Qətərin dünyaca məşhur “Əl-Cəzirə” telekanalı Azərbaycanın işğaldan azad olunmuş Ağdam rayonundan reportaj yayımlayıb. Reportajda Azərbaycan Ordusunun 30 ilə yaxın müddətdə Ermənistanın nəzarətində qalmış Ağdam rayonuna daxil olduğu bildirilir. Qeyd edilir ki, əldə edilmiş razılaşmaya əsasən Ermənistan Ağdamı Azərbaycana geri qaytarıb.

Telekanalın Ağdama ezam olunmuş müxbiri rayonun dağıntılar altında qaldığını bildirir. O deyir: “Ağdamda dağıntılardan başqa heç nə yoxdur. Hətta şəhərin mərkəzi belə vandalizmə məruz qaldıqdan sonra tərk edilib. Buranın yerli əhalisi artıq geri qayıtmaq istəyir”.

Reportajda ərazinin minalandığı, yalnız bir neçə saat ərzində buradan 150-yə yaxın mina tapıldığı diqqətə çatdırılır.

Vurğulanır ki, Ağdamın bir zamanlar məşhur olan Mədəniyyət mərkəzi də tamamilə dağıdılıb.

Reportajda Azərbaycanın öz torpaqlarını hərb yolu ilə azad etdiyi bildirilir. Bununla yanaşı, o da qeyd edilir ki, Ağdam tək bir silah işlətmədən, itki vermədən geri qaytarıldı. Diqqətə çatdırılır ki, noyabrın 25-də Kəlbəcər, ayın sonunda isə Laçın rayonları Azərbaycana qaytarılmalıdır.

 

***

 

Avstraliyanın “stuff.co.au” saytında Ermənistan ordusu tərəfindən 27 il əvvəl işğal edilmiş Ağdam rayonunun Azərbaycana təhvil verilməsi barədə məqalə dərc olunub.

Məqalədə noyabrın 20-də Prezident İlham Əliyevin Azərbaycan hərbi qüvvələrinin Ağdama daxil olduğunu bəyan etdiyi vurğulanır. Bildirilir ki, Qarabağda döyüşlərin dayandırılması barədə Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında noyabrın 10-da imzalanan sənədə əsasən, Ermənistan 30 ilə yaxın müddətdə işğalda saxladığı əraziləri Azərbaycana qaytarır.

Məqalədə münaqişənin tarixi barədə də məlumat verilir. Qeyd olunur ki, ötən əsrin 1990-cı illərinin əvvəllərində Ermənistan xarici havadarların dəstəyi ilə Dağlıq Qarabağı və onun ətrafında yeddi rayonu işğal edib. Bu il sentyabrın 27-də Ermənistan ordusunun mülki əhaliyə qarşı növbəti təxribatlarına cavab olaraq hücuma keçən Azərbaycan Silahlı Qüvvələri həmin əraziləri azad etməyə başlayıb. Şuşa şəhəri azad edildikdən sonra Ermənistan tərəfi təslim olduğunu təsdiqləyən sənədi imzalamağa məcbur olub.

Məqalədə o da bildirilir ki, razılaşmaya əsasən Azərbaycan ərazilərini tərk etməli olan ermənilər buradakı evləri və sosial obyektləri yandırırlar.

Yazıda Ağdam şəhərinin tarixinə də toxunulur. Qeyd edilir ki, bir vaxtlar regionun ən böyük şəhərlərindən biri olan Ağdamda 50 mindən çox insan yaşayıb. Bu şəhər ağ rəngli evləri, üçmərtəbəli çayxanası ilə məşhur olub. Lakin erməni işğalından sonra bu gözəl şəhər “Qafqazın Xirosiması” adını alıb. Bildirilir ki, 1993-cü ildə yerli sakinlər qovulduqdan sonra şəhərə daxil olan və tikinti materialları axtaran erməni talançıları bütün evləri soyublar. Şəhərin tarixi abidələrindən biri olan Çörək muzeyi xarabalığa çevrilib.

 

***

 

“Associated Press News” agentliyi isə azərbaycanlı məcburi köçkünlərlə bağlı məqalə yayıb. “Müharibə səbəbindən köçkün düşən azərbaycanlılar evlərinə geri qayıtmaq istəyirlər, əgər belə bir ev qalıbsa” sərlövhəli reportajda əvvəlcə Azərbaycanın Qarabağda altı həftə davam edən uğurlu hərbi əməliyyatlarından bəhs olunur.

Bildirilir ki, 1990-cı illərdə müharibə zamanı azərbaycanlılar Qarabağdan və ətraf ərazilərdən çıxarılıblar. Altı həftəlik hərbi əməliyyatlardan sonra Azərbaycan həmin ərazilərin böyük hissəsinə nəzarəti bərpa etdi. Noyabrın 10-da hərbi əməliyyatlara son qoyan razılaşmaya əsasən, qalan ərazilər də Azərbaycana qaytarılır. Azərbaycan hərbçiləri sülh yolu ilə qaytarılan ərazilərdən birincisi olan Ağdam tam bir xarabalığa çevrilib.

1992-ci ildə köçkün düşmüş Adil Şərifov adlı şəxs deyir ki, onun doğma Cəbrayıl rayonunda da eyni vəziyyətdir. Lakin buna baxmayaraq o, Cəbrayıla geri qayıdacağı günün həyatının ən xoşbəxt günü olacağını qeyd edir. Müəllif yazır ki, Cəbrayıl hərbi əməliyyatlar zamanı Azərbaycan Ordusu tərəfindən geri qaytarılıb.

Məqalədə qeyd edilir ki, Şuşadan olan 50 yaşlı Ülviyyə Cumayeva isə ən azı daha yaxşı vəziyyətdə olan şəhərə qayıda biləcək. Döyüşlərdə iştirak edən qardaşı Nəsimi ona zəng edib bir vaxtlar yaşadıqları evin salamat qaldığını deyib.

Müəllif xatırladır ki, Şuşanı da Azərbaycan Ordusu geri qaytarıb. Ülviyyə Cumayeva deyir ki, onlar evlərini tərk edəndən sonra ermənilər gəlib orada yaşayıblar və bütün əşyaları aparıblar. O, Bakıda evlərinin olmasına baxmayaraq, hər zaman Şuşaya qayıtmaq ümidi ilə yaşadıqlarını bildirib. Ülviyyə Cumayeva onun məktəb yoldaşları arasında ermənilərin də olduğunu xatırlayaraq deyib ki, o, onlara qarşı heç vaxt pis münasibətdə olmayıb. Müharibəni başladıb, qırğınlar törədən Ermənistanın cinayətkar liderləridir.