Silahlı Qüvvələrimizin işğal altında olan tarixi ərazilərimizi azad etməsi xalqımızda böyük ruh yüksəkliyi və coşqu yaradıb. Hər kəs bu qürurlu günlərdə Ordumuzun yanında olmağı, ona dəstəyini ifadə etməyi özünün müqəddəs borcu hesab edir.
“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin nümayəndələri də bu çağırışa qoşularaq, mütəmadi olaraq əsgərlərimizi ziyarət edirlər. İctimai birliyin nümayəndələri görüşlər zamanı bildiriblər ki, əslində, bu gün Azərbaycan Ordusunun maddi-texniki baxımdan heç bir yardıma, köməyə ehtiyacı yoxdur. Bu ziyarətlərdə məqsəd xalqın ordu ilə birlikdə olduğunu bir daha nümayiş etdirmək və xalqımızın tarixən əsgərə sovqat göndərmək ənənəsini yaşatmaqdır.
Görüşlər zamanı əsgərlərimiz yüksək əhval-ruhiyyədə olduqlarını, xalqdan gələn hər bir dəstəyin, onlara göndərilən adi bir sovqatın mənəvi cəhətdən böyük məna kəsb etdiyini deyiblər. Bildirilib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuz işğal altında olan bütün torpaqlarımızı azad edəcək, əzəli yurdlarımızda Azərbaycan bayrağı dalğalanacaq.