Turizm mövsümünün qızğın çağıdır. Respublikamızın yüzlərlə motorlu nəqliyyat vasitələri olan səyahətçiləri öz məzuniyyətlərini, asudə günlərini meşəlik ərazilərdə, çay, göl, dəniz sahillərində keçirirlər. Güman edirəm ki, hazırda avto və mototuristlərə təbiət qoynunda əsas davranış, ətraf mühitə qayğı ilə yanaşma qaydalarını xatırlatmağın əsl vaxtıdır.
   
   Öz marşrutlarınızda yalnız motorlu nəqliyyatın keçməsi üçün icazə verilən yerlərdən istifadə edin. Çaylara, göllərə, ot ortüklərinə yanacaq və mühərrik yağlarının qalıqlarını boşaltmayın. Maşınlarınızı istirahət və çimərliklərə yaxın yerlərdə yumayın. Təbiəti tullantılarla zibilləməyin, sizdən sonra bu yerlərə gələnlərin sağlamlığı və təhlükəsizliyi haqqında düşünün. Unutmayın ki, kağız tullantısı iki ildən sonra çürüyür. Çaylar, göllər, su anbarları sahillərindəki bitkilərin zədələnməsinə yol verməyin. Bu yerlərdə bitkilər mühüm su mühafizəçisi rolunu oynayır. Suqoruyucu zolaqların yaxınlığında odla ehtiyatlı olun, yanğın meşəni məhv edib torpağı müdafiəsiz qoymuş olar.
   Erroziyaya meyilli sahələrdə düşərgə qurmayın. Turist yürüşləri zamanı çalışın ki, otlar çox tapdanıb xarab olmasın, yarğan təpəliklərində, yamaclarda yaşıllıqlar zədələnməsin. Buralarda olan yaşıllıq torpağın bərkidilməsinə kömək edir, yarğan və çala-çuxurların artmasının qarşısını alır. Canlı ağacları kəsib-doğrayaraq koma, sığınacaq, sipər düzəltməyin.
   Yürüşə çıxarkən özünüzlə hava ilə doldurulan döşəklər, yataq torbası, adyal, çadır quraşdırmaq və tonqal yandırmaq üçün lazımi ləvazimat və əşyaları götürməyi unutmayın.
   Tonqal üçün əsasən su hövzələrinə yaxın, xüsusi ayrılmış açıq yerləri, köhnə tonqal yandırılan yerləri və ya çoxdan tapdalanmış meydançaları, açıq talaları seçmək lazımdır.
   Yaşıl çəmənlikdə tonqal yandırmaq məcburiyyəti yaranarsa, tonqal üçün nəzərdə tutulan ərazidəki otlar bel vasitəsilə ehmallıca qazılaraq götürülməli və kənara qoyulmalı, tonqal söndürüldükdən və yeri soyuduqdan sonra həmin ot kütlələri əvvəlki yerinə qaytarılaraq torpağa basdırılmalıdır. Tonqalı ağacların yaxınlığında yandırmaq olmaz. Quru qamış, qarğı, mamır və ot olan yerlərdə və ya torflu ərazilərdə tonqal yandırmaq təhlükəlidir. Cavan iynəyarpaqlı ağaclar bitən yerlərdə, ağacları kəsilmiş meşəliklərdə tonqal yandırmaq qəti olmaz. Çünki bu yerlərdə alov sürətlə yayılaraq böyük yanğına səbəb ola bilər.
   Səyahətə odlu silah aparmazdan öncə bilməlisiniz ki, yalnız ovçular cəmiyyətinin üzvlərinə vəhşi heyvan və quş ovlamağa icazə verilir. O da müəyyən vaxtlarda, yerlərdə və normalara riayət etmək şərtilə həyata keçirilir. Yaxşı olar ki, silahın əvəzinə fotoaparat götürəsiniz. "Fotoovçuluq" çətin olsa da, əldə olunan şikar və qənimət daha sərfəli və uzunmüddətlidir.
   Əgər siz quşların nəğməsini eşitmək, çeyran, maral və ya dələ görmək, meşədə həqiqətən istirahət etmək istəyirsinizsə, radioqəbuledicini işə salmayın və əlavə səs-küy yaratmayın.
   Səyahət marşrutunu nəzərdən keçirərək hansı görməli, maraqlı obyektlərlə yol boyu rastlaşacağınızı öncədən özünüz üçün qeyd edin. Onların arasında mühafizə olunan təbiət abidələrinə - park, yasaqlıq, qoruq və s. baş çəkmək üçün hansı məhdudiyyətlərin olduğunu aydınlaşdırın. Yaddan çıxarmayın ki, bu yerlərdə yaşıllıqlara, qayalara, qədim abidələrə və s. xüsusi ehtiyatlı münasibət tələb olunur.
   Ağac və kolların əkilməsində fəal iştirak etmək, meşələrə qulluq etmək - turistlərin ictimai-səmərəli fəaliyyətlərinin ən yaxşı növlərindəndir və təbiətin mühafizəsinə ən gözəl hədiyyədir.
   
   Sabir Rəhimov,
   Respublika Turizm və Ekskursiyalar Şurasının sədr müavini







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar