Payızda doğulub, payızda köçmüş bir müasir ulu – bahar-nəğmələr dolu Sabitoğlu...

Sevib-seçdiyi hər şeirə, hər səhnə və televiziya tamaşasına, kinofilmə yazdığı musiqilərin elə “əzəl-mübtədası”ndaca müəllifi bəllənən, davamınca da – eyzən bir yenilik, orijinallıq, bir fəthi-fatehlik manifesti sədalanan Emin Sabitoğlu...

Sənətə ilk qədəmindən duyulan bu “manifest”ə bəstəkar-dinləyici “memorandum”u da demək mümkün; necə ki “Fərhad qaya çapanda, Yadına Şirin düşər”, eləcə də – notlar qəlbə yatanda, yaddaşa Emin düşər...

Oxucularımız içərisində bu qənaətə şərik olmayan varsa, güman ki, onlar reallıqda nə “Belə ola həmişə”,  “Bağışla”, “Hanı o çağlar” kimi sentimental situasiyalar yaşayıb, nə də – “Bakı, sabahın xeyir”, “Bir axşam taksidən düşüb payıza” sayaq meteorik-melodik ab-havalara düşüblər...

Bəli, bu bəstəkarın musiqi taktlarının əksəri bəzi mətnlərdəki sözlərdən daha səlis “danışır”,   obyekt-subyektləri xəyalda daha real canlandırır, aşiq-məşuqluğu daha obrazlı, poetik, lirik vəsf edir...

Bu yerdə... “rəhmətlik” sovet ədəbiyyatşünaslığı “üslub”una (məsələn, “Oktyabr inqilabından əvvəl cəmiyyət qadınlarımıza mal-heyvan kimi baxırdı. Aşıq Ələsgərin “Dedi, nişanlıyam – özgə malıyam, Sındı qol-qanadım, yanıma düşdü” misraları bizim bu fikrimizi təsdiqləyir” və s.) ehtiyac duydu qələm könlüm.

“Payız gəldi, uçdu getdi quşlar, Sən də getdin, bax, - yağdı yağışlar...”

Nəşrindən sonra oxucusuna sadəcə, hansısa fəslin gəlməsi, “statistik” quşların və məchul bir yarın getməsi, ardınca da növbəti sinoptiki bir hadisə informasiyaları ərz edən bu misralar, nəğmələşdirildiyi vaxtdan bəri dinləyicisini niskil-idillik yarpaq xışıltıları, xiffətli qanad çırpıntıları, hər kəsin həyatında yaşanan ayrılma “aman”ları və nəhayət, hicrani çiskin-leysanlar aləminə qərq etmirmi?...

Beş yüzdən çox huşaparan mahnı, doqquz qəşşetdirən komediya, qırxa yaxın bədii və sənədli film bəstəkarı olan –

 

Bu bəndə –

 

tarixin minor çağlarının birində göz açıb dünyaya...

Çöl-bayırlarda “repressiya”, ev-eşiklərdə “depressiya” terminlərinin “gül” açdığı 1937-də. Bir qaravuz “37” payızında üzü yaradıcılığa, ağavuz gələcək-görəcəkliyə doğru doğum. Qırımından qır daman günlər, həftələr, aylar. Orta məktəb mübahisələrinin birində bir sillə vurduğu erməni sinif yoldaşının “Ara, məni dögürsən-dögürsən, bəs tovariş Stalini nöş sögürsən?!” şərinə görə, “ev tənbehi” olaraq, ad gününün qeyd edilmədiyi 1947-ci ildən on il öncə doğulub. “Gecəyarı” nəqarətli qapı tıqqıltılarını xatırladar deyə, körpələri ovundurmaq üçün kətil-stol taqqıldatmalarına da tabu qoyulan dəmlərdə. Hamının “böyük qardaş” dilində danışması dəbinə görə, məhəllələrdə Tükəzban xalalara “тетя”, Əmikişi dayılara “дядя”, Əlimərdan babalara “дедушка” deyilən çağlarda...

Deyirəm, bəlkə onun otuz il sonra – “2-ci (əslikarda 1-ci) ana dili”mizin hələ də dəc dövründə yazdığı “Şirin dil” mahnısı öz alovunu elə o “boz” (“buz”!) dövrdən götürübmüş?..

Ancaq onun həyat-sənət yollarında şad-xürrəm, oynar-gülər qismətləri də az olmayıb. Atası dövrün ünlü ədibi, hər biri sənətin bir sahəsində parlayan dostlar, konservatoriyada korifey Qara Qarayevin sinfi!

Özündə də az olmayıb: Azərbaycan Dövlət Konservatoriyasında təhsil alarkən onda o keyfiyyətləri görürlər ki, ikinci kursdan Moskva Dövlət Konservatoriyasına keçirmək qərarına gəlirlər. Oranı bitirən kimi, 24 yaşında “Azərbaycanfilm”də musiqi redaktoru, Azərbaycan Dövlət Filarmoniyasında bədii rəhbər təyin edilir, sonra konservatoriyaya müəllim dəvət edirlər. Bu vəzifələrin, peşələrin “kadr arxası”nda isə biri-birindən gözəl səs-sədalar qımıldanır, günlər keçdikcə simfoniyaya, simfonik poema, simli kvartet, skripka və fortepiano üçün poemalara, kantatalara çevrilir.

 

Bu sənətkar –

 

istər “naməlum” xalq nəğmələri, istərsə də bəlli bəstəkar mahnılarının zövq-duyğu planetimizdə yaratdığı musiqi dəryasına axmış ayrıca bir gur çay!

Bu mahnı “oliqarx”ı “uzaq – yaşıl ada” sədalı şedevrlərilə bu xalqın qəlbinə yaxından-yaxın nəğməkar. Bir neçə işində müştərəklik etdiyi atasının – görkəmli bir ədibimizin əsərlərindən birinin adıyla desək, – “yaxşı adam”...

Bu məqamda musiqisevərlərlə ədəbiyyatsevərlərin ictimai-sosial zövq “konfrantasiya”larına (yaşıdlar nihilizminə) bir konsensusluq gətirim. Yəni yeni - “muzukalnı” nəsillər oğul Eminin “Uzaq - yaşıl ada” kimi yüzlərlə nəğməsini dinləyib “şok”a düşərkən, köhnə konservatorlar da ata Sabitin “Yaxşı adam”, “Toy kimindir?” kimi gözəl əsərlərini xatırlayıb keyf eləsinlər. Qoy məşhur “Hicran” tamaşasında oğulun musiqi qıjovunda ləzzətlə ləngərlənənlər atanın libretto-mətn dərinliyinə də düşsünlər. O dərinlik ki, yaşından-başından asılı olmayaraq, hamını belə bir fəlsəfəyə qərq edir: təkcə istedadla hər şeyə nail olmaq olmaz. Yəni sənət, mədəniyyət xadimi olmaq üçün ayrıca bir tərbiyə iksiri də var ki, onu “ailə” adlı ümummüəllimdən başqa heç bir elm, alim kəşf edə, övladın milli vətəndaşlıq kitabına nəşr edə bilməz. Siz bizim şəriksiz milli ekran şedevrimiz olan “O olmasın, bu olsun” filmində bütöv bir millətin bütöv bir vizual həyat şəklinin necə sənətkarlıqla yaradılmasının (və bunun vur-tut saatyarımlıq müddətə sığışdırılmasının!) fərqindəsinizmi? Əgər belədirsə, bu filmin ssenari müəllifi Sabit Rəhmanın bu qədər tərbiyəli, intellekt, məhsuldar, çevik, universal, təvazökar, milli oğul yetirə bilmək yaradıcılığının da fərqinə varmaq gərək...

 

Qulaq asın...

 

Hə, söhbət onun mahnılarından gedəcək, axı...

Adını unutduğum bir müəllifə görə, Emin Sabitoğlu öz mahnı yaradıcılığında birinci şəxsin cəmindən təkinə - “biz”dən “mən”ə modulyasiya edə bilib. Həmin müəllifin bir rus müəllifdən gətirdiyi sitat da, hələ sağlığında “böyük, çətin əsərlərdən çəkinib, asan mahnı arxasında gizlənməkdə” suçlanılan Emin Sabitoğlunun sahə (mahnı) “dissertasiya”sını bütün müqəyyəd opponentlərindən qoruyur: “Fikrimcə, dövrümüz öz ədəbi-mədəni inikasını həm Şostakoviçin simfoniyalarında, həm də Solovyov-Sedoyun mahnılarında tapmışdır”.

İndi “Gün keçdi”, “Ad günü”, “Dədə Qorqud”, “İstintaq”, “Qaçaq Nəbi”, “Bəyin oğurlanması” filmlərindəki gözəl mahnıları, musiqi parçalarını xatırlayaq. Bunların hansı biri bitkin bir simfoniya, kantata, kapriççio təsiri bağışlamır? Əgər məqsəd hər bir əsərlə dinləyicini, tamaşaçını, xalqı təkcə “üzü küləyə” yox, həm də “üzü sabaha” aparmaqdırsa, onun kvartet, yaxud mahnı olub-olmamasının məsələyə dəxli yox...

Deməliyik ki, Emin Sabitoğlu da musiqi aləminə ötən əsr ədəbi aləminin “60-cılar”ı kimi daxil olmuşdu; hər şeydə bir cəsarət, hər nüansda bir yenilik, orijinallıq, yeni baxış... 

Bu mahnıları dinlədikcə (musiqi ilə sözün yüzə-yüz həmrəyliyini, aralarındakı “sukeçməz”liyi hiss etdikcə) belə bir qənaət də hasil olur ki, Emin Sabitoğlu mətnə münasibətdə barmaqla sayılası bəstəkarlardandır. Onun musiqilərində, bəzən, mətnlərdəki poeziya poetikasını üstələyən notlar duyulur. Bu musiqi nümunələrindəki hər ton, hər çınqı məsnəvi stilli poemalar kimi qafiyələnir, hər biri öz məzmun-ritm civarında qiyafələnir. O, yağışdan, qardan, meşədən, hicrandan, vəfadan – nədən bəhs edirsə, dinləyici həməncə o obyekt, o mövzu, o ovqat üstə köklənir. Onun kədərli mahnıları sevinc-şadlıq şərqilərindən, yumoristik musiqilərindən xronometrajca qısadır, lakin, əgər məzəli mahnıları (məsələn, “İnsaf da yaxşı şeydir”) adamın əhval-ovqat dadına çatmasa, neyləsən də saatlarla “qaş-qabağın yerlə gedər”... 

Hələ neçə-neçə teatr tamaşasına yazdığı musiqilər... 

Dostları danışırlar ki, –

 

“O, hər an, hər gün tələsirdi”...

 

Tək elə harasa gedib-gələndə yox. Gec yatıb-tez durmaqçün də, musiqilərini yazacağı tamaşa-film ssenarilərini bir neçə dəfə oxumağa da, dadlı-duzlu yumorlarından, intellekt söhbətlərindən doymayan dostlarıyla az görüşüb, çox məmnunluq yaratmağa, “Əgər gecə yarısı sizi oyadıb üç orkestr üçün iki mövzulu beşsəsli fuqa yazmağı təklif etsələr, bunun öhdəsindən gəlməlisiniz” (Q.Qarayev) kimi fəlsəfi postulatları qabaqlamaqçün də tələsirmiş. Milli xəyal tarixindəki “ötən günlər”inə qurban vermək istədiyi “gələn günlər”ni öz zəhmət dolu sənətilə ləbaləb doldurmaq istəyirmiş. Lakin zamanın macal notları onun “Dayan, zaman, dayan!” taktlarına bənd olmadan ötür, ötür, ötürmüş...

Yuxarıdakı abzasların birində sözləndiyim o qaravuz “37” payızındakı üzü yaradıcılığa, ağavuz gələcək-görəcəkliyə doğru olan Olumun əbədiyyətə qayıdışı haqda danışmaq zamanı yetdi.

Hə, o çal-çağırlı cismani gələcək altmış üç il sürəcək, 2000-ci payızda sona yetəcəkmiş. Rejim erası yaşayan zəhmətkeş xalqın ürəyinə xoş-beş ovqatlar bəxş edən bu sənətkar ürək bolşevik hakimiyyətinin (məsələn, “şəxsi heyət” üzvlərindən birini “Sıravi Əhməd” kimi vəsf etdiyi sovet ordusunun “Xocalı” şərikliyi), erməni daşnaklarının (1988-89 deportasiyası zamanı 25 uşağımızı diri-diri dəmir boruya doldurub ağzını qaynaq etməsi və s.) vandalizm simfoniyalarına dözmədi. Səksən üç il əvvəlin bu ayında (2 noyabr) dünyaya gəlmiş bu başdan-başa Nəğməzadə bəndə iyirmi il öncənin elə bu ayında (18 noyabr) əbədiyyətə getdi... 

Burda bunu da demək gərək ki, müstəmləkə yasaqlığı və Qarabağ məğlubiyyəti illərində o sayaq əzm-izmlə çalışmış bu bəstəkar, gör, bu cəbhə qalibiyyəti çağlarımızda nələr yaradardı!...   

 

Nəysə... 

 

Bu nisgilli ab-havadan sonra yazının “repertuar”ını dəyişməli.

Siftəsinə də ərz edim ki, bir an öncə yazını bitirmək haqda düşünürkən, dedim, bəlkə bir az da bu bəlli bəndənin “Bəlkə”sindən bəhs edim. Sonra da qaldım məəttəl ki, həcm mətləbli bir yazıda heyrətamiz söz-səs düzülüşlü, kuplet quruluşlu, vals ritmli, qəribə, qərib duyğular oyadan bu əsrarəngiz fortepiano prelüdü haqda “söz evi”ni necə qurub başa çatdırmalı?...  

 

Belə...

 

Yaxşısı budur, bəlli “payız” mayalı mahnısının havası başımda, bir çox (və ən çox populyarlaşan!) mahnılarının möcüzəvi ifaçısı Flora Kərimovanın sədası könlümdə, bu çiskinli, lakin Qarabağ qələbəli 2020 noyabrının axşamı durum düşüm sahilə sarı. Özü də, vaxtım çox, pulum az olsa da, məhz taksi ilə. Yəni, belə ki, gedim, görüm, “Bir axşam taksidən payıza düşmək”lik, “hayana, haraya gedə bilməmək”lik  necə olur...

Tahir ABBASLI