Azərbaycanlı rejissor Hilal Baydarovun “Səpələnmiş ölümlər arasında” filmi Yaponiya paytaxtında keçirilən 21-ci “Tokyo Filmex” festivalında “Ən yaxşı film” mükafatına layiq görülüb. Bu barədə festivalın saytında məlumat verilib.

Noyabrın 7-də başa çatan festivalın mükafatlandırma mərasimində münsiflər heyəti qalibləri elan ediblər.

Videokonfrans vasitəsilə mərasimə qoşulan filmin rejissoru Hilal Baydarov münsiflərə təşəkkürünü bildirib. O deyib ki, bəlkə də festival iştirakçıları, ilk dəfə idi Azərbaycan filmi ilə tanış olurdular.

Qeyd edək ki, Azərbaycan, ABŞ və Meksika kinematoqrafçılarının birgə istehsalı olan “Səpələnmiş ölümlər arasında” filmində Davud adlı bir gəncin məhəbbət hekayəsindən bəhs olunur. Yanlış anlaşılan, narahat həyatına məna və sevgi gətirəcəyinə inanaraq əsl ailəsini axtaran qəhrəman günlərin birində ard-arda gözlənilməz qəzalar yaşayır. Bu qəzalar hər dəfə ölümlə nəticələndiyi zaman gözəgörünməz xatirələr və narahatlıqlar üzə çıxır.

Filmin ssenari müəllifləri Hilal Baydarov, Rəşad Səfər, quruluşçu operatoru Elşən Abbasov, bəstəkarı Kənan Rüstəmli, birgə istehsalçıları Carlos Reygadas, Joslyn Barnes, icraçı prodüserləri Danny Glover, Susan Rockefellerdir. Rolları Orxan İskəndərli, Rəna Əsgərova, Hüseyn Nəsirov, Samir Abbasov, Kamran Hüseynov, Məryəm Nağıyeva, Kübra Şükürova, Nərmin Həsənova, Oqtay Namazov və Mürvət Əbdüləzizov oynayır.

Sentyabrda Venesiya (İtaliya) kinofestivalında nümayiş olunan ekran əsəri bundan sonra Misirdə festivalda iki mükafat qazanmışdı.

Lalə AZƏRİ