Bu Qələm tək elə ruslara yox, bütün dünya xalqlarına məxsus...
(Doğru-dürüstlük, insaf-mürüvvətlik xüsusiyyətlərinə görə daha çox da bizə...)
Adı “Tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər” siyahısına düşmüş bu... “istismarçı Çar Rusiyası”nın kübar (“meşşan”, “qolçomaq”) sinif nümayəndəsini sabiq proletar-bolşevik hakimiyyəti öz sovet-sosialist yazıçılarından da yüksək qiymətləndirirdi. Ancaq, dünyanın qiymətləndirdiyi Ustadlığı prizmasından daha çox, zadəganlıq titulundan imtina etməsinə, bu hökumətin ictimai-sosial “sevgi”sinin (guya) yeganə mənbəyi olan fəhlə-kəndli sinfinin sələflərini dəstəkləməsinə görə...
Ötən əsrin 70-lərində bizim universitet professorlarından biri (“Lev Nikolayeviçin “Hərb və sülh”dəki surətlərin hansınısa unutmasın deyə, hər gün öz əli ilə düzəltdiyi şkafın 5 yüzdən çox gözcüyünə yerləşdirdiyi adlara baxırdı” kimi faktlardan şövqlə danışdığı dəmdə) auditoriyamızı dəruni bir hüznlə süzüb: “Çox-çox təəssüflər ki, bu böyük çarizm əleyhdarı bütün siniflərdən üstün tutduğu yoxsulların – fəhlə-kəndlilərin hakimiyyətə gəlişindən yeddicə il tez getdi...”.
Özümüzə dair mənfi çalarlı bu eyham ardınca sənədli bir tarixçə; qəlbi tək elə rus “mujik”lərinə yox, Çar İmperiyası müstəmləkəsində olan “periferik məzlumlar”a mailən də rəhmdilliklə döyünən böyük Qələm İmperatoru 1880-də A.Fetə məktubunda Azərbaycan mütəfəkkiri M.Ş.Vazehin əsərlərindən böyük zövq aldığını qeyd edib, 1907-də Yasnaya Polyanaya gələn iki soydaşımızı (Hacağa Abbasov və Sultanməcid Qənizadə) hədsiz maraq və sayğı ilə (avtoqrafıyla “Hərb və sülh”ü hədiyyələməsi və s.) qarşılayıb...
Nəhayət, özəl-özgür düşüncələrinə rəğmən diriliyində də, yoxluğunda da xeyli o yan-bu yan söz-söhbətə, yayğın-yanlış münasibət və müzakirələrə hədəf olmuş bu azman sənətkar, bu bənzərsiz, izdihami xarakterlər imperatoru (həyat-yaşam kataklizmləri də dahiyanə hesab ediləsi) –
Bu dahi –
iki əsrə yaxındır ki, hərb və sülh kimi “aborigen” bir anti-tandemin şəriksiz rəmzi, qadınlığın Anna Karenina zirvəsinin fatehi, bəşəri qısqanclıq simfoniyalarının akkordu sayılası “Kreyser sonatası”nın qələm-çubuq Dirijoru, Vətəni (çoxsaylı yazı-pozuçular Rusiyası!) üçün hələ də müəmma sayılan Qafqaz xarakterinin “Hacı Murad” kəşfkarı (sadalanması mümkün olmayan obrazlar qalereyası sahibkarı) olaraq yaşamaqda…
Yeri gəlmişkən, bu an müəllif ruhunu qutlamaqçün “Hacı Murad”dakı (ədəbi “epiqriz” sayılası) fraqmentlərdən birini xatırlayaq; qılınc, əsirlikdən qaçırkən yaxalanmış Hacı Muradın boğazına dirənincə, “bəs arvad-uşaq necə olacaq” (qafqazlı namusu!) deyə fikirləşir. İkinci həmlədə oğlunun gələcək taleyi haqda təlaş... və… elə ki qılınc iliyə işləyir, o ana qədər heç bir qorxu-hürkü yaşamamış bu dağlar cigidi “yalnız öz həyatı, ömrün sona yetdiyi haqda düşünürdü”…
İki yüz ildir –
bütün dünya dillərinin ən sevimli toponimlərindən birinə çevrilmiş Yasnaya Polyana doğumlu (9 sentyabr 1828), Yasnaya Polyana dəfnli (23 noyabr 1910) bu böyük yazıçı, publisist və filosof elə bu sahələr üzrə həmkarları tərəfindən çeşidli öygü-təriflərə, cürəbəcürə tənqid-təfsirlərə də məruzluqda...
Bir qisim deyir, necə ola bilər axı, varlı bir ailənin övladı olan, kiçik yaşlarında ana-atasını itirib, xala-bibi himayəsində yaşayan bu adam yoxsul kütləni o sayaq sevib-müdafiə edə ki, sonda sevimli xanımı və on iki övladının çoxusu ilə çəpləşərək baş götürüb qaça və bir stansiyada ölü tapıla? Çağdaşı olmuş bəzi “şünaslar” isə, evlənənədək haqq-ədalət uğruna mübarizədən “məni düzgün başa düşmürlər” iddiasıyla uzaqlaşıb “içki və qadın dövrü” yaşamış bu ədibin əməllərilə yazıları arasında uyğunsuzluq olduğunu bildiriblər. Hələ avropalılar içərisində, gənc ikən müharibədə döyüşüb qan da tökmüş bu rus fərdin sənətkarlıq humanizminə barmaqarası baxanlar da az olmayıb. Ancaq (hansı ki), bu keçmiş topçu 1905-də rus-yapon savaşına qol qoyan Çara qarşı şiddətilə rus xalqını tən ikiyə bölüb; bir tərəf “Nikolay – Savaş!”, bir tərəf “Tolstoy – Sülh!”...
Bəs bu Əbədiyyət Ədibi dünyanın “qızıl orta” mətləbinə haçan gətirilib-gələsi?...
Zənnimizcə, heç zaman. Belədə o heç “Lev Tolstoy!” olmazdı ki...
Bəs nə etməli?
Heç nə. “Mən Allaha inanıram, Onu hər şeyin başlanğıcı, ruh və sevgi kimi qavrayıram. Mən ondayam, o da məndə. Və hamının İsanı Tanrı kimi qəbul edib, ona dua etməsini ən böyük günah sayıram” demiş bir Bəndəni çözüb sona varmaq oqədərmi asan (bu an bu sənət zirvəkeşinin məkan çiyindaşlarından birinin məşhur xitabına əşhədi-ehtiyac), “ey təbib”?!...
Bəli, bu dünyanın dür-düşüncə dirriyinə (oxu: diriliyinə): “İnsanı bədən əməliyatı üçün uyutmak, ruhi əməliyatçünsə oyandırmaq gərək”, “Həyatda yaxşılığa mail nə varsa əks etdirən əsl sənətkarların əsərləri gözəl, həyatları isə bunun əksi olur” kimi fikirlər əkmiş bir Hadisə-Adamı statistika üzvlərilə eyniləşdirməməli...
Yüz on ildir (vəfatından bugünə) sadədil bəşər dilindən bir gün belə düşməyən bu sənətkar haqda dünyanın ünlü araşdırıcıları, məşhur şünaslar, publisistlər minlərlə söz deyib-fikir bildirsələr də, “Tolstoy kimdir” sorğu-sorusu hələ də ortada...
Və bəndəniz də (bir “məqaləçi” olaraq), bu total sualı – yazı boyu onun öz sözlərinin (əsasən də – şəxsi həyat olaylarını aynalayan frazalarının) müşayiətilə cavablandırmaq “qərar-qətnamə”sinə gəldi.
Beləliklə, –
başladıq (təbii ki, cocuq dövranlılarından):
“Şagirdlər heç bir şeyi müəllimlərin səhvləri qədər möhkəm yadda saxlamırlar”.
Bu deyimin müəllifin (çox çalışqan, fəhmli-savadlı birisi ola-ola) tez-tez dəyişməli olduğu, yarımçıq buraxdığı, bəzilərindənsə nifrətlə üz döndərdiyi (və sonralar “Uşaqlıq” adlı çox maraqlı bir povestə çevirdiyi) orta və ali məktəb macəralarından da qaynaqlandığının fərqinə varmalı.
Hələ on iki övladından 7 yaşında öləninin öz qeyri-adi qabiliyyətilə (böyük rəssam Repinə ingilis dilini öyrətməsi və s.) bağlı bir suala cavabı: “Yeddi-səkkiz yaşlı normal uşaqla yetmiş-səksən yaşlılar arasında yalnız təcrübə fərqi var”...
Dünya öz axar-gərdişində, bu dünyadəyərli də daha dərinliklər peşində:
“Adi adamlardan uca duran şəxs həmişə yalqızdır”...
Hə, Qafqazda keçən hərbi xidmət illərindən sonra zabit kimi qatıldığı (1854) Krım müharibəsindən qaynar Peterburqa, ardınca doğma Yasnaya Polyanasına qayıtmış olsa da, daha sonra uzunmüddətli Avropa səyahətinə (bütün ömrü boyusa yüzə-yüz həmfikir axtarışına) çıxsa da, kəndində açdırdığı (maarifçilik və tədris baxımından yeni) məktəb və ”Yasnaya Polyana” adlı pedaqoji jurnal nəşr etdirməsilə ilgili özünü azacıq da olsa, rahatçılığa qovuşmuş kimi hiss edib 34 yaşında evlənmə qərarına gəlsə də, “Rusiyalı zəngin” (hər mənada) imicindən daha çox “Rus narahatı” kimi məşhurlaşan bu şəxsiyyət yenə bir ruhi sakitlik, çoxdan bəri içində axtardığını tapmayıb...
Bu məqamda filosof-ədibdən gətirəcəyim trio-fraza bir mətləb konsensusluğu yaradardı:
“Vətənpərvərlik təkcə vətəni sevmək deyil, daha dərin hadisədir”, “Öz ağrısını hiss edən – sadəcə canlı, başqasının ağrısını hiss edən – insandır”, “Sadəlik, xeyirxahlıq və dürüstlük olmayan yerdə böyüklük yoxdur”...
Bir fərd tərəfindən izhar edilmiş bu qənaətlər yaranışdan bugünə (elə sabahlara da) yaşanan üç ünumbəşəri ictimai-siyasi-sosial akt. Birincisi – onadək artıq istedadlı bir yazar kimi tanınmış bu gəncin “heç kəsə fərq qoymayan” müharibəyə atılması, ikincisi – Qafqaz savaşı dönəmində oradakı məzlum xalqların “yoxsulluq və yurdcanlılıq mənzərələri”nin hekayət-portretlərini yaratma (“başqasının ağrısını hissetmə”), üçüncüsü – kilsəyə qapandığı müddətdə saxtakar “mömin”lərlə dartışmalar (“Tanrının varlığı içimizdədir” kitabıyla yeni bir xiristianlıq cərəyanı yaratmaq istəyinə rəğmən pravoslav kilsəsi tərəfindən qovulması), çörəyi əkib-becərənlərlə onu yalnız yeyənlər arasındakı ədalətsiz çəkişmələrə bir (əslində, analoqsuz) zadəgan baxışı...
Böyük müdrikin özgəliklərə dair dediklərindən bir nəfəslik ayrılıb, “avtoportret” mayalı fikirlər dünyasına varaq:
“Həqiqi sənətkar təkcə “başının ağlı” ilə deyil, həm də “ürəyinin ağlı” ilə yaşayır”, “Sevgi ilə məharət bir araya gələndə, sənət incisi yaranır”, “Vicdan – insan həyatının ən doğru yolgöstəricisidir”, “Bütün xoşbəxt ailələr bir-birinə bənzəyir, bədbəxt ailələrinsə hərəsi bir cür bədbəxtdir”.
Bu frazaların sonuncusu, həm də, bayaqdan keçid etməyə tələsdiyim ən dünyəvi, ən populyar, ən qalmaqal bir məsələ-mətləbə ayaqdır. Mahiyyət iksiri dünya durduqca tam aşkarlanmayası bu mövzunun əbədi “baş qəhrəmanı”, bu sarıdan başı bəlalar çəkmiş ədibin növbəti deyiminin özündə bəllənir:
“Qadın elə bir mövzudur ki, –
onu nə qədər araşdırsan da, hər vaxt yenidir”.
Öncə deyim ki, dünyanın “Lev Tolstoy dünyası” ilə məşğul kontingenti içərisindəki “eybicu” qismin bu rus dahisini ittihamladığı iki (qadın və qumar) “maddə” ilə bağlı düşünəndə həmişə bizim öz milli beytlərimizdən birini xatırlayıram: “Hərcayıdan, müxənnəsdən, nakəsdən Nə söz qaldı sənətkara dəyməmiş!”.
Hə, otuz dördündə evləndiyi (və ona sevgisini “heç belə aşiq olacağımı düşünməmişdim” sözlərilə ifadə etdiyi) on səkkiz yaşlı Sofiya Tolstaya (qızlıq soyadı Bers) öz xatirələrində məhz ərinin onu qısqandığına dair serial situasiyalar (“mənim sevimlimin ağlına hərdən nə gəlirdisə, bağ-bağçanın qalın güşələrinə girib arxası üstə uzanar, saatlarla fısıldayardı” kimi təsvir-təəssüratlar) verdiyi halda, ədəbi macərabazların bu bəşəri Nümunə kişinin Obrazında niyə məhz bu boz (qafiyələnmə qismətinə görə öz adıyla da deyək: baz) rəngi qabartmağa çalışdıqlarını anlamaq olmur...
Bəli, bu məsələdə “əmma” ərlə bağlı olsaydı, xanım öz “Xatirələr”inin üstündə “vəfatından 50 il sonra çap edilsin” (yəni şahidlərin yoxluğunda...) yazmazdı.
Bu anlar “yazımın başlığında izhar edilən əsas nəsnəni (“surətlər”i) ifadəyə yer qalmır” narahatlığımla bahəm, “bu azman ədiblə bağlı hər nüansın özü bir surət, bir obrazdır” qənaətindəyəm də. Bunlardan bir neçəsi də indi qeyd edəcəklərim. Ölümə qaçış anlarında gündəliyinin son səhifələrini oxuyası sevimli (yeganə sirdaş) Aleksandrasının keçirəcəyi təlaşla ilgili üzgün xəyalatlara dalması, yaxalanma qorxusuyla necə titrəməsi, həm “zəhmətkeş” (tək elə “Hərb və sülh”ünün üzünü yeddi dəfə köçürüb səliqəyə salmış), həm “zəhləkeş” Sofyasının “vida məktubu”nu oxuyurkən nə sayaq çılğınlaşması, onu əfv etdiyi cümləyə çatdıqda isə ilahi bir mütəəssirliklə bayılması...
Yaxud elə “Gözəl olan sevgili deyildir, sevgili olan gözəldir”, “Nə qədər insan varsa – o qədər düşüncə, nə qədər ürək varsa – o qədər sevgi tərzi var”, “Heç nə etməyən səhvə yol verməz; əslində bu, onun elə əsas səhvidir”, “Bilirsiz biz nə qədər mümkünsüz ədalətliliklər də istəyirik? Məsələn, həm qurdların doymasını, həm də qoyunların sağ qalmasını” kimi postulat-obrazlar bu çarizm ədibinin bolşevik xələflərinə məxsus “Çapayev”, “Korçagin”, “Pelageya Nilovna” kimi zorən-obrazlardan daha canlı deyilmi?
Nəhayət... ahıl çağlarında “Yalnız ölmək istəməyəni xilas etmək mümkündür” demiş bu kürrüeyi-ərz dühası tam aqil yaşında evindəki “dır-bır”lara (xüsusən də varidatından yoxsullar nəfinə imtina etmək fikrilə bağlı) dözməyib, malikanəsini tərk edib və dünyanın əbədi olaraq hüznlə xatırlayacağı bir stansiyada ölü tapılır...
Bunu, böyük filosof-ədibin qəlb dünyasına adekvat olmayan “bu dünya”dan “o dünya”ya qaçış kimi də paraflamaq mümkün...
Daha nə yazmalı, nə deməli?
Heç nə... Barəsində var edilmiş qədir-qiymət dəryasına bir damlacıq hesab etdiyim bu yazını elə onun öz frazalarından biriylə bitirməli: “Ya sus, ya bundan qiymətli söz söylə!...”
Tahir ABBASLI
Yox, bir “P.S”-ə də ehtiyac duydum:
Yaxşı ki, o imperxislət xalqın “Azadlığa təzyiq göstərməklə, ona meyli daha da gücləndirmiş oluruq” doktrinli belə bir övlad-hökmranı da varmış, yoxsa, elə bu bəşər aqilinin söylədiyi; “İnsanlara ən ədalətli şəkildə paylanan nemət ağıldır; heç kəs ondan şikayətçi deyil” məsələsi...