Əbülfəs Qarayev: «Bölgələrdə mövcud olan kortəbiilik turizmin inkişafını ləngidir»
   
   Turizmin inkişafı üçün əsas məsələ istirahət mərkəzlərinin və mehmanxanaların sayının artırılmasıdır. Bu barədə mətbuata açıqlamasında bildirən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib ki, Mədəniyyət və Turizm Nazirliyi ölkə ərazisində turizm zonalarının müəyyənləşdirilməsi prosesini bu il tam yekunlaşdıracaq və bundan sonra hər bir zonada infrastrukturun inkişafı planı hazırlanacaq: “Bölgələrdə mövcud olan kortəbiilik turizmin inkişafını ləngidir. Buna görə də hər zonanın öz infrastruktur planı hazırlanacaq və turizmin inkişafı həmin plana uyğun həyata keçiriləcək”.
   
   Nazirin sözlərinə görə, son illərdə ölkədə turizm infrastrukturunun inkişaf etdirilməsi nəticəsində xarici turistlərin sayı 40 faiz artıb. 2009-cu ildə 35 mehmanxana və motel tikilərək turistlərin istifadəsinə verilib, daha 56 belə obyektin inşası isə davam etdirilir. Əbülfəs Qarayevin sözlərinə görə, istirahət mərkəzlərinin və mehmanxanaların sayının artması nəinki xidmətin keyfiyyətinin yüksəlməsinə, həmçinin bu sahədə ucuzlaşmaya gətirib çıxaracaq: “Hesab edirəm ki, bu il turizm şirkətləri tərəfindən keçən ilə nisbətən daha yaxşı şərait yaradılıb. Düzdür, 2009-cu ildə dünyada gedən böhran səbəbindən Azərbaycana gələn turistlərin sayında çox böyük artım gözləmirik. Təxminən artımın 5-10 faiz civarında olacağını düşünürük”.
   Qeyd edək ki, Əbülfəs Qarayev bugünlərdə Gəncəbasar zonasında yerləşən mədəniyyət və turizm idarə və müəssisələrinin vəziyyəti və fəaliyyətinin qiymətləndirilməsi üçün təşkil olunan zona müşavirəsində bu regiona gələn turistlərin Gəncəbasar zonasının tarixi abidələri və mədəniyyət obyektləri ilə də maraqlandığını vurğulayaraq, onların vəziyyətinin yaxşılaşdırılmalı olduğunu, bu sahədə işlərin aparılmasının vacibliyini qeyd edib.

   Fəxriyyə Abdullayeva