Məcburi köçkünlər doğma torpaqlara qayıdış üçün vaxt cədvəlini səbirsizliklə gözləyirlər

Biz özümüzü müdafiə edirdik və bunun nəticəsində biz beynəlxalq hüququn norma və prinsiplərinə əsasən və tarixə əsasən özümüzə məxsus olan əraziləri azad edə bildik. Bizim mübarizəmiz azadlıq, ərazilərin azad edilməsi uğrunda mübarizə idi və mübarizəmiz böyük hərbi və siyasi uğurla başa çatdı. Noyabrın 10-da müharibəyə son qoyan üçtərəfli bəyanat imzalanmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu sözləri noyabrın 18-də Niderland Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Paulin Eizemanın etimadnaməsini qəbul edərkən deyib.

Dövlət başçısı bir gün öncə (17 noyabr – red.) Niderland parlamentində Azərbaycana qarşı sanksiyaları nəzərdə tutan, Azərbaycanın əleyhinə və həmçinin Türkiyənin əleyhinə olan qərar qəbul olunduğunu qeyd edərək bunun ikitərəfli münasibətlərdə təsirsiz ötməyəcəyini səfirin diqqətinə çatdırıb: “Mənə köməkçim məlumat verdi ki, müzakirələr zamanı Niderlandın xarici işlər naziri daha da balanslaşdırılmış yanaşma ilə çıxış etdi. Odur ki, biz bunu qiymətləndiririk. Lakin parlamentin belə balanslaşdırılmamış və ədalətsiz bir qərarı qəbul etməsi faktı əlbəttə ki, bizə daha yaxın əlaqələr qurmağa kömək etməyəcək”.

Prezident müharibəyə son qoyan və Ermənistanın faktiki kapitulyasiyası olan bəyanatdan sonra regionumuzdan uzaqda yerləşən bir ölkədə belə bir qərarın qəbul edilməsinin qəribə olduğunu vurğulayıb: “Yəqin siz də bilirsiniz ki, regional ölkələr bu bəyanatı dəstəkləyiblər. Qonşularımızdan ikisi – Rusiya və Türkiyə azərbaycanlıların və ermənilərin təhlükəsizliyini təmin edəcək əməliyyatlarda iştirak edəcək. Yəqin ki, siz atəşkəsi dəstəkləyən ABŞ Dövlət Departamentinin, Avropa İttifaqının şərhlərini də eşitmisiniz. Buna görə də mən başa düşürəm, parlamentarilərin öz gündəliyi var. Bəzən onların öz istəkləri olur, bu, başadüşüləndir. Parlamentin qəbul etdiyi qərardan ola bilsin, fərqli olan ölkənizin hökumətinin də öz mövqeyinin olduğunu başa düşürəm. Lakin bunun nə üçün baş verməsini bizim xalqımıza izah etmək çətin olacaq. Buna görə də parlamenti belə qərar qəbul edən ilk ölkənin nə üçün Niderland olduğunu insanlar sizdən soruşduqda bu vəziyyətlə üzləşməli olacaqsınız”.

Dövlət başçısı onu da diqqətə çatdırıb ki, Niderland parlamentinin bu qərarın praktiki baxımdan mövcud vəziyyətə heç bir təsiri olmayacaq: “Vəziyyət indi sabitləşir. Belə bir günü demək olar ki, otuz ildir gözləyən bizim qaçqın və məcburi köçkünlərimiz bu böyük hərbi və siyasi qələbəni qeyd edirlər. Onlar özlərinin qayıdışı üçün vaxt cədvəlini görməyi səbirsizliklə gözləyirlər. Amma bu, vaxt aparacaq, çünki təcavüzkar demək olar ki, hər şeyi dağıdıb. Bu videolar bizim televiziyada nümayiş olunur. Bu dağıntı bəlkə də bizim xalqımıza, mədəni, dini irsimizə, bəşəriyyətə qarşı qəddarlığın, vandalizmin və barbarlığın nadir formasıdır. Ermənistanın müharibə zamanı davranışı həm də onların rəhbərliyinin qeyri-insani münasibətini göstərir. Çünki münaqişə zonasından uzaqda yerləşən dinc şəhərlərə Ermənistan ərazisindən ballistik raketlərlə hücum etmək müharibə cinayətidir. Bütün beynəlxalq media və QHT-lər bunu təsdiq etdi”.

Prezident Niderland Krallığının ölkəmizə gələn yeni diplomatik elçisi ilə söhbətin məhz bu mövzuda başlanmasının təəssüfedici olduğunu bildirib: “Bir daha deyirəm, bunu izah etmək asan olmayacaq. Bu, həmçinin sizin hökumətinizin, xarici işlər nazirinizin mövqeyindən asılı olacaq. Biz bununla bağlı onların şərhlərini gözləyirik. Çünki mənim köməkçim mənə deyib ki, müzakirə zamanı şərhlər olub, lakin biz şərhləri indi, bu qərar qəbul olunandan sonra gözləyirik. Sözsüz ki, biz Avropa Komissiyasından şərhlər gözləyəcəyik. Bildiyiniz kimi, Avropa Komissiyası və Azərbaycanın çox geniş əməkdaşlıq gündəliyi var. İki il əvvəl biz Brüsseldə Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını tam dəstəkləyən “Tərəfdaşlıq prioritetləri” sənədini parafladıq. Azərbaycan öz ərazisində döyüşürdü, öz ərazi bütövlüyünü bərpa edirdi və bu, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, Avropa İttifaqı ilə Azərbaycan tərəfindən paraflanmış sənədə uyğundur”.

Dövlət başçısı ümidvar olduğunu bildirib ki, tariximizdəki çox da xoşagəlməyən bu səhifə münasibətlərimizə ciddi ziyan vurmayacaq: “Lakin əlbəttə ki, bu, sizin hökumətinizin və müvafiq olaraq davranacaq bizim hökumətimizin sonrakı addımlarından asılı olacaq”.

Niderland səfiri xanım Paulin Eizema, ölkəsinin parlamentindən fərqli olaraq,  hökumətin  bu məsələdə mövqeyinin  çox balanslaşdırılmış və Avropa İttifaqının mövqeyinə uyğun olduğunu bildirərək deyib: “Bizim sistemdə fərqlilik var. Hökumətin mövqeyi var, parlamentin mövqeyi var və bu, dialoq tələb edir. Bu dialoq bir neçə dəfə baş tutdu və biz qeyd etdik ki, hökumətin balanslaşdırılmış mövqeyinin heç də həmişə parlamentin mövqeyi ilə eyni olması demək deyil. Ötən həftə nazirlə parlament arasında keçirilmiş sonuncu müzakirədə bu məsələlər də qaldırılmışdı. Nazir həm yazılı, həm də şifahi şəkildə israrla bildirdi ki, qaldırılan bu məsələlər mənim hökumətimin mövqeyinə uyğun deyil. Beləliklə, sanksiyalar və bu kimi məsələlər qətiyyən gündəlikdə deyil. Hazırda bu, aktual deyil, bununla bağlı hər hansı sual, müzakirə ola bilməz”.