Turistlərin Lahıca, Xınalığa marağı daha çoxdur
   
   Turizm müasir dünyada iqtisadiyyatın ən gəlirli sahələrindən biridir. Əksər ölkələrin büdcəsinin formalaşmasında bu sahənin böyük rolu var. Təbii-coğrafi baxımdan əlverişli mövqedə yerləşən və zəngin resursları olan Azərbaycanda da turizm sahəsindən gözləntilər çoxdur. Çünki ölkəmizdə bu sahənin inkişafı üçün kifayət qədər potensial var. Üstəlik, Azərbaycan dövlətinin həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkəmizdə turizm sahəsi böyük nailiyyətlər qazanır və gün-gündən inkişaf edir. Bütün regionlarımızda yeni turizm obyektləri tikilir, mədəni-tarixi qoruqlar yaradılır və bərpa edilir. Regionlarda infrastrukturun yaradılmasını dövlət öz üzərinə götürüb.
   
   Digər tərəfdən, İtaliya, Türkiyə, İspaniya və turizmdən külli miqdarda gəlir əldə edən digər ölkələrin təcrübəsi də onu göstərir ki, ilkin mərhələdə dövlətin dəstəyi olmadan turizmin sürətli inkişafına nail olmaq mümkün deyil.
   Məhz bu baxımdan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanan fərman və sərəncamlar, Mədəniyyət və Turizm Nazirliyinin apardığı təbliğat işləri (ölkəmizin beynəlxalq turizm sərgilərində iştirakı, dünyanın aparıcı televiziya kanalları ilə yaxından əməkdaşlıq, orada Azərbaycanın turizm potensialını əks etdirən reklam roliklərinin yerləşdirilməsi), beynəlxalq təşkilatlarla, o cümlədən Ümumdünya Turizm Təşkilatı, İslam Konfransı Təşkilatı, GUAM və başqa nüfuzlu qurumlarla sıx əməkdaşlıq və onların işlərində fəal iştirak etməsi dövlətin bu sahəyə böyük ümidlər bəslədiyinin sübutudur. Təsadüfi deyil ki, 2007-ci illə müqayisədə 2008-ci ildə ölkəmizə gələn turistlərin sayında xeyli artım müşahidə olunub. Hətta dünyadakı maliyyə böhranıı ilə əlaqədar turistlərin sayının 15-18 faiz azalmasına baxmayaraq, Azərbaycanda turistlərin sayında artım var. Bu statistikanı yüksək dəyərləndirən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bunu ölkədə və əsasən də paytaxtda gedən inkişafla əlaqələndirib.
   Elə rəsmi statistika da təsdiqləyir ki, hazırda Azərbaycan turizm ölkəsi kimi əcnəbilər üçün maraqlıdır. Məlumatlara nəzər salaq. 2007-ci ildə Azərbaycana gələn 1332701 nəfərdən 110792 nəfəri turistdir. 2008-ci ildə isə Azərbaycana 1 milyon 898 min 939 nəfər əcnəbi gəlib və onlardan 1408908 nəfər turist hesab olunur. Ötən ildə isə turistlərin sayında 39,4 faiz artım olub. Mütəxəssislərin hesablamalarına görə, 5-6 il ərzində turistlərin sayı 5-6 milyona çatacaq. 2007-ci illə müqayisədə 2008-ci ildə turistlərin sayında artımın olması, əsasən ABŞ, Afrika, Ukrayna, Qazaxıstan, Qırğızıstan, Belorus, İran, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya, Almaniya, Avstriya, Bosniya və Herseqovina, Finlandiya, Hindistan və digər ölkələrin hesabına olub.
   İndiyədək Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycanda 258 mehmanxanaya turizm fəaliyyətinə dair lisenziya verilib. Ölkədə mehmanxana və ona bərabər tutulan obyektlərin sayı 328-dir. Onların 35 faizi Bakının payına düşür. Bu obyektlərdə 24 min 700 yataq yeri var. Bundan əlavə, 47 mehmanxanaya keyfiyyət nişanı - ulduz, 30-a yaxın obyektə isə mehmanxana fəaliyyətinə dair lisenziya verilib. Ötən il Azərbaycandan kənara gedən turistlərin sayı isə 1,8 milyon nəfərdən yuxarı olub. 2009-cu ilə dair məlumatlar hələ hazır olmasa da, turizm sahəsi səlahiyyətlilərinin nikbin proqnozlarından bu rəqəmlərin daha da yüksələcəyini söyləmək olar.
   
   Regionlarda turizmin səviyyəsi necədir?
   
   Azərbaycanın regionlarına gəlincə, burada turizmin inkişaf səviyyəsi müxtəlifdir. Mütəxəssislərin fikrincə, bu, həm bölgədə olan obyektlərin sayına, həmin bölgənin paytaxta yaxın məsafədə olmasına, həm burada sahibkarlığın inkişaf tempinə, həm də dövlət tərəfindən regionların sosial-iqtisadi inkişafına istiqamətlənmiş tədbirlər çərçivəsində bölgənin inkişaf səviyyəsinə görə müəyyən edilir. Ümumilikdə götürdükdə isə Qərb bölgəsində turizmin inkişafı digər bölgələrdəki sürətli artımla müqayisədə zəifdir. Bunun da bir neçə səbəbi var. Birincisi, Qərb bölgəsi Bakı şəhərindən çox uzaqda yerləşir. Üstəlik, buranın yolu təzə bərpa olunur. Hazırda Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Qərb bölgəsində turizmin inkişaf proqramı hazırlanır. Nazirlik bu bölgədə turizmin inkişafına nail olmağa çalışır. Əsas məqsəd isə Azərbaycanın bütün bölgələrində turizmin proporsional inkişafının gücləndirilməsidir.
   Mədəniyyət və Turizm Nazirliyi Turizm İdarəsinin Tədqiqat işləri, statistika və lisenziyalaşdırma sektorunun müdiri Mahir Qəhrəmanovun dediyinə görə, ölkəmizə gələn turistləri tarixi-mədəni obyektlərimizi gəzməkdən tutmuş istirahətə qədər hər bir sahə maraqlandırır. «Azərbaycanda 15 minə yaxın əcnəbi yaşayır. Onlar bölgələrimizi bizdən daha çox gəzirlər», deyən sektor müdiri bildirir ki, Mədəniyyət və Turizm Nazirliyinin apardığı reklam və yayım işlərinin nəticəsində xaricilər Azərbaycanın dəyərləri ilə daha da yaxından tanış olurlar. Qeyd edək ki, əcnəbi turistlərin Lahıca, Xınalığa marağı daha çoxdur: «Ümumilikdə götürdükdə ölkəyə gələn hər bir əcnəbi bizim üçün turist hesab olunur. Turist qrupu halında gələn, biznes görüşlərinə, konfranslara və qohumunun yanına gələnlər, hətta ölkədə birgünlük qonaq olanlar da turist hesab edilir. Çünki gəlib bir gün qalanlar da qaldığı yerə, göstərilən xidmətə görə pul ödəyirlər. Ancaq müqayisə ilə götürdükdə qeyd edim ki, sovet dövründə olduğu kimi, qrup halında gəlib abidələri gəzənlərin sayı azdır. Çalışırıq ki, Azərbaycanda bütün turist məhsullarına marağı artıraq».
   
   Azərbaycan turislərə yetərincə tanıtdırılırmı?
   
   Hər bir turisti ölkəyə cəlb edən mühüm amillərdən biri də müasir standartlara uyğun hotellərin olmasıdır. Aparılan araşdırmalar göstərir ki, bu gün MDB ölkələri ilə müqayisədə Azərbaycanda hotelçilik daha yaxşı inkişaf edib. Bu inkişafı şərtləndirən bir sıra amillər var. Əvvəla, inkar etmək olmaz ki, Azərbaycanda iqtisadi inkişaf mövcuddur və bu mövcudluğun içərisində hotellərin yaranması təqdirəlayiqdir. Müasir dövrdə isə turizm və mehmanxana biznesinin vəhdət şəklində yaranıb inkişaf etməsi ölkəmizin təbliğatı baxımından əla fürsət yaradır. Deməli, hotellərimizin həm tərtibatı, həm də xidməti baxımından birbaşa mədəniyyətimizi, tariximizi, milli-mənəvi dəyərlərimizi özündə əks etdirməsi mümkündür. Hotel işi üzrə mütəxəssislərin fikrincə, Azərbaycan mədəniyyətini, insanlarımızın həyat tərzini təbliğ etmək üçün öz hotellərimiz olmalıdır. Həmin hotellərin içərisində milli mətbəximiz, restoranımız, Azərbaycan qalereyası fəaliyyət göstərməlidir. Qeyd edək ki, xarici ölkələrdə bu sahəyə çox böyük önəm verilir. Məsələn, Dubaydakı «Əl-Qasr», «Əl-Madinatun» hotellərinin içərisində ərəblər səhralıqda necə yaşayıblarsa, onların təsvirini veriblər. Hətta mehmanxanaya canlı dəvələri də gətirirlər. Təbii ki, bunun özü də bir təbliğatdır. Müqayisə üçün qeyd edək ki, Dubayın cəmi 30 yaşı var. Amma Azərbaycanın tarixi minilliklərə gedib çıxır. Deməli, biz sadəcə olaraq özümüzü təbliğ etmirik. Hazırda Bakıda elə hotellər var ki, onların daxilində «Quba zalı», «Şirvan zalı» adlanan zallar fəaliyyət göstərir. Amma həmin zallarda addan başqa azərbaycançılıq hiss olunmur. Hotel başdan-ayağa Avropa üslubunda hazırlanıb. Axı avropalı bunları öz evində görür. Ona maraqlıdır ki, gəldiyi ölkədəki fərqliliyi görsün.
   Bundan əlavə, ölkəni təbliğ etmək üçün suvenirlər və ya xatirə hədiyyələri də böyük rol oynayır. Xarici ölkələrdə bu fakta da çox böyük önəm verilir. Xüsusilə turizmin inkişaf etdiyi ölkələrin iri şəhərlərində xüsusi suvenir mağazaları var ki, turistlər yalnız ordan alver edə bilərlər. Eyni zamanda ölkəyə gələn yüksək səviyyəli qonaqlara xüsusi hazırlanmış suvenirlər təqdim edilir ki, bunlarda da həmin ölkənin tarixini, mədəniyyətini, dövlət atributlarını əks etdirən ştrixlər olur.
   Maraqlıdır, Azərbaycanda vəziyyət necədir? Turistlərə suvenir təqdim edən mağazalar fəaliyyət göstərirmi? Ümumiyyətlə, suvenirlərin hazırlanmasına nəzarət varmı?
   Təəssüf ki, bu yaxınlarda apardığımız kiçik bir araşdırma nəticəsində məlum oldu ki, bu sahədə də vəziyyət qənaətbəxş deyil. Bu gün Azərbaycanda və bölgələrdə müxtəlif sexlər suvenir istehsalı ilə məşğul olur. Amma onlara konkret hansısa qurum tərəfindən heç bir nəzarət olunmur. Bəzi mütəxəssislər vəziyyətdən çıxış yolu kimi əvvəllər Bakıda mövcud olan suvenir zavodunun bərpasının vacibliyini bildirirlər. Belə olduqda hər şey dövlətin nəzarəti altında olar və turistlərə təqdim olunan suvenirlər də Azərbaycan mədəniyyətini, dövlət atributlarımızı, tariximizi əks etdirər.
   Son olaraq qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2008-2016-cı illərdə Turizmin inkişafına dair Dövlət Proqramı hazırlanıb. Burada turizmin bütün sahələrinin inkişafı nəzərdə tutulub. Turizmin hüquqi bazasının möhkəmləndirilməsi və genişləndirilməsi, turist xidməti infrastrukturunun yaradılması, bu sahəyə investisiyanın cəlb edilməsi, turizm sahəsində çalışan insanların peşə hazırlıq səviyyəsinin və təhsilinin artırılması və beləliklə, Azərbaycanın mövcud turizm potensialının təbliği-təşviqi sahəsində reklam işinin, çap məhsullarının hazırlanması, sərgilərdə iştirak, Azərbaycanda turizm sərgilərinin keçirilməsi və bu kimi planların, tədbirlərin görülməsi həmin dövlət proqramında öz əksini tapıb.
   Bütün bunlarla bərabər, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bugünlərdə mətbuata verdiyi açıqlamada da bildirib ki, Azərbaycanda turizmin inkişafı dövlət başçısının şəxsi nəzarəti altındadır. Bütün regionlarda turizm infrastrukturunun genişləndirilməsinə diqqət yetirilir. Regionların inkişafına dair Dövlət Proqramında da turizm obyektlərinin sayının və şəbəkəsinin genişləndirilməsi nəzərdə tutulur.
   Bu baxımdan da əminliklə demək olar ki, Azərbaycan tezliklə regionda yeni bir turizm marşrutu kimi bütün dünyanın diqqət mərkəzinə çevriləcək.
   
   Fəxriyyə ABDULLAYEVA







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar