzi əməkdaşlarının övladları bu gün ön cəbhədə, döyüş meydanındadır. Bununla yanaşı, teatr əməkdaşlarının bir çoxu sosial şəbəkələr vasitəsilə Azərbaycanın haqq işinin dünyaya yayılması üçün xarici ölkələrdə olan sənət dostlarına tarixi faktları, məlumatları rus, ingilis, alman və italyan dillərində çatdırırlar. Bu işdə teatrın Azərbaycandan kənarda yaşayıb fəaliyyət göstərən keçmiş əməkdaşlarından Xalq artisti Əvəz Abdullayev, Əməkdar artist Timur Əsgərov və başqaları da aktivlik göstərirlər. Rusiyanın məşhur səhnələrində çıxış edən görkəmli opera müğənnisi, Azərbaycanın Xalq artisti Yusif Eyvazovu da bu xüsusda alqışlayıb keçək digər teatrlarımıza.
Onu da qeyd edək ki, teatrlarımızın heç biri diqqətdən kənarda qaldıqlarını hiss etməsin deyə yazını hazırlayarkən onların sayt və sosial şəbəkə ünvanlarını dönə-dönə nəzərdən keçirdik.
Hələ döyüşlərin ilk günlərində ölkə başçısına müraciət ünvanlayan Akademik Milli Dram Teatrının kollektivi əldə silah bayrağımızı, torpağımızı qorumağa hazır olduğunu bəyan etmişdi. Müharibənin təkcə səngərdə yox, həm də informasiya sahəsində – beynəlxalq ictimai rəyi formalaşdıran sosial şəbəkələrdə getdiyini nəzərə alan teatrın bəzi aktyorları bu istiqamətdə fəallıq göstərirlər. Teatrın ayrı-ayrı üzvlərini, xüsusən də Xalq artisti Nurəddin Mehdixanlını cəbhə bölgəsində, hərbçilərimiz qarşısında mütəmadi görürük.
Akademik Musiqili Teatrın yaradıcı heyəti “Əsgərə məktub” layihəsinə qoşularaq qəhrəman Vətən oğullarına sevgilərini fərqli auditoriyalardan çatdırmağa çalışırlar. Bu layihədə istər teatrın rəhbərliyi, istər aktyorlar, istərsə də texniki heyət maraqla iştirak edir.
Dövlət Gənc Tamaşaçılar Teatrı isə əsgərə sevgisini kollektiv iş ilə sərgiləyib. Yazıçı-dramaturq Pərvinin qələmə aldığı “Əsgərə salam” müraciəti teatrın bir qrup aktyoru tərəfindən videoçarx şəklində hazırlanıb. Bir qadının, ananın dilindən səngərdə döyüşən, Vətən torpağını düşmən tapdağından xilas edən əsgərlə xəyali söhbət, etiraf kimi qələmə alınan esseni teatrın istedadlı aktrisaları Səbinə Məmmədova, Aygün Fətullayeva, Sabirə Abdullayeva səsləndiriblər. Qeyd edək ki, bu, teatrın əsgərə müraciət formasında hazırladığı ikinci işdir.
Dövlət Pantomima Teatrının direktoru, Əməkdar artist Elman Rəfiyevin fərqli şeir və monoloqlar əsasında hazırladığı videoçarxlar, Xalq artisti Pərviz Məmmədrzayevin tutarlı və yorulmaz sosial şəbəkə təbliğatı, Ceyhun Dadaşovun açıq virtual savaşı da indiki və keçmiş pantomimçilərin çağırışı kimi yaddaqalan və təsirlidir. Hazırda teatrın yaradıcı heyəti bir neçə layihəni də tamamlamaq üzrədir. Mədəniyyət Nazirliyi, Azərbaycan Televiziyası və teatrın birgə təşəbbüsü olan “Vətən valsı” rəqsi, “Xilaskar” pantomim səhnəciyi, “Əsgərdən məktub” radio layihəsi bu qəbildəndir.
Bu həssas məqamlarda Dövlət Yuğ Teatrının da ayrı-ayrı təmsilçilərinin fərdi təşəbbüslərini qeyd edə bilərik.
Haqq işimizin dünyaya, xüsusən də rusdilli auditoriyaya çatdırılmasında Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının bir neçə aktyorunun özünəməxsus təşəbbüsü alqışlanmalıdır. Azərbaycanı ana vətən saydıqlarını, onun uğrunda mübarizəyə də hazır olduqlarını dilə gətirən daha çox gənclərdən ibarət qrupun həyata keçirdiyi sosial şəbəkə mübarizəsi diqqətəlayiqdir.
A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının rejissor və aktyorları isə əsgərə sevgi və sayğılarını iki videoçarxda təqdim ediblər. Bunlar “Əsgərə salam” başlıqlı müraciətlər və Zülfüqar Rüfətoğlunun “Ana Vətən” şeirinin ekran həllidir. Teatrın nəzdindəki “Oyuq” teatr-studiyasının “Qarabağ Azərbaycandır!” layihəsi çərçivəsində iki mahnıya – “Cənab leytenant” və “Can Qarabağ” mahnılarına yeni aranjimanda klip çəkilib.
Sadaladıqlarımın sizi və ələlxüsus da bütün səhnələrin baş qəhrəmanı əsgərimizi nə dərəcədə qane etdiyini deyə bilməsəm də, bir şeyə əminəm: bu tamaşanın (haqq savaşının) əsas qəhrəmanı hər şeyi görür və hər kəsi sevir. Bunu hiss etdirməsə də...
Həmidə NİZAMİQIZI