Rusiyanın Tula şəhərində keçirilən XI “Shorts” Beynəlxalq Kinofestivalının proqramına azərbaycanlı rejissor Masər Həsənovun “Yada sal məni” qısametrajlı filmi də daxil edilib.
Rejissor Masər Həsənov deyib: “Dekabr mənim üçün hərarətli olacaq. Rusiya ilə yanaşı İngiltərə, ABŞ və Azərbaycanda filmim nümayiş olunacaq”.
Qeyd edək ki, filmdə Əməkdar artist Elşən Rüstəmov, Nuridə Musabəyli və Nigar Qasımova çəkilib. Ekran əsəri həyat yoldaşını itirəndən sonra özünə qapanmış tənha insanı diqqət mərkəzinə gətirir. Bir gecəyarısı onun qapısını balaca bir qız döyür. Filmin qəhrəmanı onun içəri daxil olmasına bir şərtlə icazə verir – yağış bitən kimi çıxıb getməlidir. Kişi xəbərsizdir ki, qapını döyən qonaq özü də kimsəsizdir və getməyə yeri yoxdur...
Masər Həsənov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (Xalq artisti Eldar Quliyevin kursu) təhsil alıb. Fiziki məhdudiyyəti olmasına baxmayaraq, müxtəlif layihələrdə fəallığı ilə seçilir, sənədli və bədii filmlərin, sosial çarxların müəllifidir. Gənc rejissorun “Dejavü”, “Sevgi naminə” qısametrajlı filmləri müxtəlif ölkələrdə festivallarda iştirak edib. “Yada sal məni” adlı qısametrajlı filmi bu yaxınlarda ABŞ-da təşkil olunan XII Beynəlxalq Müstəqil Müəllif Filmləri İnternet Festivalının finalına vəsiqə qazanıb. Festivalın şərtlərinə əsasən, qaliblər tamaşaçılar və münsiflərin səsverməsi ilə seçilir.