Azərbaycan mədəniyyətinə itki üz vermişdir. Tanınmış teatr və kino aktyoru, respublikanın Xalq artisti, Prezident mükafatçısı Əjdər Qüdrət oğlu Həmidov 2020-ci il noyabr ayının 24-də ömrünün 67-ci ilində vəfat etmişdir.
Əjdər Qüdrət oğlu Həmidov 28 sentyabr 1953-cü ildə Şabran rayonunun Mollakamallı kəndində anadan olmuşdur.
1979-cu ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsini bitirmişdir. Təyinatla Sumqayıt Dövlət Dram Teatrına göndərilən gənc aktyor bu teatrın səhnəsində Vəzir (“Lənkəran xanının vəziri”, M.F.Axundzadə), Qulu (“Tamahkar”, S.S.Axundov), Milis (“Bəxt üzüyü”, V.Səmədoğlu), Həfçi Məlik (“Adamın adamı”, Anar), Sərsəri (“Bütün Şərq bilsin”, N.Həsənzadə), Dursunəli (“Dursunəli və ballıbadı”, S.Qənizadə) və s. müxtəlif səpkili rollar oynamışdır.
1990-cı ildə Akademik Milli Dram Teatrının heyətinə qəbul edilən Əjdər Həmidov bu sənət ocağında bir-birindən maraqlı obrazlar yaratmışdır. Aktyor bu illər ərzində Şeytan (“Özümüzü kəsən qılınc”, B.Vahabzadə), 1-ci kafir (“Burla Xatun”, N.Xəzri), Daşdəmir (“Bu dünyanın adamları”, H.Orucov), Vanya yüzbaşı, Müxbir, Fərəc, Almurad (“Hökmdar və qızı” – “Qarabağnamə”, “Dəlilər və ağıllılar”, “Boy çiçəyi”, “Mənim günahım” İ.Əfəndiyev), Məşədi Oruc, Hacı Kazım, Məkkə Məhəmməd (“Ölülər”, “Dəli yığıncağı”, C.Məmmədquluzadə), Şou-Zəli (“Hələ sevirəm deməmişdilər”, R.Novruz), Dito (“Kaş araba aşmayaydı”, O.İoseliani), Əmir (“Füzuli və Əsmər”, M.Seyidzadə), Əzrail (“Teleskop”, Elçin), Yəhudi (“Qadın məhəbbəti”, V.Hüqo), Nəcəf (“Qürbətdən gələn məktublar”, H.Həsənov), Balarza (“Almaz”, C.Cabbarlı) və başqa müxtəlif xarakterli obrazlarla geniş tamaşaçı auditoriyasının rəğbətini qazanmışdır.
Kinoda da özünəməxsus aktyor oyunu ilə seçilən Əjdər Həmidov “Azərbaycanfilm”in istehsal etdiyi “Kişi sözü” (Qasım), “Lətifə” (Əhməd), “Hacı Qara” (Kərəməli) və s. filmlərdə, “Yoxlama” (Müfəttiş) çoxseriyalı televiziya filmində maraqlı obrazlar yaratmışdır.
Əjdər Həmidov 2002-ci ildə respublikanın “Əməkdar artisti”, 2018-ci ildə “Xalq artisti” fəxri adlarına, habelə müxtəlif illərdə Prezident mükafatlarına layiq görülmüşdür.
Milli teatr və kino sənətimizin zənginləşməsində öz dəst-xətti olan, sənət ömründə öz təbiiliyi, həyatiliyi, emosional təsiri ilə seçilən obrazlar qalereyası yaratmış Əjdər Həmidovun xatirəsi onu tanıyan, sevən çoxsaylı tamaşaçıların, eləcə də sənət dostlarının, həmkarlarının qəlbində yaşayacaqdır.
Allah rəhmət eləsin.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi