Əbülfəs Qarayev: “Ölkəmiz tezliklə yeni bir turizm marşrutu kimi bütün dünyanın diqqətini çəkəcək”
   
   Coğrafi mövqeyinə görə əlverişli bir ərazidə yerləşən Azərbaycanda turizm ən perspektivli və yüksək potensiallı sahə hesab edilir. Dövlətin də turizmə yaxından diqqəti və qayğısı bu sahənin gələcək inkişafına zəmin yaradır. Təsadüfi deyil ki, dövlət büdcəsinin 2025-2030-cu illərə kimi turizm sektorunun inkişafı hesabına genişləndirilməsi nəzərdə tutulur.
   
   Elə bu səbəbdən də, bütün dünyada olduğu kimi, Azərbaycanda da hər il turizm mövsümünün açılışı münasibətilə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə geniş bir tədbir düzənlənir. Builki mövsümün açılışı da iyun ayının 13-də Novxanıda yerləşən AF Hotel Aqua Parkda reallaşdı.
   Qeyd edək ki, bu hotel ölkəmizdə fəaliyyət göstərən ən böyük və ən çox turist qəbul edən istirahət mərkəzlərindən biridir. Geniş bir ərazidə yerləşən hotelin füsunkar mənzərəsi var. Burada qonaqların istirahəti və dincəlməsi üçün hər bir şərait mövcuddur. Dumduru su ilə doldurulmuş çarhovuzlar, müxtəlif kafelər, yüksək zövqlə dizayn edilmiş və Avropa standartlarına uyğun xidmət səviyyəsi olan qonaq evləri AF Hotelə xüsusi gözəllik verir. Onu da vurğulayaq ki, bu istirahət mərkəzində turistlərin ailəvi dincəlməsi üçün də hər bir şərait var. Uşaqların əyləncəsi üçün nəzərdə tutulan karuselləri, yelləncəkləri, kiçik oyun meydançalarını xüsusilə qeyd etmək yerinə düşərdi.
   Həm xarici, həm də yerli turistlərin özünə istirahət məkanı seçdiyi hotelin menyüsündə isə Azərbaycan mətbəxinin əksər yeməkləri yer alıb. Buraya süfrəmizin şahı olan plovdan tutmuş müxtəlif milli yeməklərimiz, kabablar, yüksək peşəkarlıqla hazırlanmış soyuq salatlar, cürbəcür meyvələr, təbii şirələr, xarici və yerli istehsalımız olan şərablar və s. daxildir.
   Mövsümün rəsmi açılışı elan edilməmişdən öncə Azərbaycan Respublikası mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tədbirlə bağlı jurnalistlərə açıqlama verdi. Mövsümə hazırlıqla bağlı danışan nazir bildirdi ki, nazirliyin turizm şöbəsinin əməkdaşları aprel-may aylarında regionlara ezam ediliblər və mehmanxana-komplekslərin vəziyyəti ilə yaxından tanış olublar. Ümumiyyətlə götürdükdə isə Ə.Qarayevin dediyinə görə, builki mövsümə infrastruktur tamamilə hazırdır: «Artıq havalar istiləşdiyindən turizm obyektlərində də insanların sayı artır. Mövsümün açılışından əvvəl Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları Azərbaycanın demək olar ki, bütün zonalarında olublar. Mövcud olan nöqsanların aradan qaldırılması üçün müəyyən tədbirlər görülüb, yerli icra hakimiyyəti orqanlarına lazım olan tövsiyələr verilib. Vətəndaşlarımız bu il Azərbaycanda istirahət etmək seçimlərində yanılmayacaqlar».
   Nazir onu da vurğuladı ki, bu il Bakı-Quba yolunun inşası başa çatıb. Bu da adıçəkilən regiona turist axınının yaranmasına imkan yaradıb. Çünki ötən il yollarda təmir işlərinin getməsi səbəbindən turistlər həmin zonaya getməyə müəyyən qədər çətinlik çəkirdi. Bu il artıq bu problem də aradan qalxıb.
   Qiymətlərlə də bağlı danışan nazir dedi: «Mehmanxana rəhbərləri ilə dəfələrlə apardığımız söhbətlərdən belə məlum olub ki, onların rəhbərlik etdikləri istirahət obyeklərində mövsüm ərzində bir dənə də boş yer olmur. Əlbəttə ki, ilbəil Azərbaycanda adıçəkilən sahə inkişaf edir, infrastruktur genişlənir, yeni hotellər istifadəyə verilir. Bu da turizmin çox gəlirli sahəyə çevrilməsinə şərait yaradır».
   Ə.Qarayevin dediyinə görə, bu səbəbdən də dünyada gedən iqtisadi böhrana baxmayaraq, aparılan statistikaya rəğmən demək olar ki, bu il Azərbaycana gələn turistlərin sayında azalma müşahidə olunmayıb: «Bunu 2009-cu ilin birinci rübünün nəticələrinə əsasən də demək olar. Bu səbəbdən də hotellərimiz qiymətlərində endirim etmək fikrində deyillər. Lakin onu da qeyd etməliyəm ki, böhran sözsüz ki, təsirsiz də ötüşmür. Bunu turistlərin səfər müddətinin qısa olmasından görmək olur. Əgər vaxtilə turistlər öz səfərlərini 2 həftəyə planlaşdırırdısa, indi 5-7 günlə məhdudlaşdırırlar».
   Bütün bunlarla bərabər, nazir bildirdi ki, Azərbaycanda turizmin inkişafı dövlət başçısının şəxsi nəzarəti altındadır: «Bütün regionlarda turizm infrastrukturunun genişləndirilməsinə diqqət yetirilir. Regionların inkişafına dair Dövlət Proqramında da turizm obyektlərinin sayının və şəbəkəsinin genişləndirilməsi nəzərdə tutulur. Bu baxımdan da əminliklə deyə bilərəm ki, Azərbaycan tezliklə regionda yeni bir turizm marşrutu kimi bütün dünyanın diqqət mərkəzinə çevriləcək».
   Sonra Əbülfəs Qarayev mövsümün rəsmi açılışını etdi və bu münasibətlə ölkəmizin turizm strukturlarında çalışan bütün insanları təbrik etdi.
   Mərasim münasibətilə Azərbaycan mədəniyyət ustalarının iştirakı ilə gerçəkləşən konsert proqramı gecə saatlarına qədər davam etdi.
   
   Fəxriyyə ABDULLAYEVA