Payızın son ayı bizə küləkli yağışlarla bərabər illərdir həsrətində olduğumuz zəfərləri də gətirdi. Beləcə, koronavirus pandemiyası səbəbindən az qala küsdüyümüz bu ili fəxarətlə yola sala biləcəyik. Bu ay bizi dünya səhnəsinə qalib, haqq savaşında zəfərə qovuşan xalq kimi çıxardı. Hazırda fərqli hisslər yaşayan Azərbaycan insanı qarşıdakı günlərin sevinc və həyəcanı içində bir də dünyanın ümumi düşməninə çevrilən koronavirus üzərində qələbəyə cəhd edir. Bir sıra sahələrdə, o cümlədən teatr-konsert müəssisələrinin fəaliyyətində karantin fasiləsi davam edir.

Pandemiyalı ötən müddət ərzində teatrlar retro və yeni lentə alınmış tamaşalar əsasında onlayn repertuar formalaşdıraraq sosial şəbəkə ünvanları vasitəsilə tamaşaçılarla ünsiyyətini davam etdirməyə çalışıblar. Sentyabrın 27-də Vətən müharibəsinin başlaması və ölkədə hərbi vəziyyətlə əlaqədar internet təminatında məhdudlaşmaların tətbiqindən sonra bu proses, demək olar ki, dayanmışdı. Noyabrın 12-dən bu məhdudiyyətin aradan qaldırılması ilə yəqin ki, teatrlar da virtual tamaşa nümayişini bərpa edəcəklər.

Bununla belə, texniki çətinliklərə rəğmən tamaşaçıları ilə virtual əlaqəsini qırmamağa çalışan Yuğ, Pantomima, Azərbaycan Dövlət Kukla və Sumqayıt Dövlət Dram teatrları isə artıq noyabr ayının repertuarını elan ediblər.

Dövlət Pantomima Teatrı 14 və 15 noyabrda Ü.Hacıbəylinin “Biz nə tövr iş görürük?” felyetonu əsasında hazırlanan “Dulusçu” tamaşasını təqdim edəcək. İzləmək istəyənlər saat 21:00-da teatrın “YouTube” kanalına qoşula bilərlər. 21-22 noyabrda isə elə eyni saatda Xalq artisti Bəxtiyar Xanızadənin hazırladığı “Eşq” virtual səhnəyə çıxacaq. Mimçilər  28-29 noyabr axşamında S.Bekketin “Ümid”i ilə görüşünüzə gələcəklər.

Dövlət Yuğ Teatrının onlayn proqramına 14 noyabrda H.İbsenin “Vəsvəsə”si daxil edilib. Nəsimi fəlsəfəsini ön plana çəkən və teatrın ən baxımlı tamaşalarından olan “Mənəm, mən...” (İlqar Fəhmi) noyabrın 17-də göstəriləcək. 21 noyabrda yuğsevərlər V.Şekspirin “Lənət”ini, 24 noyabrda isə Mirzə Fətəli yaradıcılığının çələngi hesab olunan “Naməlum Axundzadə”ni izləmək imkanı qazanacaqlar. Ayın onlayn repertuarının son nümayişi (28 noyabr) V.Klimenkonun  “Medeya. Sekvensiya”sı olacaq.

A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı yerli və dünya uşaq ədəbiyyatından seçmələr əsasında rəngarəng repertuar tərtib edib. 14 noyabrda  “Cik-cik xanım”, 15 noyabrda “Qoğal” ekrandan balacalarla görüşəcək. Rusdilli tamaşaçılar üçün isə 20 noyabrda “Durna balığı” göstəriləcək. 21 noyabrın seansına “Sehrbaz qadın”, ertəsi günün nümayişinə isə “Pişiyin evi” çıxacaq. Teatrın ən baxımlı tamaşalarından sayılan  “Oyaq gözəl” 27, “Qırmızıpapaq” isə 28  noyabrda göstəriləcək.

Ayın son nümayişi isə Əməkdar artist Rəhman Rəhmanovun iştirakı ilə lentə alınan “Şəngülüm, Şüngülüm” (29 noyabr) tamaşası olacaq. Tamaşalar teatrın “YouTube” kanalından saat 12:00-da nümayiş olunur və seans bitən kimi kanaldan silinir. Odur ki, fürsəti qaçırmadan tamaşaları izləməyə tələsin.

Sumqayıt teatrı bu ay virtual repertuarında daha çox dramatik janrlı əsərlərə üstünlük verib. Noyabrın 15-də “Şahzadənin ulduzu” (H.X. Andersen)  və “Burdan min atlı keçdi” (Hidayət) tamaşaları təqdim ediləcək.

21 noyabrda “Ələddinin sehrli çırağı” nağılı və “Sən həmişə mənimləsən” (İ.Əfəndiyev) nümayiş olunacaq. Ertəsi günün proqramına “Şahzadə və dilənçi” (M.Tven) və “Nakam arzular” (R.Tohidoğlu) daxildir. Noyabrın 28-də virtual səhnəyə “Sehrli yaylıq” (K.Həsənov) və “Qatil” (Elçin), ayın 29-da  isə “Tülkü həccə gedir” (A.Şaiq) və “Hacı Qara” (M.F.Axundzadə) çıxacaq.

Tamaşalar saat 12 və 18:00-dan etibarən teatrın “Facebook” səhifəsində nümayiş olunacaq.

HƏMİDƏ