Beynəlxalq Muğam Mərkəzi (BMM) Azərbaycanın qədim sənət beşiyi olan Qarabağ bölgəsinin musiqi irsinin təbliği ilə bağlı layihələrini davam etdirir. “Qarabağın musiqi xəzinəsi”ndə növbəti mühazirə görkəmli bəstəkar Süleyman Ələsgərova həsr edilib. Layihənin ideya müəllifi BMM-in direktoru, Xalq artisti Murad Hüseynovdur.

Xalq artisti, Dövlət mükafatı laureatı, tanınmış pedaqoq, ictimai xadim, professor Süleyman Ələsgərov Azərbaycan musiqi tarixində özünəməxsus yer tutan bəstəkarlardan biridir. Xalq yaradıcılığından bəhrələnən bəstəkarın özünəməxsus dil üslubu, fərdi yaradıcılıq xüsusiyyətləri onun bütün əsərlərində diqqəti cəlb edir.

Süleyman Ələsgərov 1924-cü il fevralın 22-də Şuşada doğulub. 1948-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Respublika Radio Verilişləri Komitəsində xalq çalğı alətləri orkestrinin dirijoru (1943), Azərbaycan Dövlət Musiqili Komediya Teatrının baş dirijoru, musiqi hissə müdiri (1944-1948), Dövlət Kinematoqrafiya Komitəsinin kinoteatr orkestrlərinin bədii rəhbəri (1949-1951), M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası mahnı və rəqs ansamblının bədii rəhbəri (1951-1952), Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunun direktoru (1952-1954), Mədəniyyət Nazirliyinin İncəsənət işləri idarəsinin rəisi (1954-1956), Azərbaycan Dövlət Musiqili Komediya Teatrının direktoru və baş dirijoru (1960-1971), Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında Xalq musiqisi, xalq çalğı alətləri kafedrasının müdiri, professoru (1971-1998) vəzifələrində çalışıb. 1972-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqının Qarabağ filialının rəhbəri olub.

Bəstəkarın yaradıcılığında operetta janrı əsas yer tutur. “Məhəbbət gülü” (1945), “Ulduz” (1948), “Özümüz bilərik” (1962), “Olmadı elə, oldu belə” (1964), “Milyonçunun dilənçi oğlu” (1966), “Hardasan, ay subaylıq?” (1968), “Sevindik qız axtarır” (1970), “Həmişəxanım” (1971), “Subaylardan görəsiz”, “Gurultulu məhəbbət” operettaları uzun illər Musiqili Komediya Teatrının repertuarında xüsusi yer tutub. Bəstəkar həmçinin “Bahadır və Sona”, “Solğun çiçəklər” operaları, bir neçə kantata, “Gənclik” və “Vətən” simfoniyaları, “Bayatı-Şiraz” simfonik muğamı, simfonik poema və süitaları, tar konsertlər, 200-ə qədər mahnı və romansın, “Tarantella”, “Rəqs-tokkata”, “Rondo”, “Aşıqvari”, qanun aləti üçün yazdığı “Poema” (“Rapsodiya”) və digər əsərlərin müəllifidir.

Süleyman Ələsgərov 2000-ci il yanvarın 21-də dünyasını dəyişib.