“Şərab, Mədəniyyət və Turizm Mübadiləsi” beynəlxalq turizm marşrutu layihəsi ilə əlaqədar 4-cü plenar görüş keçirilib
   
   Bugünlərdə Makedoniya Respublikasının Skopye və Negotino şəhərlərində Avropa Şurasının “Kiyev Təşəbbüsü” Regional Proqramı çərçivəsində həyata keçirilən “Şərab, Mədəniyyət və Turizm Mübadiləsi” beynəlxalq mədəni turizm marşrutu layihəsi ilə əlaqədar 4-cü plenar görüş keçirilib. Görüşdə marşrutların milli səviyyədə inkişafının mövcud vəziyyəti, iştirakçı ölkələrdə idarə strukturunun formalaşdırılması, maliyyələşdirilmə strategiyası və layihənin nizamnaməsinin təsdiqi məsələləri müzakirə olunub.   

   Azərbaycanı bu tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin tədqiqat işləri, statistika və lisenziyalaşdırma sektorunun müdiri Mahir Qəhrəmanov və layihənin partnyoru “Agro-Azerinvest” şirkətinin direktoru İlham İbrahimov təmsil ediblər.
   Mahir Qəhrəmanovun qəzetimizə verdiyi məlumata görə, görüşün rəsmi açılışında Makedoniyanın iqtisadiyyat naziri Fatmir Besimi, kənd təsərrüfatı, meşə və su təsərrüfatı nazirinin müavini Kristican Delev, Mədəniyyət Nazirliyinin rəsmi nümayəndəsi və Tikveş Şərab Fondunun prezidenti Qcorqci Kcimov iştirak ediblər. Tədbirdə həmçinin Avropa Şurası Katibliyindən “Şərab, Mədəniyyət və Turizm Mübadiləsi” beynəlxalq mədəni turizm marşrutu layihəsinin rəhbəri xanım Madelena Qrossman, QDİƏT-in icraçı direktoru Predraq Qavriloviç və layihəyə cəlb olunan ölkələrin-Ukrayna, Moldova, Azərbaycan, Gürcüstan, Ermənistan, Bolqariya, Türkiyə, Yunanıstan, Makedoniya, Bosniya və Herseqovina, Serbiya və Rumıniyanın layihə üzrə milli koordinatorları və partnyor qismində çıxış edən təşkilatların nümayəndələri də iştirak ediblər. İştirakçılar proqram çərçivəsində Tikveş Şərab Fondunun Neqotino şəhərində yerləşən şərab zavodunu ziyarət ediblər və onlar üçün şərabın dequstasiyası təşkil olunub. Eyni zamanda qonaqlar fondun üzüm bağlarını da gəziblər.
   M.Qəhrəmanovun dediyinə görə, sonra tədbir bir neçə sessiya üzrə davam etdirilib. Müxtəlif mövzularda Avropa Komissiyasının ekspertlərinin iştirakı ilə həmin sessiyalarda müzakirələr və fikir mübadiləsi aparılıb: «Müzakirələr zamanı layihənin davamlı idarəolunması üçün bəzi strukturların yaradılması təklif edildi və bu, «Şərab yolu» beynəlxalq mədəni turizm marşrutu layihəsinə daxil olan ölkələrin nümayəndələri tərəfindən dəstəkləndi. Avropa Komissiyasının mədəni marşrutlar üzrə eksperti Antonio Paolo Russo və ekspert qismində çıxış edən Üzümçülük üzrə Beynəlxalq Hüquq Assosiasıyasının vitse-prezidenti Robert Tinlot yaradılması planlaşdırılan təşkilatın hüquq və vəzifələrini müəyyən edən əsasnamənin ilkin variantının layihəsini təklif etdi və layihə iştirakçılar arasında müzakirə olundu. Ümumilikdə, “Şərab, Mədəniyyət və Turizm Mübadiləsi” beynəlxalq mədəni turizm marşrutu layihəsinin davamlı inkişafı üçün beynəlxalq normalara uyğun təklif olunan idarəetmə strukturunun yaradılması iştirakçılar tərəfindən dəstəkləndi. Eyni zamanda mədəni marşruta daxil olan ölkələrdə layihə çərçivəsində milli idarəetmə strukturunun hər bir ölkənin müvafiq qanunvericiliyinə uyğun yaradılmasının vacib olması bildirildi».
   Görüşün ikinci günü layihədə iştirak edən tərəflər hər bir ölkədə layihənin həyata keçirilməsinə dair təqdimatlar keçiriblər. M.Qəhrəmanov «Azərbaycanda şərab yolu» beynəlxalq mədəni turizm marşrutunun reallaşması istiqamətində görülən işlərlə bağlı təqdimat edib: «Mədəniyyət və Turizm Nazirliyinin vəsaiti hesabına nəşr olunan «Azərbaycanda şərab yolu» bukletini iştirakçılara payladım. Deyim ki, bukletlər iştirakçılar tərəfindən maraqla qarşılandı».
   Mahir müəllim sonda onu da qeyd etdi ki, Avropa Şurasının «Kiyev təşəbbüsü» çərçivəsində həyata keçirilən “Şərab, Mədəniyyət və Turizm Mübadiləsi” beynəlxalq mədəni turizm marşrutu layihəsi 2009-cu ildə başa çatır. Skopce şəhərində keçirilən 4-cü plenar görüşün də əsas hədəflərindən biri layihənin davamlı olması üçün beynəlxalq səviyyədə idarəetmə strukturunun yaradılması idi.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar