Bakı Media Mərkəzi tərəfindən istehsal olunan, Nobel qardaşlarının Azərbaycanda neft sahəsində fəaliyyətinə həsr olunmuş “Miras” bədii-sənədli filmi Kanadada keçiriləcək 9-cu Kalqari Avropa Film Festivalında (Calgary European Film Festival) Azərbaycanı təmsil edəcək.

Noyabrın 7-dən 15-dək davam edəcək festival çərçivəsində ümumilikdə 20 Avropa ölkəsindən filmlərin təqdim olunması nəzərdə tutulur. Festivalın saytında (calgaryeuropeanfilmfestival.ca) “Miras” filmi haqqında ətraflı məlumat yerləşdirilib.

Filmin məqsədi Nobel qardaşlarının Azərbaycandakı fəaliyyətinin həm regionda, həm də dünya neft hasilatının inkişafında tarixi rolu və əhəmiyyətini vurğulamaq, eləcə də Azərbaycanda neft hasilatı tarixinin işıqlandırılması və təbliği işinə töhfə verməkdir. Bakı Media Mərkəzinin əməkdaşı Zaur Qasımlının rejissoru olduğu ekran əsərində Nobellərin böyük nailiyyətləri – dünyada ilk neftdoldurma tankeri və neft məhsullarının saxlanılması üçün dəmir çənlərin (rezervuarların) yaradılması, Avropada ilk neft boru kəmərinin məhz Bakıda istifadəyə verilməsi kimi dövrün yeniliklərindən də bəhs olunur. Eyni zamanda filmdə neft sənayesinin inkişafı ilə “qara qızıl”ın geostrateji xammal kimi əhəmiyyətinin artması, eləcə də Azərbaycanın regionda geosiyasi önəm qazanması və bir neçə qitənin nəhəng şirkətlərinin Bakı nefti uğrunda gərgin mübarizə aparmasından danışılır. “Miras” filmində həmçinin bu gün Azərbaycanın dünyanın etibarlı enerji təminatında rolu diqqətə çatdırılır.

Filmlə əlaqədar Nobellər ailəsinin üzvləri Piter Nobel (Robert Nobelin nəticəsi), Tomas Tiden (Lüdviq Nobelin nəticəsi, professor) və tanınmış ekspertlər Villiam Brays (ABŞ Neft tarixçisi) və Brita Asbrinkdən (İsveç yazıçısı, jurnalist) özəl müsahibələr alınıb.

Məlumat üçün deyək ki, “Miras” bədii-sənədli filmi sərbəst baxış üçün Bakı Media Mərkəzinin “YouTube” səhifəsində təqdim olunub: https://www.youtube.com/watch?v=AIpais28Zlw