Onlar tələbata cavab verirmi?
   
   Mehmanxanaların nə zaman və harada meydana gəlməsi dəqiq bəlli olmasa da, arxeoloqlar onların ilk dəfə Şərqdə yaranması qənaətindədir. İngilis arxeoloqu Leonard Vullinin İraqın cənubunda apardığı arxeoloji qazıntılar bizim eradan 5 min il əvvəl insanların müvəqqəti yaşayış məskənləri olan «xannlar»ın mövcud olduğunu sübut edib. İllər keçdikcə dövrə uyğun olaraq bütün sahələrdə olduğu kimi, bu yaşayış məskənləri də nəinki müasirləşirdi, hətta baş verən proseslərdən asılı olaraq əhəmiyyətləri daha da artırdı.
   
    Orta əsrlərdə Şərqdə ticarətin inkişafı ilə əlaqədar olaraq bu tip yaşayış məskənləri karvansaralar qismində meydana gəlməyə başladı. Müvəqqəti dayanacaq yerlərinin müasir sələfləri olan karvansaralara İraqda, İranda, Türkiyədə, Əfqanıstanda və eləcə də Şərqin bir parçası olan Azərbaycanda da rast gəlmək mümkündür. Sonralar isə karvansaralar motel, qonaq evləri, mehmanxanalar və ya hotellərlə əvəz olundu. Son 200 ildə isə hotelçilik dünyada o qədər inkişaf edib ki, hətta öz brendləri ilə tanınan «Hilton», «Şeraton», «Mariott», «Hyatt Regency» kimi məşhur mehmanxana şəbəkəsi fəaliyyət göstərir. Görəsən, son bir neçə ildə Azərbaycanda baş verən iqtisadi inkişaf nəticəsində dünya cəmiyyətinin və işgüzar səyahətlərin mərkəzinə çevrilən Bakıda bu sahədə vəziyyət necədir? Məlumdur ki, ölkəmizdə turizm sənayesi yüksək templə inkişaf edir. Bakıda, eləcə də regionlarda turizmin inkişafı üçün gözəl imkan yaradan müasir hotellər, istirahət zonaları və başqa infrastruktur obyektləri tikilir. Hazırda paytaxtımızda 165, ümumilikdə isə ölkədə 500-dən artıq hotel fəaliyyət göstərir. Əlbəttə, bu, heç də aşağı göstərici deyil. Maraqlıdır, onların arasında dünya standartlarına cavab verən, məşhur hotel brendlərini qazananlar varmı?
   
   Dünya sertifikatı almağa nail olan «Hilton-Bakı» hoteli
   
   Hotelçilik üzrə mütəxəssislərlə aparılan söhbətdən bəlli oldu ki, hazırda paytaxtımızda dünya hotellərinin zəncirvari sisteminə daxil olan, dünya standartlarına cavab verən və sertifikat alan yeganə beşulduzlu hotel «Hyatt Regency»dir. Bu qeyri-qənaətbəxş vəziyyət bir sıra mütəxəssisləri narahat etməyə bilmir. Məsələn, Amerika Kornell Hotelçilik Universitetinin və Türkiyədə hotelçilik məktəbinin məzunu, 10 ilə yaxın Birləşmiş Ərəb Əmirliklərində hotel meneceri vəzifəsində çalışmış Elçin Zeynalabdinin qənaətincə, ölkəmizdə səviyyəli hotellərin sayı o qədər də çox deyil: «Bu gün Bakı dünya miqyasında tanınan şəhər olsa da, dünya standartlarına cavab verən hotellərimiz yoxdur. Düzdür, «beşulduzlu» adlandırılan hotellər var, amma dünya sertifikatı əldə edən yeganə hotel «Hyatt Regency»dir». Lakin paytaxtda dünya sertifikatı qazanmağa nail olan ikinci hotel - «Hilton-Bakı» hoteli tikilməkdədir. Bu mehmanxananın özəlliyi həm də ondan ibarətdir ki, əgər keçmiş «Naxçıvan» hotelinə Heydər Əliyevin təşəbbüsü ilə «Hyatt Regency» adı verilmişdisə, «Hilton-Bakı», necə deyərlər, sıfırdan tikilir. Məşhur hotel brendini qazanmaq isə heç də asan deyil və bunun üçün bir sıra uzun prosedurlardan keçmək lazımdır. Mütəxəssis bildirir ki, məşhur hotel brendinin əldə edilməsi üçün, ilk növbədə, hotelin tikiləcəyi ölkə və onun sahibi qəbul olunmalıdır: ««Hilton», «Şeraton» kimi hotellər qrupu Azərbaycanda bugünkü güclü inkişafı görməsələr, heç vaxt ölkəmizə brend verməzdilər. Bu mehmanxana sistemlərinin maliyyə durumları o qədər güclüdür ki, onlar dünyanın hər hansı bir ölkəsində hotel tikmək üçün 100 milyonlarla vəsait qoyurlar. Hətta bu məbləği itirsələr də, onlar üçün böyük bir problem yaranmır. Bir sözlə, zəncirvarı sistem elə inkişaf edib ki, onlar üçün brendin adı daha önəmlidir. Deməli, Bakıda «Hilton» brendli hotelin mövcud olması artıq dünya reyestrinə düşdü». Elçin müəllim belə hesab edir ki, bu gün Azərbaycanda baş verən inkişafın fonunda Bakıda nəinki «Hilton», hətta «Hollivud», «Mariott», «Şeraton»un brendi də olmalı, dünya miqyasında tanınan hotellər çərçivəsinə daxil olmaq üçün adıçəkilən hotellərin brendi Azərbaycana gətirilməlidir.
   
   Hotellərimiz Azərbaycanı təbliğ edə bilirmi?
   
   Aparılan araşdırmalar göstərir ki, bu gün MDB ölkələri ilə müqayisədə Azərbaycanda hotelçilik daha yaxşı inkişaf edib. Bu inkişafı şərtləndirən bir sıra amillər var. Əvvəla, inkar etmək olmaz ki, Azərbaycanda iqtisadi inkişaf mövcuddur və bu prosesdə hotellərin yaranması təqdirəlayiqdir. Turizm və mehmanxanaların birgə inkişaf etməsi ölkəmizin layiqincə tanınmasını şərtləndirir. Deməli, hotellərimizin həm tərtibatı, həm də xidməti baxımından birbaşa mədəniyyətimizi, tariximizi, milli-mənəvi dəyərlərimizi özündə əks etdirməsi mümkündür. Bu yerdə öz təcrübəsindən çıxış edən Elçin müəllim hesab edir ki, hotellərimiz Azərbaycanın mədəniyyətini, həyat tərzini təbliğ etməlidir: «Bu gün mehmanxanalarda geniş təbliğat işi aparılmalı, onların içərisində milli mətbəxə malik restoran, şəkil qalereyası fəaliyyət göstərməlidir. Xarici ölkələrdə bu sahəyə çox böyük önəm verilir. Müqayisə üçün bildirim ki, son 5 ili Dubayda «Metropol» hotelinə rəhbərlik etmişəm və bu ölkədəki «Əl-Qasr», «Əl-Madinatun» deyilən hotellərin içərisində ərəblər səhralıqda necə yaşayıblarsa, onların təsvirini veriblər. Hətta bir mehmanxanaya canlı dəvələri gətirmişdilər. Bu, təbliğat deyilmi? Dubayın cəmi 30 yaşı var. Amma Azərbaycanın tarixi minilliklərə gedib çıxır. Sadəcə olaraq, biz özümüzü təbliğ etmirik. Mən vaxtilə bir hotelin 1-ci mərtəbəsini başdan-ayağa Azərbaycan üslubunda tərtib etmişdim. Hotelə gələnlər ancaq orada otururdu. İndi elə hotellər var ki, onların daxilində «Quba zalı», «Şirvan zalı» adlanan zallar fəaliyyət göstərir. Amma həmin zallarda addan başqa azərbaycançılıq hiss olunmur. Hotel başdan-ayağa Avropa üslubunda hazırlanır. Amma avropalı bunları öz evində görür axı!.. Ona maraqlıdır ki, gəldiyi ölkəni görsün». Söhbətin bu yerində Elçin müəllim maraqlı təklif də irəli sürür: «Mənfur düşmənimiz olan ermənilər belə fürsətdən çox gözəl yararlana bilirlər. Məsələn, Moskvada «Hyatt-Ararat» adlı mehmanxananın 1-ci mərtəbəsində öz şəkil qalereyalarını düzəldiblər və yoldan keçən hər kəs şüşənin arxasından bunları açıq-aydın görə bilir. Niyə biz «Hyatt Regency» və «Park İNN»in 1-ci mərtəbəsində Azərbaycan qalereyasını təşkil etmirik? Ən azından hava limanında ölkəmizi təbliğ edən guşələr tərtib edib, gələn qonaqlara broşüralar, açıqcalar paylamaq olar. Bununla biz Azərbaycan həqiqətlərini dünyaya çatdırmış olarıq. Təbliğatın gücü böyükdür».
   
   Mehmanxana xidməti və Şərq qonaqpərvərliyi
   
   Məlum həqiqətdir ki, Qərb qonaqpərvərliyi və daha bir çox dəyərləri yemək mədəniyyətini, təmizliyi Şərqdən öyrənib. Bu baxımdan ölkəmizə gələn əcnəbilər «İnsanlarınız çox qonaqpərvərdir» və ya «Burada olan qonaqpərvərliyi heç bir yerdə görməmişik», - deyərək süfrəmizin zənginliyindən və qonaqpərvərliyimizdən ağızdolusu danışırlar. Bu gün mehmanxanalarımız gələn qonaqlara lazımi qonaqpərvərlik nümayiş etdirə bilirmi? Ümumiyyətlə, xidmətin keyfiyyəti tələblərə uyğun gəlirmi? Deyəsən, bu yerdə məsələ bir az qəlizləşir. Çünki bir çox mütəxəssislər bu qənaətdədir ki, hotellərin heç də hamısı turistlərə yüksək xidmət və peşəkar qulluq göstərmək qabiliyyətində deyil. Bir sözlə, hotellərin əksəriyyəti fəaliyyətlərində xalqımıza xas olan bu keyfiyyəti tətbiq etməkdənsə, öz bildikləri kimi işləməyə üstünlük verirlər.
   Bəs əslində problemin kökü nədədir? Mütəxəssis problemlərin ən başlıca səbəbini birinci növbədə hotellərin baş müdirlərinin peşəkar olmamasında görür: «Mənə belə gəlir ki, hoteldə çalışan xidməti personal hotelçiliyin müddəaları ilə tanış olmalıdır. Baş müdirlər isə hər şeyi bilməlidir, yəni mütləq hotelçilik məktəbi bitirməlidirlər. Hotelçilikdə belə bir yazılmamış qanun var ki, kadrı biz özümüz yetişdirməliyik. Yəni biz hotelçilik sistemində elə inkişaf etməliyik ki, işçilərimizə bu sistemin əsaslarını öyrədə bilək. Mən həmişə deyirəm ki, hər hotel otaq satır, hər restoran da yemək. Amma o otaqla restoranı birləşdirib lazımi səviyyədə servis təqdim etmək peşəkarlıq tələb edir. Bu gün gələn xarici iş adamları keyfiyyətə pul verirlər. Otağın təmizliyi deyiləndə, yalnız oranı süpürüb-təmizləməklə iş bitmir».
   Bir neçə ay bundan əvvəl Türkiyədə hotellərin standartlara uyğun olub-olmaması ilə bağlı keçirilən seminarın iştirakçısı olan E.Zeynalabdin bu qənaətdədir ki, Azərbaycandakı hotellərin bəzilərini bu sarıdan qənaətbəxş hesab etmək olmaz: «Şahidi olmuşam ki, hotellərin bəzilərində yeməklərin hazırlanması standarta uyğun gəlmir. Elə hotellər var ki, onların mətbəxinə girsəniz, orada bir stəkan su da içməzsiniz. Bu gün əksər restoranların mətbəxinə getsən, görərsən ki, işçilər salatı əlcəksiz hazırlayır. Amma standartlara görə, açıq əllə yalnız ət və balıq məhsullarını götürmək olar. O da ona görə ki, onlar sobada bişdiyi zaman bütün mikroblar məhv olur. Hotel yalnız qazanc mənbəyi deyil. Ölkəyə gələn turist ona göstərilən qulluqdan razı gedərsə, növbəti ildə özü ilə bir neçə nəfər də əlavə adam gətirər».
   
   Rəqabətə hazırıqmı?
   
   Bu gün Azərbaycanda mehmanxana sistemində narahatçılıq yaradan hallardan biri də baş müdirlərin əksəriyyətinin əcnəbi olmasıdır. Məsələni çətinləşdirən amil isə sözügedən hotellərdə həmyerlilərimizin çox aşağı qiymətlərlə işləmələridir: «Əcnəbilərin yalnız bir məqsədi var. Mümkün qədər çox pul qazanmaq və çıxıb getmək. Niyə biz öz vətəndaşlarımıza üstünlük verməyək? Xarici elə-belə gəlmir. Ona ev tutulur, maşın verilir, sığorta etdirilir. Bütün bunların hamısı puldur. Ona görə də çalışıb öz soydaşlarımızı yetişdirib, hotellərdə mütəxəssis kimi işlətməliyik. Mədəni səviyyəmiz, servisimiz onlardan yüksək, mətbəximiz onlarınkından zəngindir. Niyə də özümüz özümüzün ağamız olmayaq?»
   Söhbətin sonunda E.Zeynalabdin vacib bir məsələni də diqqətə çəkdi və bildirdi ki, «Hilton-Bakı» hoteli tikildikdən sonra Bakıya gələn bütün turistlərin axını həmin hotelə yönələcək. Amma bir məsələ də var ki, paytaxtımız əcnəbi qonaqlar sarıdan heç də ehtiyac hiss etmir. İşgüzar və gözəl şəhər olan Bakı davamlı olaraq turistlərlə dolub-boşalır ki, bu da bütün hotellərin ehtiyacını ödəməyə bəs edir. Qalır hotel rəhbərlərimizin işgüzarlığı və məsələlərə necə yanaşmaları. Sadəcə, xidmətin səviyyəsini yüksəldib rəqabətə davamlılığı artırmaq lazımdır.
   
   Fəxriyyə ABDULLAYEVA