Ordumuzun Qarabağ zəfəri, qəhrəman əsgərlərimizin dünya hərb tarixində iz qoyacaq şücaəti uzun illər yaddaşlarda yaşayacaq, ədəbi əsərlərə, filmlərə, səhnə sənəti nümunələrinə mövzu olacaq. Bu gün ölkədə fəaliyyət göstərən teatrların yaradıcılıq planları ilə bağlı apardığımız sorğuda da bu nüanslar ön planda oldu.

Hazırda əsaslı təmir-bərpa işləri aparılan Akademik Opera və Balet Teatrında bu mövzuda fərqli opera, balet nümunələri hazırlanacaq.  Teatrdan onu da bildirdilər ki, döyüşlərin getdiyi günlərdə teatrın ayrı-ayrı solistləri ön cəbhədə, əsgərlərin yanında olub. Xalq artisti Samir Cəfərovun Şuşada, Bülbülün Ev-Muzeyi qarşısında ifası teatr solistlərinin uzun illər ürəklərində yaratdıqları arzunun ifadəsidir.

Repertuarında Qarabağ mövzusunda iki tamaşası (“Qarabağnamə” və “Xəcalət”) olan Akademik Milli Dram Teatrında Vətən müharibəsində zəfərlə bağlı yeni səhnə əsərləri hazırlanacaq. Teatrın mətbuat katibi Cavid Zeynallı yüksək bədii keyfiyyətli əsərlər üzərində müzakirələrin aparıldığını bildirdi: “Akademik teatrın səhnəsində, yaradıcılıq tələblərinə cavab verən material olmalıdır. Zamanı gələndə detallar açıqlanacaq. Ümumən savaş günlərində də məhdud imkanlar daxilində ön və arxa cəbhədən bəhs edən videomateriallar hazırlanıb. Həmin videomateriallarda repertuarımızda olan Qarabağ mövzulu tamaşalardan parçalar da yer alıb”.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı müharibə dövründə üzərinə düşən sənət  missiyasını yerinə yetirməyə çalışıb, “Əsgərə məktub” layihəsi,  “Orduya yardım” kampaniyaları həyata keçirilib.

Karantin qaydaları ilə əlaqədar olaraq hələ ki, onlayn qaydada fəaliyyətlərini davam etdirən yaradıcı heyət maraqlı aksiyalarını davam etdirir. Teatrın quruluşçu baletmeysteri, Əməkdar artist Emin Əliyevin iştirakı ilə “Qalib əsgər” balet kompozisiyası, gənc solist Hidayət Əliyevin ifasında “Baharlı yurdum” (söz: N.Xəzri, mus: M.Maqomayev) əsəri və eləcə də gənc aktyor Rahib Məmmədzadənin  “Azərbaycan” (söz: N.M.Səfərli, mus. və aranjiman: T.Məmmədli) adlı klipi sosial şəbəkələrdə maraqla qarşılanıb. Teatr təmsilçiləri “Sarı gəlin”  mövzusunda klip də çəkib və nümunə yaxın günlərdə geniş auditoriyaya təqdim ediləcək. Müharibə və  şəhidlər mövzusunda bir əsər də teatrın səhnəsində tamaşaçı ilə görüşəcək. Hələlik adı açıqlanmayan əsəri  rejissor Samir Qulamov tamaşaya qoyacaq.

Repertuarında müharibə, Qarabağ mövzularını daim gündəmdə saxlayan Dövlət Gənc Tamaşaçılar Teatrında da yeni yaradıcılıq axtarışları aparılır. Teatrının mətbuat katibi Pərvin Nurəliyeva bildirdi ki, Qarabağ xalqımız üçün, sənət üçün əbədi və aktuallığını itirməyən mövzudur: “Teatrımızın repertuarında yer alan “Ünvansız qatar”, “Şəhərin qış gecələri”, “Mənim ağ göyərçinim”, “Arzu və Murad”, “Yarımçıq qalmış” bu mövzularda səhnə əsərləridir. Sentyabr ayında müharibə başlayanda və Ordumuz qələbələr qazananda bu əsərlərin iştirakçıları artıq qələbəyə həsr olunmuş tamaşanın qurulması arzularını dilə gətirdilər. Şükürlər olsun ki, bu tarixi gün yetişdi və biz qələbə çaldıq, Qarabağı azad etdik. Teatrın rəhbərliyi artıq bu tarixi qələbə haqda əsərin yazılması üçün qələm adamları ilə söhbətlər aparır”.

Vətən müharibəsinə həsr olunmuş yeni səhnə əsərlərinin yaradılması Yuğ Dövlət Teatrının da gələcək yaradıcılıq planlarına daxildir. Bu barədə məlumat verən teatrın ədəbi dram hissə müdiri Elçin Cəfərov bildirdi ki, 44 günlük savaşda qəhrəman əsgərlərimizin göstərdikləri igidliklər ölməz əsərlərə mövzu ola bilər: “Bu baxımdan inanırıq ki, yaxın zamanlarda Azərbaycan tarixinin ən şanlı səhifələrini təşkil edən Qarabağ savaşı haqqında hələ çox uğurlu sənət əsərləri yaradılacaq”. 

Hazırda teatrının nəzdində yaradılan mərkəzdə fransız yazarı Jan Pol Sartrın “Dəfn edilməmiş ölülər” əsərinin motivləri əsasında “Son xətt” adlı tamaşa hazırlanır. Məhdud aktyor heyətli tamaşaya Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə quruluş verir. Müharibənin dəhşətlərindən bəhs edən əsər bu gün olduqca aktual səslənir.

Dövlət Pantomima Teatrının da bu istiqamətdə planları var. Teatrın direktoru, Əməkdar artist Elman Rəfiyev  Vətən müharibəsi və möhtəşəm zəfərimizin pantomima səhnəsində öz əksini tapacağını deyir. Teatrın əməkdaşları vətənpərvərlik mövzulu şeirlər, poemalardan parçalar, həmçinin “Əsgərə məktub” layihəsində qısametrajlı həvəskar filmlər hazırlayıb sosial şəbəkələrdə yayımlayırlar.

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı da vətənpərvərlik ruhlu repertuar siyasətini daha mütəşəkkil davam etdirəcək. Teatrlın quruluşçu rejissoru Anar Məmmədov azyaşlılara bu duyğuların çox həssaslıqla, həm də anlayacaqları dildə çatdırılmasının vacib olduğunu bildirdi.

Teatrın nəzdindəki sağlamlıq imkanları məhdud həvəskarlardan ibarət “Oyun” teatrı da müharibə mövzusuna müraciət edib. Bədii rəhbər Səidə Haqverdiyeva müharibənin qadın üzü barədə “Köhnə çamadanlar” adlı dramatik nümunə hazırladıqlarını deyir. Film-tamaşa estetikasındakı nümunə 6 qadının müharibə yaşantılarını ön plana çıxaracaq. Hazırda ilkin məşqləri bitmək üzrə olan tamaşa lentə alınaraq televiziya kanalları və sosial mediada nümayiş olunacaq.

Bakı Uşaq və Gənclər Teatrı Qarabağ zəfəri şərəfinə “Bir kərə yüksələn bayraq”, “Mən Azərbaycana xidmət edirəm” və “Millət şərqisi” videoçarxlarını hazırlayıb. Xurşudbanu Natəvana həsr olunmuş “Əziz Şuşa” və məktəblilərin vətənpərvərlik ruhunun yüksəldilməsinə həsr olunmuş “Sən də general ola bilərsən” videoçarxları üzərində də iş gedir. Eyni zamanda həm ön, həm də arxa cəbhədə insanların yumor hissinə hesablanmış, şərti adı “Təbəssümün 44 anı” olan tamaşa hazırlanacaq.

Cari repertuarında Qarabağ mövzusunda əsərlərə daim yer verən Sumqayıt Dövlət Dram Teatrında hazırda Hafiz İmamnəzərlinin “İnsanlıq dini” adlı birpərdəli pyes üzərində iş aparılır. Eyni zamanda iki mövzu üzrə dramaturqlara müraciət edilib.

Sorğu zamanı diqqətçəkən və elə teatrları narahat edən əsas məqam isə mövzunun səhnədə yüksək bədii həllinə imkan yaradan dramaturji materiallarla bağlı idi. Düşünürəm ki, bu xüsusda rejissorlarla dramaturqların birgə işi vacibdir. 44 günün zəfər yolu ən qısa zamanda səhnədən də keçməlidir...

Həmidə NİZAMİQIZI