Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov ilə BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi Migel Angel Moratinos arasında onlayn formatda görüş keçirilib.

Görüşdə Ermənistanın Azərbaycana təcavüzü nəticəsində Azərbaycan mədəniyyətinə dəymiş ziyan, habelə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Bakı prosesi” təşəbbüsü, bu təşəbbüs çərçivəsində 2021-ci ildə 6-cı Dünya Mədəniyyətlərarası Dialoq Forumunun təşkili, eləcə də Azərbaycanın beynəlxalq miqyasda mədəniyyətlər və dinlərarası dialoqa töhfələri ilə bağlı müzakirələr aparılıb.

A.Kərimov son 30 ildə Ermənistanın işğalı altında qalan və bu günlərdə azad edilmiş Azərbaycan ərazilərində tarixi-mədəni abidələr və mədəniyyət infrastrukturunun acınacaqlı vəziyyəti, ölkəmizin bütün bu illər ərazində sülh və dialoq təşəbbüsləri barədə məlumat verib. Qeyd edib ki, BMT-nin Sivilizasiyalar Alyansı 2010-cu ildən “Bakı prosesi” və Dünya Mədəniyyətlərarası Dialoq Forumunun tərəfdaşıdır. Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu 2016-cı ildə Bakıda yüksək səviyyədə keçirilib.

Migel Angel Moratinos Azərbaycan ilə mədəniyyətlərarası və dinlərarası dialoq sahəsində əməkdaşlığı yüksək qiymətləndirdiyini qeyd edərək birgə layihələrin həyata keçirilməsində maraqlı olduğunu deyib.

A.Kərimov Sivilizasiyalar Alyansının BMT-nin Baş katibi tərəfindən “Dini abidələrin qorunması üzrə Fəaliyyət Planı”nın icrasına məsul qurum kimi mandatını xatırladaraq Azərbaycanın mənşəyindən asılı olmayaraq bütün ibadət məkanlarının qorunması ilə bağlı təşkilatla əməkdaşlığa hazır olduğunu qeyd edib.

M.Moratinos dini abidələrin qorunmasının təşkilatın prioritet fəaliyyət istiqamətlərindən olduğunu, bu sahədə Azərbaycanla əməkdaşlığı yüksək qiymətləndirdiyini bildirib və  konkret layihələrin reallaşdırılmasının vacibliyini vurğulayıb.

Sonda regionda mədəniyyətlər və dinlərarası münasibətlərin inkişafı ilə bağlı təşəbbüs və layihələrin icrası və həmin layihələrin yaxşı nümunə kimi Dünya Mədəniyyətlərarası Dialoq Forumunda təqdim edilməsi barədə razılığa gəlinib.