Azərbaycan Televiziyasında “Xurmalar saralanda” adlı sənədli filmin anonsları yayımlanır. Film yaşadığımız günlərdən, Vətən müharibəsindən bəhs edir .

Quruluşçu rejissor Ramil Ağasıyev  film haqqında deyib: “28 ildir ki, həsrətini çəkdiyimiz Qarabağa qovuşmuşuq. Bu tarixi qələbə isə bizə asan başa gəlməyib. Xain düşmən istəyinə çatmaq üçün sivil insanları hədəf aldı. 90-dan çox mülki vətəndaşımız həlak oldu. Bu hadisələrlə bağlı “Mən Gəncəyəm” sənədli filmini çəkdik. Ancaq bilirsiniz ki, düşmənin terrorçu siyasəti tək Gəncədə deyil, digər ərazilərimizdə qanlı izlər qoydu. “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin rəhbərliyinə bu mövzuda film çəkmək istədiyimizi bildirdik. Filmi çəkmək üçün bizə lazımi şərait yaratdı və biz kiçik bir komanda ilə çəkilişlərə başladıq. Yeddi gün ərzində Tərtərdə, Ağdamda, Füzulidə, Ağcabədidə çəkilişlər etdik. İki film çəkdik. İlk olaraq təqdim edəcəyimiz “Xurmalar saralanda” filmi Bərdədə baş verən terrorda dünyasını dəyişən 21 insanın həyatından bəhs edir. Terror aktları olan şəhərlərdə 27-28 il əvvəl yurd-yuvasını tərk etmiş məcburi köçkünlər də yaşayır. İkinci film bu hadisələr zamanı növbəti dəfə ev-eşikləri dağılan bu insanlar haqqındadır”.

Rejissor bildirir ki, bu filmləri çəkməkdə məqsəd yaşanan hadisələri olduğu kimi tamaşaçılara təqdim etməkdir.

Qeyd edək ki, “Xurmalar saralanda” sənədli filmində jurnalist rolunda aktyor Ziya Ağa iştirak edir. Filmin bədii rəhbəri Ranar Musayev, icraçı produseri Zamiq Əlövsətoğludur. Filmin mətnini İlqar Fəhmi hazırlayıb. Quruluşçu operator Fahir Səmədoğlu,  montaj rejissoru Rasim Ramazanovdur.

L.AZƏRİ