Kulinariya günündə bölgəyə toplaşan insanlar bunun bir daha şahidi oldular
   
   Şəki Şəhər İcra Hakimiyyəti, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Milli Kulinariya Mərkəzinin birgə təşkilatçılığı ilə iyunun 27-də Şəki şəhərində “Milli kulinariya günü” bayramı keçirilib. Tədbirdə Azərbaycanda fəaliyyət göstərən 25-ə yaxın xarici ölkə səfirliyi və beynəlxalq təşkilatların təmsilçiləri, Milli Məclisin deputatları, elm, incəsənət və ictimaiyyət nümayəndələri iştirak ediblər.
   
   Şəhər rəhbərliyi və qonaqlar əvvəlcə ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda ulu öndərin abidəsi önünə tər çiçəklər düzərək xatirəsini ehtiramla yad ediblər.
   Sonra bayramın rəsmi açılışı olub. Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Nazim İbrahimov bildirib ki, ölkəmizdə mədəni irsin qorunub saxlanmasına, xalqımıza məxsus zəngin mədəniyyətin təbliğinə böyük diqqət göstərilir. Prezident İlham Əliyevin mədəni irsin qorunub saxlanması ilə bağlı imzaladığı fərman və sərəncamlar buna bariz nümunədir. İcra başçısının sözlərinə görə, Şəkidə çeşidli bayramların keçirilməsi ənənə halını alıb: «2006-cı ildə “İpək bayramı”, 2007-ci ildə “Sənətkarlar günü”, 2008-ci ildə isə “Şəki- qədim sivilizasiyalar diyarı” adlı bayram tədbirləri məhz Şəkidə baş tutub. Bu bayramların təşkilində əsas məqsəd tarixi mədəni irsimizi qoruyub saxlamaq, təbliğ etmək, habelə bölgənin turizm potensialının genişləndirilməsinə nail olmaqdır. Şəkinin məşhur aşbaz və qənnadıçılarının əldə etdikləri vərdiş, bilik və bacarıq daim zənginləşərək, bu günümüzə qədər gəlib çatıb».
   AMEA Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov belə bir tədbirin Şəkidə keçirilməsinin təsadüfi olmadığını, bu şəhərin qədim yaşayış məskənlərindən olduğunu söyləyib.
   Sonra çıxış edən Azərbaycan Milli Kulinariya Mərkəzinin direktoru, YUNESKO-nun Ənənəvi Qida Komitəsinin sədri, professor Tahir Əmiraslanov bildirib ki, son tədqiqatlar onu göstərir ki, Azərbaycan dünya mətbəx mədəniyyətinin beşiyidir: «Qobustan qayalarının üzərində çəkilmiş rəsmlər 37 min il bundan öncə Azərbaycanda çox böyük və gözəl kulinariya məktəbinin olduğunu sübut edir. Müasir ət bölgüsü ilk dəfə Qobustan qayalarında və Naxçıvandakı “Gəmiqaya” rəsmlərində öz əksini tapıb. Gildən hazırlanmış və 4 min ilə yaxın yaşı olan ən qədim samovar da məhz Şəkidə tapılıb». Hər bir ölkənin özünün kulinariya imici olduğunu vurğulayan T. Əmiraslanov onu da qeyd edib ki, Azərbaycanda 200-dən çox plov növü var. Şəki aşbazları isə 100-dən artıq plov hazırlaya bilir.
   Daha sonra parkda meyvə və giləmeyvələrdən hazırlanmış 30-a yaxın şərbət və sərinləşdirici içkinin təqdimatı olub.
   Bayram iştirakçıları Şəki Xan sarayının həyətində çay süfrəsi arxasında müxtəlif növ mürəbbə, qənnadı məmulatları və Şəki şirniyyatını dadıblar. Eyni zamanda musiqi və rəqs kollektivlərinin çıxışlarını izləyən iştirakçılara F.Əmirov adına Dövlət Mahnı və Rəqs Ansamblının rəqsləri, İraqdan gəlmiş kərküklü bəstəkar, folklorşünas və müğənni Seyfəddin Çaxmaqçıoğlunun ruh oxşayan mahnıları, yerli musiqiçilərin çıxışları xoş ovqat bəxş edib.
   Bayram tədbiri Kiş kəndindəki qədim Alban məbədinin həyətində davam etdirilib. Burada qonaqlara salat və soyuq qəlyanaltılar təqdim olunub.
   “Cənnət bağı” istirahət mərkəzində qonaqlar ət, toyuq və tərəvəzlərdən hazırlanmış isti xörəklərdən dadıblar.
   “Yuxarı Karvansara”da isə tədbir iştirakçılarına müxtəlif bitki və quru meyvələrdən hazırlanmış çay dəstgahı, habelə 30-a yaxın kabab və 30-dan artıq plov novü təqdim olunub.
   Qonaqlar yeməklərin hazırlanması prosesini də izləyə biliblər.
   Səfirlər, beynəlxalq qurumların nümayəndələri belə bir bayramda iştirak etməkdən məmnun qaldıqlarını bildirərək, yüksək qonaqpərvərliyə görə Şəki şəhər rəhbərliyinə minnətdarlıq ediblər.
   Sonra ayrı-ayrı sahələr üzrə fərqlənmiş aşbazlara Milli Kulinariya Mərkəzinin fəxri diplomları təqdim olunub.
   Bayram tədbiri atəşfəşanlıqla başa çatıb.

   Fəxriyyə ABDULLAYEVA







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar