Küveytdə nəşr edilən «Avan» qəzetinin müxbiri Cinan Hüseyn ölkəmiz haqqında məqalə yazıb
   
   Son illər ölkəmizdə turizm sahəsində sürətli artım və inkişaf müşahidə edilməkdədir. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi fəal marketinq və reklam-təbliğat siyasəti, həmçinin turizm biznesinin müvəffəqiyyətli inkişafının əsaslarından olan turizm sənayesinin inkişafını stimulə edən siyasət də daxil olmaqla, bütün istiqamətlərdə daimi iş aparır.
   
   CNN, «Euronyus» kimi xarici televiziya kanallarında ölkəmizin turizm potensialı haqqında hər il yenilənən reklam çarxlarının nümayiş etdirilməsi, demək olar ki, bütün beynəlxalq turizm sərgilərində Azərbaycanın təmsil olunması bir çox nüfuzlu beynəlxalq mətbuat orqanlarının diqqətini ölkəmizə yönəldib.
   Bu səbəbdəndir ki, Küveytin «Avan» qəzetinin bugünlərdə Bakıda qonaq olan əməkdaşı Cinan Hüseyn çalışdığı mətbu orqanda Azərbaycanın zəngin mədəniyyəti, maraqlı və qədim tarixi obyektləri və böyük turizm imkanları haqqında ətraflı bilgi verən məqalə yazıb.
   Məqalədə Azərbaycanın musiqisi, görməli yerləri, İçərişəhər, Qız qalası, Şirvanşahlar sarayı, Fəvvarələr meydanı, Dənizkənarı Milli Park, çoxlu əyləncə və istirahət mərkəzləri haqqında məlumat verilib.
   Məqalə «Azərbaycan - Qırmızı Reyhanın Vətəni» adlanır. Əvvəlcə Bakı haqqında təəssüratlarını bölüşən həmkarımız şəhəri «Açıq-istirahət kompleksi» adlandırır: «Sadəlik və sakitliyi xoşlayanlar, paytaxtların və şəhərlərin səs-küyündən uzaq tətilin ləzzətini hiss etmək istəyənlər üçün Azərbaycan paytaxtı ən münasib yerdir... Ümumiyyətlə, Azərbaycanın təbiətində dağların və yüksəkliklərin, çayların və göllərin üstünlük təşkil etməsinə baxmayaraq, Bakı öz cazibədarlığı və füsunkarlığı ilə valehedici məkandır. Şəhərin sadəliyi onu açıq istirahət kompleksinə çevirib... »
   
   Xəzərin incisi və ya Azərbaycanın tarixi panoraması...
   
   Sonra müəllif zəngin və qədim tariximizin canlı şahidləri olan Qız qalası və Şirvanşahlar saray kompleksi haqqında geniş məlumat verir. Küveytli jurnalistə görə, köhnə və yeni Bakı bu şəhərin müxtəlif dövrlərdə yaşadığı zəngin tarix və şəhər qədimliyinin təsdiqi olan qədim və müasir simanı özündə birləşdirir: «Şəhərdə aparılan quruculuq işləri, yeni tikilən hündürmərtəbəli binalar səfərin ilk günündən diqqətimizi cəlb edir. Köhnə Bakı tarixi abidələr və gözəl arxitekturaya malik binalarla zəngindir.
   Köhnə Bakıda 15-ci əsrə aid olan Şirvanşahlar sarayı mövcuddur. Burada bir çox heykəllər və relyeflər var. Bu əraziyə Xəzərin incisi və Azərbaycanın tarixi panoraması da deyirlər...
   Qız qalası olaraq tanınan tarixi Bakı qalası isə 12-ci əsrə aiddir. Bu qalanın adı bir sıra rəvayətlərlə bağlıdır. Bunlardan biri də atası razı olmadığı üçün sevdiyi gəncə qovuşa bilməyən və qalaya sığınan gözəl qız haqqında rəvayətdir. Bu rəvayət nəsillərdən-nəsillərə keçərək yaşadılır...»
   
   «Neft taciri»...
   
   Məqalənin bu yarımbaşlıq altında nəşr edilən hissəsində Bakıda yerləşən muzeylər, onların yerləşdiyi binaların tarixi haqqında geniş məlumat verilir. Azərbaycan Milli Tarix Muzeyindən bir növ reportaj yazan müəllif bildirir ki, bu muzey 1920-ci ildə yaradılıb: «Muzeyin yerləşdiyi bina 1896-cı ildə məşhur neft taciri Hacı Zeynalabdin Tağıyev tərəfindən onun şəxsi evi kimi inşa edilib, birinci həyat yoldaşının vəfatından sonra isə milyonçu tərəfindən ikinci həyat yoldaşına hədiyyə edilib. Muzey Qafqazın ən böyük muzeylərindən hesab olunur. Burada 36 zalda 2500-dən çox eksponat mühafizə olunur. Bu baxımdan da sözügedən mədəni irs ölkənin tarixi mayakı hesab olunur...»
   Daha sonra Cinan Hüseyn Nizami, Musiqi Ədəbiyyatı, Xalça, İstiqlal muzeyləri, Rəsm Qalereyası, Axundov adına Milli Kitabxana, Opera və Balet, Muğam teatrları haqqında əhatəli məlumatı qəzet vasitəsilə oxuculara çatdırır.
   
   «Azərbaycan xalqı ictimai xalqdır»
   
   Məqaləni oxuduqda məlum olur ki, həmkarımız Azərbaycan haqqında həm də bir turist kimi məlumat toplayıb. O, Bakının maraqlı turizm mərkəzi olmasından bəhs edərək yazır: «Azərbaycan xalqı ictimai bir xalqdır, belə ki, dil xalq üçün nəinki heç bir çətinlik törətmir, eyni zamanda ölkəyə gələn turist və əcnəbi qonaqları salamlama hərarətinin ifadəsi olaraq gülümsəyir və sənin hansı ölkədən gəldiyini bilməyə çalışır. Bu xalq eyni zamanda həftəsonu restoranlara, kafelərə getməyə, parklarda gəzməyə və alış-veriş məqsədilə bazara çıxmağa üstünlük verir.
   Bakıda gəzməli və görməli bir çox turizm obyektləri var. Məsələn, Azadlıq meydanı, idman oyunları, kafelər, restoranların olduğu Bakı Əyləncə Mərkəzi, Kukla Teatrı, özünəməxsus strateji mövqeyi ilə seçilən Yaxt klub, habelə gözəl çimərlik və istirahət zonalar.
   Restoranlara gəlincə, onlar çoxçeşidlidir. Belə ki, restoranlarda müxtəlif ölkələrin mətbəxinə rast gəlmək mümkündür. Bu da o deməkdir ki, səfər zamanı yalnız milli üslubda xüsusi göyərtilərlə bişirilmiş kabab yeməklə kifayətlənmirsən. Göyərtilər içərisində qırmızı reyhan öz füsunkar dadı və özünəməxsus ətri ilə diqqəti cəlb edir. Azərbaycanlılar qırmızı reyhanı xüsusən günorta və axşam yeməklərində əsas qida vasitələrindən hesab edirlər... »
   
   Regionlarımız əcnəbi həmkarımızın təsvirində
   
   Müəllif məqaləsində Azərbaycanın regionlarının turizm potensialı barədə də geniş söhbət açır. Onun fikrincə, Qəbələ çox qədim və 2000 illik tarixə malik olmaqla, həm də istirahət zonası kimi gözəl dağlıq regiondur və öz şabalıd meşələri, çayları, gölləri və füsunkar təbiəti ilə tanınır. İsmayıllı isə Bakıdan 185 kilometr məsafədə yerləşir və Azərbaycanın ən dilbər guşələrindən biridir.
   Ölkəmiz haqqında kifayət qədər bilgi toplayan müəllif daha sonra yazır: «Suraxanı Bakıdan 30 kilomatr məsafədə yerləşir. Orada 12-ci əsrdə hindistanlı alimlər tərəfindən tikilən Atəşgah mövcuddur...
   Balakən çayların, dağların və meşələrin çoxluğu ilə seçilir. Bakıdan 394 kilometr məsafədə yerləşən bu rayon öz bitkiləri ilə məşhurdur...
   Zaqatala isə Böyük Qafqazın dağlıq regionlarındandır...»
   Məqalədə eyni zamanda Lənkəran, Astara, Masallı, Quba, Qusar və digər rayonlarımız haqqında da məlumatlar yer alıb.
   
   «Odlar Yurdu»
   
   Həmkarımızın bu başlıq altında dərc etdirdiyi fikirlərini olduğu kimi veririk: «Azərbaycan sözü Odlar Yurdu mənasını ifadə edir. Bu ad onun təbii sərvətlərə, neft və qaza malik olmasından qaynaqlanır. Ölkə Şərqlə Qərbi ticarət sahəsində birləşdirən İpək yolu üzərində əlverişli mövqedə yerləşib.
   Azərbaycan başqa bir tərəfdən götürdükdə isə Zaqafqaziya regionunun şərq hissəsində yerləşməklə, şimaldan Rusiya, şimal-qərbdən Gürcüstan, cənub-qərbdən Ermənistan, cənubdan isə İran və Turkiyə ilə həmsərhəddir.
   Ölkənin rəsmi dili türk dilləri ailəsinə mənsub olan Azərbaycan dilidir. Əhalinin əksər hissəsi rus və türk dillərində, bəziləri isə fars və ingilis dillərində danışa bilir. Milli valyuta manatdır...»
   Müəllif Bakının 2009-cu ildə İslam mədəniyyətinin paytaxtı seçilməsi münasibətilə ölkəmizdə keçirilən tədbirlərdən bəhs edərək bildirir ki, Azərbaycan paytaxtının tarixi dəyəri təkcə tarixin qoruyub saxladığı qədim abidələrlə deyil, eyni zamanda onun 2009-cu ildə İslam mədəniyyəti paytaxtı elan edilməsinə səbəb olan islam abidələri ilə də ölçülür.
   Məqaləsinin sonunda Cinan Hüseyn Azərbaycanın ovçuluq təsərrüfatı, flora və faunası, ölkəmizdə kütləviləşən idman növləri haqqında da geniş məlumat verir.
   
   Fəxriyyə ABDULLAYEVA