Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərindəki mədəni və təbii irsin vəziyyəti ilə bağlı bəyanat yayıb.
Bəyanatda Dağlıq Qarabağ ərazisində və onun ətraf rayonlarında yerləşən, yalnız Azərbaycana deyil, bütövlükdə türk dünyasına məxsus olan tarixi abidələrin vəziyyəti ilə bağlı Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun ciddi narahatlığı ifadə olunur.
Bəyanatda deyilir ki, işğalçı qüvvələr əcdadlarımızın yaratdığı qiymətli memarlıq nümunələrini dağıdıb, bununla da dünya miqyaslı mədəniyyət tarixinə böyük ziyan vurub. Maddi-mənəvi dəyərlərin məqsədyönlü şəkildə məhv və talan edilməsi, mənimsənilməsi, tarixin saxtalaşdırılması təcavüzkar siyasətin əyani sübutudur. Qədim alban xristian kilsələrinin saxta yollarla “erməniləşdirilməsi” və qədim müsəlman dini abidələrinin təhqir olunması, zəngin fauna və flora mənbəyi olan meşələrin yandırılaraq məhv edilməsi, qlobal ekoloji tarazlığın kobud şəkildə pozulması Ermənistan işğalçılığının insanlığa yaraşmayan nəticəsidir.
Vurğulanır ki, minilliklərin sınağından keçmiş, bir çox müharibələrin, təbiət hadisələrinin şahidi olmuş bu abidələr canlı bir varlıq kimi bəşəri-mədəni irsin dəyərli nümunələri sırasında özünü qoruya bilib. Ancaq XXI əsrdəki təcavüzlər, həmin minilliklərin belə toxunmadığı abidələri yerlə yeksan edib, Böyük İpək Yolunun keçdiyi bu ərazilərdəki karvansaraları, unikal arxitekturalara malik qədim məscidləri, mədrəsələri, körpüləri dağıntılara məruz qoyub. Zəbt edilmiş ərazilərdəki çoxəsrlik sənət nümunələrinə qarşı belə bir qəddar münasibət beynəlxalq hüquq normalarına və beynəlxalq konvensiyalara tamamilə ziddir. Bu sənədlərə əsasən, işğalçı ölkə Azərbaycan ərazilərində törədilən vandalizm aktlarına görə birbaşa hüquqi məsuliyyət daşıyır.
“Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu bəşəri mahiyyətli tarixi abidələrin məhv edilməsinə yönəlmiş cinayət əməllərini qətiyyətlə pisləyir və beynəlxalq ictimaiyyəti buna laqeyd qalmamağa, öz etiraz səslərini ucaltmağa çağırır. Tarixi mirasın məhv edilməsi bəşəriyyəti əsrlər boyu mövcud olmuş qiymətli sərvətlərdən məhrum edir. Biz bütün beynəlxalq təşkilatlara müraciət edərək, onları beynəlxalq hüquq çərçivəsində Ermənistan tərəfinin məsuliyyətə cəlb olunması yönündə səylərini birləşdirib, təcili tədbirlər görməyə səsləyirik”, – deyə bəyanatda vurğulanır.