Noyabrın 27-də Ankara Opera və Balet Teatrında Azərbaycana dəstək məqsədli bədii proqram təqdim edildi. Proqram ölkəmizin Türkiyədəki səfirliyi, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu (TADƏHF) və Anadolu Mədəniyyətlərinin Araşdırılması və İnkişafı Dərnəyinin dəstəyi ilə təşkil edilmişdi.
“Azərbaycanlı şəhid çocuqların xatirəsinə” adlı konsert tanınmış fleyta ifaçısı Şəfiqə Kutluərin təşəbbüskarı olduğu festival çərçivəsində gerçəkləşdi. “11-ci Uluslararası Şəfiqə Kutluər festivalı”nın konsertləri 18 noyabr – 21 dekabr arasında Türkiyənin fərqli mədəniyyət və tarixi irs məkanlarında müxtəlif ölkələrdən musiqiçilərin iştirakı ilə təqdim edilir.
“Bu gün dünyada davam edən müharibələrdə, çox təəssüf ki, dinc insanlar, o cümlədən uşaqlar da həyatlarını itirirlər. Azərbaycanın haqlı davasında şəhid olan körpələrin əziz xatirəsi üçün bu konserti təşkil etdik”, – deyə Şəfiqə Kutluər proqramdan əvvəl çıxışında bildirib.
Proqramda Ankara Opera və Balet Teatrının solisti Şənol Talınlı Azərbaycan xalq mahnılarını, tanınmış bəstəkarlarımızın məşhur musiqilərini ifa edib.
Solistlər Şəfiqə Kutluəri və Şənol Talınlını Ankara Opera və Balet Teatrı orkestrindən azərbaycanlı pianoçu Nailə Əhmədova, tarzən Murad Akçay, violonçel ifaçısı Sevinc Əliyeva müşayiət edirdi.
Azərbaycanın Vətən müharibəsində qazandığı zəfəri tərənnüm edən musiqiçilər tamaşaçılar tərəfindən rəğbətlə və alqışlarla qarşılandı.
Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim ifaçılara ölkəmiz adına təşəkkür etdi.
TADƏHF rəhbəri Aygün Əttar qeyd etdi ki, Ankara Opera və Balet Teatrının ifaçılarının iştirakı ilə belə bir konsert proqramının Şuşada da keçirilməsi nəzərdə tutulub.
O da bildirildi ki, konsertdən əldə olunan vəsait işğalçı Ermənistanın Azərbaycana son hücumları zamanı şəhid olan uşaqların ailələrinə veriləcək.
Qeyd edək ki, Ankara Opera və Balet Teatrının foyesində Azərbaycanın Türkiyədəki səfirliyi tərəfindən fotosərgi də təşkil edilmişdi. Sərgidə noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Ağdam şəhərinə səfərini və Ağdam məscidinin ziyarət edilməsini, həmçinin Qarabağda doğulmuş görkəmli şəxsiyyətlərin, Azərbaycanın tarixi yerlərinin füsunkar təbiətini əks etdirən fotolar nümayiş olunur.
Mehparə SULTANOVA
Ankara