Çinin Pekin və Quanqjo şəhərlərində IV Beynəlxalq İpək Yolu Teatrlar Liqasının onlayn forumu keçirilib. Forum Çin Xalq Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Çin Mədəniyyət və İncəsənət Assosiasiyası (CAEG), Beynəlxalq Əməkdaşlıq və Mübadilə Fondu tərəfindən təşkil olunub. İpək Yolu Teatrlar Liqasında təmsil olunan 42 ölkədən 124 teatr forumun işində iştirak edib.

Azərbaycan tərəfdən ilk dəfə olaraq bu təşkilata Dövlət Akademik Opera və Balet Teatrı üzv seçilib. Builki forumda İpək Yolu regionunun iki tanınmış kollektivi – Abay adına Qazaxıstan Dövlət Akademik Opera Teatrı və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təntənəli təqdimat mərasimi keçirilib.

Forumun açılışında Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı da təqdimatla çıxış edib.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri, Əməkdar artist, beynəlxalq müsabiqələr laureatı, Çinin Kunminq Filarmonik Orkestrinin dəvətli dirijoru Əyyub Quliyevin iki məruzəsi dinlənilib.

Məruzələrdə ölkəmizin musiqi mədəniyyəti və Akademik Opera və Balet Teatrının tarixindən, teatr səhnəsində qoyulmuş tamaşaların ifaçılıq sənətimizin inkişafındakı rolundan bəhs edilib. Forumda Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına həsr olunmuş video və audio çarxlar da təqdim olunub.

Forumun sonunda iki dünya şöhrətli musiqi xadimi – bəstəkar Tan Dun (Çin) və  dirijor Şarl Dütüa (İsveçrə) İpək Yolu Teatrlar Liqasına bədii üzv seçilib.